"Tramp və Tehran razılaşdı!" — 12 illik nüvə qadağası və sanksiyaların ləğvi: Şok detallar üzə çıxdı

ABŞ və İran rəsmi şəxsləri mövcud hərbi münaqişəyə son qoyacaq və nüvə danışıqlarını bərpa edəcək 14 bəndlik tarixi memorandumun imzalanmasına çox yaxındırlar.

Musavat.com xəbər verir ki, "Axios" nəşrinin yaydığı məlumata görə, tərəflər arasında əldə olunacaq razılaşma regionda və dünyada qüvvələr nisbətini tamamilə dəyişə bilər. Təklif olunan sövdələşməyə əsasən, İran ən azı 12 il müddətinə uranın zənginləşdirilməsini dayandıracaq, buna cavab olaraq isə ABŞ sanksiyaları yumşaldacaq, İranın dondurulmuş vəsaitlərini sərbəst buraxacaq və Hörmüz boğazında gəmilərin hərəkətinə qoyulan məhdudiyyətləri aradan qaldıracaq. Çərçivə sazişi ehtimal ki, Cenevrə və ya İslamabadda keçiriləcək 30 günlük danışıqlar mərhələsi ilə başlayacaq. Bu müddət ərzində hər iki tərəf hərbi və dənizçilik məhdudiyyətlərini mərhələli şəkildə ləğv etməyi öhdəsinə götürür.

Bundan əlavə, Tehran BMT-nin daha sərt yoxlamaları ilə razılaşacaq və nüvə silahına sahib olmaq iddiasından tamamilə imtina edəcək. Hələlik yekun razılaşma rəsmən imzalanmasa da, diplomatik mənbələr tərəflərin kompromisə hazır olduqlarını bildirirlər. Bu memorandumun imzalanması Tramp administrasiyasının ən böyük xarici siyasət uğurlarından biri kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31