“Mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəm, amma...”- "Bizimkilərlə söhbət"
24 Fevral 2022 14:30 SosialMətbuat katibləri ilə söhbətləşəcəyimiz "Bizimkilərlə söhbət" layihəsindəki növbəti müsahibimiz, Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallıdır.
-Cavid bəy, hazırda Azərbaycan Dillər Universitetində təhsil səviyyəsi nə yerdədir? Tələbələr təhsil sistemindən razıdırmı?
- Azərbaycan Dillər Universiteti Azərbaycanda 20-dən çox dilin müxtəlif tədris proqramları vasitəsilə tədris olunduğu unikal bir Universitetdir. ADU Bolonya prosesinin tələblərinə cavab verən çevik kredit sistemini, Beynəlxalq Keyfiyyət Təminatı standartlarını və Azərbaycanda Avropa Kredit Transfer Sistemini (AKTS) tətbiq edən ilk Dövlət Universitetidir.
Azərbaycan Dillər Universiteti təhsil, filologiya, tərcümə, jurnalistika, regionşünaslıq və beynəlxalq münasibətlər ixtisasları üzrə mütəxəssislər hazırlayan ölkənin qabaqcıl universitetlərindən biridir. ADU bakalavriatura, magistratura və doktorantura səviyyələri üzrə tədqiqat, qabaqcıl təlim və ixtisaslaşmış təhsil proqramlarını təklif edir.
Universitetdə istedadlı tələbələrə, magistrant və doktorantlara yüksək qiymət verilir və ən qabaqcıl təhsilalanlar müxtəlif proqramlar vasitəsilə karyeralarını qurmağa təşviq olunurlar.
Tələbələr universitetin idarəetməsində yaxından iştirak edirlər.
- Bilirsiniz ki, dünya ölkələrində pandemiya ilə əlaqədar universitetlərdə, tələblərin sağlamlığının qorunması ilə bağlı dərslər onlayn şəkildə tədris olundu. Təbii ki, distant təhsil bir çox universitetlərin təhsil sisteminə çox pis təsir etdi. Bəs ADU-da necə? Dərslərin onlayn şəkildə tədris olunması tələbələrə və müəllimlərə necə təsir etdi?
- Pandemiya hamımız üçün gözlənilməz oldu. Əlbəttə, bu, təhsil sahəsində bir sıra çatışmazlıqları da üzə çıxardı, onlayn tədrislə bağlı bizim üçün yaxşı təcrübə oldu. Deyə bilərəm ki, universitetimizin rektoru, akademik Kamal Abdullanın rəhbərliyi ilə və göstərişləri əsasında ADU bütün mümkün imkanlardan istifadə edib tədrisi uğurla təşkil etdi, texniki problemlərdən qaynaqlanan çətinlikləri tələbələrin xeyrinə həll etdi. Bu gün ADU-da tədris ənənəvi qaydada uğurla davam edir.
-ADU-da tələbələrin dərs həyatından əlavə sosial- ictimai həyatlarının aktivliyi üçün yetərli təşkilatlar varmı? Varsa onlar necə fəaliyyət göstərir?
- Universitetimizdə qaynar tələbə həyatı var. Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsi fəaliyyət göstərir və onlar öz istiamətlərinə uyğun olaraq öz işlərini qurublar. Universitetdə Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, müxtəlif tələbə klubları fəaliyyət göstərir. Eyni zamanda tələbələr və əməkdaşlar arasında idman yarışları təşkil olunur. ADU-nun "Bir günlük xəlifə layihəsi" ilə bağlı yəqin ki, məlumatlısınız. Layihə çərçivəsində tələbələr gün ərzində universitetin rəhbər strukturlarını idarə edirlər. Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malikdir. Vəzifələri tutan şəxslər icra etdikləri vəzifənin bir günlük əmək haqqını alırlar. Tələbələr universitetin rektoru, prorektorlar, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəni icra edirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin "kölgə kabineti"ni formalaşdırır, kabinet növbəti "Xəlifə günü"nə qədər öz fəaliyyətini davam etdirirlər.
- ADU-da tələbə-müəllim münasibətləri hansı səviyyədədir?
Sizin bu sualınıza rektorumuz, akademik Kamal Abdullanın bir cümləsi ilə cavab vermək istərdim: "Mən heç bir tələbəni heç bir müəllimin ayağına verməyəcəm, amma heç bir müəllimi də heç bir tələbənin ayağına verməyəcəm".
- ADU-nun kitabxanasında vəziyyət necədir? Tələbələr burdan yararlana bilirmi? Kitabxanaya müraciətlərin sayı necə?
- Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində informasiya xidməti müasir standartlara uyğun şəkildə elektron kataloq (KOHA AKS), rəqəmsal kitabxana (Dspace) və elektron resurslar (EBSCO, JSTOR), verilənlər bazası əsasında aparılır.Universitetlərin bir-birləri ilə hər keçən gün daha böyük rəqabət içinə girdikləri indiki vaxtda araşdırma, tədqiqat məlumatları, açıq elm və bu mövzularda kitabxanaların üzərinə götürəcəyi fərqli rollar hamımızın maraqlandığı və öyrənmək istədiyi mövzular olaraq qarşımıza çıxmaqdadır. Bildiyimiz kimi mövcud dövrdə, mövcud şəraitdə elektron kitabxanalara daha çox ehtiyac duyulur. Belə ki, bu proses vaxta qənaət etməklə insanlarda oxu vərdişlərinin yaranmasına da böyük təsir göstərən informasiya xidmətidir. Kitabxanada yaradılan yeniliklərlə adu.edu.az/kitabxana e-kataloq,elektron kitabxana və dünya kitabxanalarına girişin hansı yollarla aparılması və axtarış üsulları onlayın və ənənəvi qaydada təqdimatlar keçirilir.
Dspace Rəgəmsal kitabxana haqqında sizə qısa məlumat vermək istərdim. DSpace ADU-n Akademik Arxiv Sistemidir. ADU-n intellektual kapitalını toplayan, saxlayan, qoruyan və daxil olan bütün xidmətlərin Açıq girişli sistemləri toplusudur. Bu müasir elm dünyasının məqsədidir. Məlumatın açıq daxili sistemdə, daha sürətli və daha çox adama asan çatdırılmasını, yeni tədqiqat işləri üçün mənbələrə asan giriş imtiyazının təmin edilməsi, daha əvvəl eyni mövzuda nələr yazıldığının asanca təyin olunması, nəşrlərə daha çox istinad olmasının təmin etməsinin yanında, tədqiqatçıların və təşkilatların dəyərinin artmasını təmin edir. Bu çərçivədə DSpacechr("39")də bölümlərə daxil edilən kitab, məqalə, məlumat, tezis, texniki hesabat, fotoşəkil, xəritə, dərs qeydi, məlumat toplusu, səs və video faylları kimi akademik sənədlər tərtibidir.Tədqiqatçılar İnternet vasitəsi ilə hər yerdən Dspace rəqəmsal kitabxanaya giriş əldə edə bilirlər. Elektron kitablara, elektron jurnallara, e-qəzetlərə və məlumat bazalarına 24/7 məhdudiyyətsiz bütün elektron mənbələrə giriş sərbəsdir - açıqdır.
EKİXM-nın xidmətləri, imkanları ilə oxucu məmnunluğu artıb; açıq giriş və açıq mənbə metodu və vasitələrini inkişaf etdirməklə yanaşı təbliğ də edilir. Bu günədək olan oxucu sayı 10373-nəfər təşkil edir, onlardan 1268-i professor-müəllim heyəti, 7618-i aktiv tələbələr, 1487-i passiv tələbələr təşkil edir. Cəmi 7218 aktiv oxucu var, E K İ XM-nın e/oxucu xidməti də pilot layihə ilə başlanıb.
ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi olaraq dünyada pandemiya durumu ilə əlaqədar yenidən üz-üzə dərs sisteminin başlanması münasibəti ilə ADU-nun tələbələri "Gəlin oxuyaq" adlı yeni layihə ilə qarşılandı. Məqsəd oxu vərdişinin inkşafı və marağı artırmaq üçün ehtiyat fondumuzda olan yeni kitablardan hədiyyə olunur.
- Necə düşünürsünüz, sizcə, ADU-dakı təhsil sistemi Avropa standartlarına uyğundurmu?
- Azərbaycan Dillər Universiteti beynəlxalq təhsil və təlim modellərinə əsaslanan, geniş tərəfdaşlıq imkanları ilə bənzərsiz proqramlar təqdim edən bilik ocağıdır. ADU Türkiyə, ABŞ, Böyük Britaniya, Fransa və digər Avropa ali təhsil müəssisələri, həmçinin, YUNESKO-nun tərkibində fəaliyyət göstərən tərcümə şöbəsi ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində son illər ərzində tələbə müdabiləsi intensivləşmişdir.
ADU dünyanın müxtəlif universitetləri ilə akademik əməkdaşlıq münasibətləri proqramlarını mütəmadi olaraq nəzərdən keçirməyə, tədris və təlim metodologiyasını təkmilləşdirməyə, mübadilə proqramları və ikili diplom layihələri (Erasmus+ mübadilə proqramı, Mövlana mübadilə proqramı, ABŞ layihələri, Esseks Universiteti, Oslo Universiteti ilə və s. ikili diplom) vasitəsilə akademik heyətin və tələbələrin beynəlmiləlləşməsinə şərait yaradır.
Ümumilikdə, universitetimizin xarici əlaqələri çoxşaxəlidir. Hazırda ADU-da 20 ölkənin (İspan, İtalyan, Amerikan, Fransız oxu zalı, Skandinav, Türkiyə, Macar, Rumın, Koreya, Serb, Avstriya, Germanistika, Chin, Alman oxu zalı, Frankofoniya, Yapon, Hind, Indonesiya və İsrail, Pakistan) dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Mərkəzlər Azərbaycan və müvafiq ölkələr arasında elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə və inkişafına xidmət edir.
Qeyd olunan imkanlardan istifadə etmək istəyən abituriyentlər bizi seçə bilərlər.
Mehriban Xəlilli