Qarabağda separatizmin aradan qaldırılması beynəlxalq hüququn tələblərinə uyğun addım idi- ÖZƏL
13:42 Siyasət"Dövlətimizin başçısının "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısındakı çıxışında vurğulanan məqamlardan biri ərazi bütövlüyü və suverenlik prinsipidir. Qarabağda separatizmin aradan qaldırılması beynəlxalq hüququn tələblərinə uyğun addım kimi dəyərləndirilir. Bu kontekstdə beynəlxalq təşkilatların yanaşması universal hüquqi prinsiplərə əsaslanmalı, selektiv mövqelərdən uzaq olmalıdır. Əks halda, bu, beynəlxalq sistemə olan etimadı zəiflədən amilə çevrilə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Regionda sülh prosesi və sabitliyin möhkəmləndirilməsi istiqamətində mütərəqqi addımlar atılır, bu da uzunmüddətli əməkdaşlıq və qarşılıqlı etimad üçün möhkəm zəmin yaradır. Xarici təsirlərə və müəyyən dairələrin müqavimətinə baxmayaraq, sülh gündəliyi irəliləməkdə davam edir. Ermənistan rəhbərliyinin sülhə dair açıqlamaları isə həmin istiqamətdə müəyyən konsensusun formalaşdığını nümayiş etdirir.
Dövlətimizin başçısının Zirvə toplantısında vurğuladığı fikirlər regionda yeni geosiyasi reallıqların formalaşdığını təsdiqləyir. Sülh prosesi artıq yalnız diplomatik ritorika deyil, konkret iqtisadi, siyasi və nəqliyyat layihələri ilə müşayiət olunan kompleks strategiyadır. Bu strategiyanın uğurla həyata keçirilməsi isə yalnız regional aktorların deyil, eyni zamanda beynəlxalq tərəfdaşların obyektiv və ədalətli mövqeyindən birbaşa asılı olacaqdır".