Dünyanı sarsıdan epidemiyalar haqqında üç məşhur əsər Oğuz Ayvaz yazır

OĞUZ AYVAZ

Daniel Defo 1660-cı ildə Londonda doğulub. Akademik təhsilə yiyələnsə də ticarətlə məşğul olmağa başlayan Defo bir müddət sonra siyasi jurnallara yazılar yazıb. Daniel Defo 1719-cu ildə yazıçı dünya ədəbiyyatının şedevrlərindən biri hesab olunan "Robinzon Kruzo" romanını sona çatdırır. 1722-ci ildə isə Londonu bürüyən vəba epidemiyası haqqında "Vəba ilinin gündəliyi" adlı roman yazır.

"Vəba ilinin gündəliyi" romanı bəşər tarixində dərin iz buraxan vəba epidemiyasından bəhs edir. 1665-ci ildə Londonda başlanan epidemiya nəticəsində təxminən yüz minə qədər insan həyatını itirir. Deyilənlərə görə romandakı hadisələr yazıçının əmisinin vəba günlərində yazdığı gündəliklər əsasında qələmə alınıb.

1664-cü ilin noyabr ayında Londonda iki nəfər fransalı kişinin ölümü ilə başanan əsərdəki sonrakı hadisələr birinci şəxsin dilindən nəql olunur. Get-gedə artmaqda olan xəstəlik əvvəlcə kiçik bir kəndi, daha sonra bütün şəhəri əhatə edir. Nəqlçi vasitəsi ilə oxucu Londonda baş verən epidemiyanın yayılmasının ən acı nəticələrinin şahidi olur. Epidemiya gənc, qoca, zəngin, kasıb demədən gün-gündən artıb yayılır. Hər gecə kütləvi məzarlarda basdırılan minlərcə cəsədi gözləri ilə görən bir çox sağlam insan öz ölüm növbəsini gözləyərkən, digərləri qorxudan intihar yolunu seçirlər.

"Qırmızı vəba"

Cek Londan 1876-cı ildə San-Fransisko şəhərində anadan olub. Yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır.

"Dəmir daban", "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir. Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir, həddindən artıq ağrıkəsici qəbul edir. Cek London 1916-cı ildə Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.

"Qırmızı vəba" romanı ilk dəfə 1912-ci ildə London jurnalında nəşr olunub. 1915-ci ildə isə ayrıca çap olunub. Roman bütün bəşəriyyətin ölümünə səbəb olan "Qırmızı vəba" adlandırılan epidemiyanın səbəb olduğu bir fəlakətdən bəhs edir. İngilis ədəbiyyatı professoru Ceyms Smit nəvəsi Edvin ilə səyahətə çıxır. Səyahət zamanı Ceyms 2013-cü ildə dünyanı bürüyən qırmızı vəba haqqında yadında qalanları nəql etməyə başlayır. Xatirələr yaşlı kişinin 60 il keçmişə aparır...

2013-cü ildə bilinməyən bir xəstəlikdən bir neçə insanın öldüyü barədə məlumatlar yayılır. Üzündə qırmızı ləkələr əmələ gələn xəstələr bir saat içərisində ölürlər. Ölülərin cəsədləri tez bir zamanda çürüyür, buna görə də mikroblar sürətlə ətrafa yayılmağa başlayır. Tədqiqatçılar heç bir müalicə üsulu tapa bilmirlər və onlar da xəstələnib ölürlər. Yer kürəsində cəmi 350-400 nəfər qalır. Xilas olunan nəsillər ibtidai həyat tərzi keçirir, ovçuluq və maldarlıq hesabına dolanırlar, oxumaq bacarıqlarını itirirlər.

"Taun"

Alber Kamyunun 1944-cü ildə qələmə aldığı "Taun" romanında hadisələr Əlcəzairin şəhərlərindən biri olan Oranda başlanır. Əsərdə taun epidemiyasına qarşı insanın mübarizəsi əks etdirilir. Bu xəstəlik vasitəsilə yazıçı insanların ölümün bir addımlığında olduqları zaman düşdükləri psixoloji vəziyyəti, onların özləri ilə, öz vicdanları ilə daxili hesablaşmasını, həyat öz adi axarı ilə davam etdiyi zamanlarda fərqinə vara bilmədikləri xırdalıqlara necə diqqət ayırmalarını, dünənə kimi əllərini uzatsalar çata biləcəkləri qədər yaxınlarında olan doğmalarından, həyat yoldaşlarından, sevgililərindən, dostlarından gözlənilmədən ayrı düşməyin onlarda yaratdığı əbədi ayrılıq qorxusunu oxucuya çatdırır. "Taun" həm də faşizmi simvolizə edir. İnsanların bəzi şeyləri yalnız başlarının üstünü bəla aldığı zaman, fəlakətə düçar olduqda dərk etdiyini göstərir. Taun epidemiyası başlayanda şəhərdən çıxış qadağan edildiyi üçün öz ölkəsinə qayıda bilməyən və sevdiyi qadından ayrı düşən jurnalist Ramber əsərin əsas qəhrəmanlarından biridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31