Təbrik edirik, Akif Əli!
17 Fevral 2022 14:44 SosialAzərbaycan yazıçısı, filoloq alim, Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin sabiq rəhbəri, 2-ci dərəcə Dövlət müşaviri Akif Əli 1952-ci il fevralın 22-də Şuşada anadan olub. M.F.Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutunu bitirən filoloq alim Azərbaycanfilm, Tacikfilm, Lenfilm kinostudiyalarında filmlərə çəkilib. 1978-1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb. Radionun "Satira və yumor" şöbəsində kiçik redaktor, redaktor və şöbə müdiri vəzifələrində işləyərkən bir neçə populyar radio verilişinin ("Sabahınız xeyir", "Molla Nəsrəddin", "Gülüş axşamı" (1981-1983)), Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışarkən isə televiziya proqramlarının ("Zəriflik", "Aygün", "7 sual, 7 cavab" televiktorinası, "İdrak", "Tələbə dünyası", "Teleteatrda gənclər gecəsi", "Çay, çay, çay!", "Mənəvi dünyamız") yaradıcısı, müəllifi, yaxud redaktoru olub. Çoxlu sayda elmi və bədii-publisistik məqalələrin, kino-tele-radio ssenarilərinin, kitabların, "Mozalan" kino-süjetlərinin və tərcümə əsərlərinin müəllifidir.
Olaylar İnformasiya Agentliyi adından filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent, Qızıl qələm mükafatı laureatı Akif Əlini 70 illik yubileyi münasibətilə təbrik edir, uzun ömür, can sağlığı, gələcək fəaliyyətində uğurlar arzulayırıq!