“Həm Pəhan Hüseyn, həm də Tofiq Addasov həbs oluna bilər” – Efirdə yumruqlaşmanın cəzası
23 Fevral 2022 15:53 SosialÖtən gün Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynlə siyasi analitik Tofiq Abbasov canlı efirdə əlbəyaxa dava ediblər. İlk zərbəni isə Tofiq Abbasov endirib. Buna səbəb qarşı tərəfin təhqiri olub.
Maraqlıdır, qanunla müəyyən edilmiş qaydada tərəflərdən biri şikayətçi olarsa, hansı cəza tədbiri görülə bilər?
Bununla bağlı Gundem.az-a açıqlama verən vəkil Elmir Murquzov Tofiq Abbasovun cərimə oluna, yaxud iki ayadək həbs edilə biləcəyini deyib:
"Əvvəla, bağlı xəsarətin dərəcəsi müəyyən olunmalıdır. Belə ki, xəsarətin dərəcəsinə görə görüləcək tədbir müəyyən olunur. Şəxsə vurulmuş zərər dərəcəsi müəyyən olunmayan xəsarət olduqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə həmin şəxs barəsində tədbir görülə bilər. AR İXM-nın müvafiq maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə zərər yetirən şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətəinzibati həbs tətbiq olunur. Həmin maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 127 və 128-ci maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur".
Müsahibimiz Pənah Hüseynin də qanunla azadlıqdan məhrum edilə və cərimə oluna biləcəyini diqqətə çatdırıb:
"Təhqirlə bağlı isə şəxs xüsusi ittiham qaydasında məhkəməyə şikayət verə bilər. Qeyd edim ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri, yaxud da altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".