Xocalı soyqırımını heç zaman unutmamalıyıq

Qısa arayış: 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistanın Silahlı Qüvvələri tərəfindən, Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə Xocalı şəhəri işğal edilmiş və şəhərin sakinlərinə qarşı soyqırım aktı həyata keçirilmişdir. Xocalı Soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı, olmaqla 613 nəfər mülki əhali xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmişdir. Soyqırım nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideyinini, 130 uşaq valideynlərindən birini itirmişdir. Şəhərin işğalı zamanı 76-sı uşaq olmaqla  487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.                                                                                                       Qarabağ faciəsinin ideoloqlorından biri, hər bir azərbaycanlının, türkün bütün zamanlarda nifrətlə yad edəcəyi Zori Balayan Xocalı hadisələrinə həsr etdiyi "Ruhumuzun Dirçəlişi" adlı kitabında yazır. "Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən, əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdırlar. Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra mən 13 yaşındakı türkün başından, sinəsindən və gözündən dərisini soydum. Saata baxdım, türk uşağı düz 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik: Mən bir erməni kimi, öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".                                            Baxın! Budur ermənilərin ümumiləşdirilmiş obrazı olan lənətlənmiş Zori Balayan. Düz 500 ilə yaxındır ki, türkün qanına susamış bu goreşən (gienler)-ermənilər zaman-zaman bir balaca fürsət düşən kimi türklərə, Azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirirlər. İki yüz ildən bəri isə Azərbaycanın, Türkün torpaqları hesabına özlərinə dövlət yaradır və ərazilərinin genişləndirirlər. Türklərə qarşı pataloji antipatiya formalaşdırmaq ideologiyası Ermənistanın dövlət siyasətinin və bütün erməniliyin baş məqsədini təşkil edir.                                                      Xocalı faciəsi də bu siyasətin və ideologiyanın tərkib hissəsi, zəncirin növbəti halqası idi.                                                                                XX əsrin sonunda əsrin ən qanlı faciələrindən biri kimi bəşər tarixinə "Xocalı soyqırımı", "Xocalı qətliamı", "Xocalı faciəsi", kimi düşən bu dəhşətli faciədən 30 il ötür.

2020-ci il sentyabbrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsindəki savaşlarda Azərbaycan Əsgəri ,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həm birinci Qarabağ müharibəsində, həm Vətən Müharibəsində, həm də Xocalı qətliamında qəhrəmancasına həlak olmuş soydaşlarımızın qisasını aldı. Qisas qiyamətə qalmadı. Lakin Xocalı qətliamından keçən bu illər ərzində Azərbaycan xalqının tarixində qövr edən bu yaranın yeri qaysaq bağlasa da heç zaman sağalmayacaq.  

1992-ci il fevralın 25-dən 26-sına keçən gecədə, qarlı-çovğunlu düzlərə-dərələrə səpələnmiş, başı açıq, ayağı yalın yüzlərlə insanı olmazın işgəncələrlə qətlə yetirmək, insanlığın ən böyük faciəsi, tarixin ən rəzil səhifəsi kimi  yadda qalacaqdır. Zaman keçəcək aylar illəri, illər qərinələri, qərinələr əsirləri əvəz edəcək. Lakin bütün bəşər övladı üçün utanc gətirən bu faciə heç vaxt unudulmayacaq. Elə təzə olaraq qalacaqdır.    Tarixdə bir çox cinayətlər kimi, elə bu cinayət də erməni xalqının, erməni dövlətinin, bütövlükdə ermənililiyin adına yazılaraq qalacaq, zaman-zaman bütün dünya erməniliyi bu qanlı qətliama cavab verməli olacaqdır. Bir dəfə yox, yüz dəfə, min dəfə cavab verməli olacaqdır. Yer üzündə bircə azərbaycanlı, bircə türk qalsa belə biz bu qanlı cinayəti törədənlərin cəzasını verəcəyik. Xocalıda qətlə yetirilmiş 613 nəfər günahsız qurbanların, itkin düşmüş 150-dən çox insanın narahat ruhları hələ başımız üzərində fırlanmaqdadır. Bu ruhlar o zaman rahatlıq tapacaq ki, Xocalı faciəsini törətmiş cəlladlar, öz cəzasını almış olsun. Xocalı şəhəri düşmən tapdağından azad edilmiş olsun. Xocalı faciəsini törətmiş erməni millətçiləri dünya ictimaiyyətindən üzr istəmiş olsun. Bunun üçün hər birimiz çalışmalıyıq. Hər birimiz Xocalı faciəsini içimizdə yaşatmalı, Xocalı qurbanlarının hər birinə qəlbimizdə abidə ucaltmalı, Xocalı faciəsinin cəlladlarının cəzasına çatması üçün gecələr rahat yatmamalıyıq.

Yeri gəlmişkən, yazının bu məqamında "Heydər Əliyev Fondu"nun vitse-prezidenti Leyla xanım Əliyevanın 2008-ci ildən başladığı, "Xocalıya Ədalət" beynəlxalq təbliğat təşviqat kompaniyasının rolunu xüsusilə qeyd etmək istərdim. Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış kompaniya Xocalı soyqırımı, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və maarifləndirilməsi funksiyasını daşıyır. Kompaniya həmçinin şəhid olmuş Xocalı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu faciənin yaddaşlarda yaşadılması, gələcək nəsilə ötürülməsini istiqamətində mühüm işlər görür.         Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymət verilməsi, Ermənistan höküməti tərəfindən bu qətliama görə üzr istənilməsi, belə hadisələrin təkrar olunmamasına təminat verilməsi və vurulmuş maddi və mənəvi ziyanına görə təzminat ödənilməsi, bu cinayətin törədilməsinə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması və bu faciə ilə əlaqədar digər məlumatların dünya ictimaiyyətinə çatdırılması "Xocalıya Ədalət" beynəlxalq kompaniyasının strateji məqsədləridir. Bununla belə bu strateji məqsədlər təkcə "Xocalıya Ədalət" kompaniyasının təşkilatçılarının yox, hər bir Azərbaycanın ən mühüm vəzifələrindən biri olmalıdır. Biz Xocalı faciəsini heç zaman unutmamalıyıq.

Sonda dünyasını dəyişmiş 613 Xocalı sakininin, itkin düşmüş 150 xocalılının və Xocalı dəhşətlərinin dünyaya çatdırılmasında müstəsna rolu olan videoçəkilişlərin müəllifi, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsini ehtiramla anır və onlara Tanrıdan rəhmət diləyirəm.

Ramiz Göyüşov

AYB-nin və AJB-nin üzvü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31