Təbrik edirik, Nəriman müəllim!
18 Fevral 2022 13:13 SosialBu gün müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin ən görkəmli nümayəndəsi, bütün varlığı ilə vətəninə bağlı, onun azadlığı naminə yorulmadan yazıb-yaradan qələm adamlarından biri, Xalq şairi Nəriman Əliməmməd oğlu Həsənzadənin anadan olmasının 91-ci ildönümü tamam olur.
Şair 1931-ci il fevral ayının 18-də Qazax rayonunun Poylu stansiyasında (indiki Ağstafa rayonu ərazisi) anadan olmuşdur. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub, beş il burada təhsil aldıqdan sonra, Bakıya qayıtmış və 1962-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspirantı olmuşdur. 1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar "Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı"nda redaktor, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında şöbə müdiri, "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1976-1990) vəzifələrində işləmişdir.
Nəriman Həsənzadə ötən əsrin 50-60-cı illərində yazdığı "Qız ürəyi", "Hadi və Əsgər", "Körpəylə söhbət", "Biz bir ildə doğulduq", "Qadın", "Heybədə gəzən şeir" ("Sabir"), "Vətənsiz", "Əsir uşaq", "Şahid ol, Günəş", "Nəriman", 70-80-ci illərə aid "Həsrət", "Zümrüd quşu", "Rəsul Həmzətova məktub", "Kimin sualı var?", 90-cı illərdən etibarən qələmə aldığı "Şəhid atası Şərif qağaya məktub", "Qafqaz", "Cavid", "Qarabağdan gələn var", "Xarı bülbül", "Bəyanat", "Poylu - beşiyim mənim", "Qaçaq Kərəm", "Nuru paşa", "Nizami", "Sözü tara verin" çoxlu sayda və müxtəlif həcmli poemalarının hamısında həm epos təhkiyə-intonasiyasına, həm hadisələrin dramatizminə, həm də xarakterik detal-məqamların ictimai-estetik interpretasiyasına əsaslanmaqla bir şair, bir tarixçi, bir filosof kimi çıxış edib.
Olaylar İnformasiya Agentliyi olaraq, Xalqa şairini 91 yaşı münasibətilə təbrik edir, yaradıcılığında yeni uğurlar arzulayırıq!