Koronavirus Azərbaycanda uşaq ölümlərini azaldıb

COVİD-19 virusunun yayılması bütün dünyada olduğu kimi Azərbaycanda da insan ölümlərinin sayının artmasına səbəb olub. 2020 və 2021-ci ildə dünyasını dəyişən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illərdən xeyli çox olması da bununla bağlıdır.

Amma elə yaş qrupları var ki, onlarda ölüm hallarının sayı nəinki artmayıb, əksinə bir qədər də azalıb.

Olaylar.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 2020-ci ildə 15 və daha yuxarı yaşda olanlar arasında ölüm hallarının sayında artım qeydə alınsa da, 0-14 yaş qruplarında olan insanlar arasında ölüm sayında kəskin azalma baş verib.

2020-ci ildə 2019-cu illə müqayisədə 0-14 yaş qrupunda ölüm sayı 493 nəfər, yəni 21,2 faiz azalıb. Ölüm hallarında 0-1 yaş qrupunda 20,2 faiz, 1-4 yaş qrupunda 39,9 faiz, 5-9 yaş qrupunda 13,4 faiz, 10-14 yaş qrupunda 14,1 faiz azalma olub.

Bunlar böyük azalma nisbətidir və bunun məhz koronavirusun geniş yayıldığı 2020-ci ildə baş verməsi təsadüfi ola bilməz.

Düzdür, əvvəlki illərdə də 0-14 yaş qrupuna aid olan uşaqlar arasında ölüm hallarının sayında azalma dinamikası olub. Bu prosesdə ardıcıllıq, davamlılıq olmasa da, uzunmüddətli dövrdə ölüm saylarının azalması müşahidə edilib. Lakin son 20 ilin heç bir 12 aylıq dövründə 0-14 yaş qrupunda 20 faiz səviyyəsində azalma baş verməyib. Buna görə də 2020-ci ildə ölüm sayının kəskin azalmasına koronavirus faktının və ya sərt karantin qaydalarının təsirinin olduğu danılmazdır.

Digər yaş qruplarında isə ölüm sayında kəskin artım qeydə alınıb. Ümumilikdə, 15 və ondan yuxarı yaşda olanlar arasında ölüm sayı 20 mini keçib ki, bu da 38 faiz artım deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31