ŞƏHİDLİK- ÖMÜR PAYINI 19 YAŞINDA VƏTƏNƏ BAĞIŞLAMAQDIR – RAHİB KİMİ!

Əminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda can­­larını qurban vermiş şəhidlərimiz tərtəmiz, mü­qəd­dəs qanlarını torpağa qarışdı­raraq, bu yurdu bizə əbədi vətən etdilər, Xocalı faciəmizə bir nəbsə su səpib, vətən dər­dimizə dərman olublar. Nə demiş­dir böyük türk xaqanı: "Torpağa su qatarsan palçıq yapıb ev tikərsən, qan qatarsan vətən yapıb üstündə övlad böyüdər, dövlət qurarsan". "Bu Vətən bizimdir!" de­yib canından keçib Rahib Cəbrayılov -  19 yaşlı körpə şəhidlərimiz.  
Çiçəyi burnunda bu körpənin qanı 30 ildir gözləri quruyan kəhrizlərimizin gözünü açdı, düşmən içmə­sin deyə, içinə axan bulaqlarımıza həyat oldu, ömrü budanmış ağaclarımızı yenidən pöhrələndirdi, Quranı oxunmayan, namazı qılınmayan dağılmış məs­cidləri­mizə azan səsi oldu. Oğlunun qanı nə qədər qüdrətliymiş Aytən ana, torpağını göyərtdi, bayrağını ucaltdı, bir millətin dərdinə dərman oldu. 
Rahib Ramil oğlu Cəbrayılov doğma Quşçu kəndində doqquzuncu sinfi bitirdikdən sonra Xaldan kənd kompleks tam orta məktəbində təhsilini davam etdirmişdir. Haracan desən intizamlı, ictimai işlərdə fəallıq göstərən, öz üzərində çalışan əlaçı şagird kimi tanınırmış. Özünə görə yüksək intellektə malik olan Rahib siniflər və məktəblərarası bilik yarışmalarında da fərqlənər, uğurlu nəticələr qazanırmış. Bu müsbət məziyyətlərinə görə təhsil aldığı məktəbin müəllim və şagird kollektivinin rəğbətini qazanmışdı. 


Orta məktəbi müvəffəqiyyətlə başa vuran Ra­hib Cəbrayılovun kompüter və informasiya texno­lo­giyaları ilə işləmək bacarığını nəzərə alıb Bərdə  şəhə­rindəki regional "Asan xidmət" Mərkəzinə dəvət edir­lər. Həqiqi hərbi xidmətə çağırılanədək orada çalışır. 
Cəmi 6 ay idi ki, Milli Orduda xidmət  edirdi. Sentyabrın 27-də  düşmən təxribatının qarşısını almaq məqsədi  ilə başladığımız Vətən müharibəsinin elə ilk günündə Füzuli rayonunun işğaldan azad edilməsi uğrundakı qanlı döyüşlərə qatılır və təəssüf ki, elə ilk gün də şəhidlik zirvəsinə ucalır. Yoxsa, sevindin düş­mən? 19 yaşında, bığ yeri təzəcə tərləmiş cavan igidin qanını tökməkdən zövqmü aldın? Unutma, bu millətin bir Rahibi ölərsə, minlərlə rahibləri doğular. Sən ağla ki, o rahiblər sənin soyunu-kökünü qurudacaq, söyüd ağa­cın­da bar ola bilməz, deyib bizim şairimiz. Rahibi­miz ən yüksək qatda özünə yer seçən günü, sizlər qor­xub geri çəkildiniz, kirli ayaqlarınızı çəkdiniz Füzuli­dən.  Gürcü yazıçısı Serqi Sacaya nə gözəl deyib haq­qınızda: "Ermənilər şir deyil, güclü dövlətlərə qulluq göstərən çaqqallardır". Mənim Prezidentim isə Rahib kimilərini nəzərdə tutub bu gün qürurla deyir: "Əsgər və zabitlərimiz aslan kimi döyüşürdülər". 
Ən ətirli  gənclik və cavanlıq qanı ilə doğma Vətənə sevgisini təsdiq etdi Rahib. Bu igid əsgəri­mizin  üçrəngli bayrağımızla bəzənmiş mübarək nəşi doğu­lub boya-başa çatdığı, şıltaq və qayğısız uşaqlıq illərini yaşadığı Quşçu kəndində,  şəhid Fərid İsmixan oğlu Cəfərovun uyuduğu məzarlıqda əbədiyyətə tapşı­rı­ldı. 2001-ci il dekabrın 26-da dünyaya gəlmişdi Rahib. İndi ondan valideynlərinə istifadə etdiyi əşya­lar, fotolardan boylanan məsum baxışları, bir də şirin-şirin yatıb dincəldiyi, şirin-şirin arzular yaşadığı, şirin-şirin röyalar gördüyü çarpayısı. Daha o çarpayı­da kimsə yatmayacaq. O çarpayı Rahibin ölməz  ruhunun sevimli valideynləri ilə görüş limanı olacaq. Kim bilir, bəlkə də bu dünyadan nakam köçən Rahib balamız qəlbində özü  ilə  bərabər  gizli bir sevgisini, sirli eşqini, ülvi məhəbbətini də aparıb. Bir qıza açılmamış ürəyi, deyilməmiş sözü, etiraf etmədiyi sevgisi qaldı, Bir də o qızın yollarda qalan gözü, eşitmək istədiyi o sirli sözü...  


Valideynləri  Ramil  və  Aytən Cəbrayılovlar kədər­lərini onunla azaldıb, təskinlik taparaq fəxr edirlər ki, gənc övladları haqq savaşında, Azərbaycanımızın dilbər guşəsi Qarabağımızın düşmən işğalından azad olun­ması yolunda canını fəda edib. Bəs, oğul nə üçündür?! Torpaq uğrunda ölən varsa Vətəndir- deyiblər  ulularımız,  müdriklərimiz, aqillərimiz. 
Cəbrayılovlar ailəsində daha iki oğul böyüyür. Qəhrəman şəhidimiz Rahibin qardaşları Sahib və Ömər. 
Quşçu kəndində iki ünvan müqəddəs ocaq kimi ziyarətə çevrilib. Rahib və Fəridin ölməz ruhlarının pərvazlandığı iki ünvan. Orda hər zaman çiçəklər təptəzə tərdir.
Rahib Cəbrayılovun valideynləri Ramil və Aytən xa­nımla bir ildən sonra yenidən gö­rü­şü­rəm. Ürəklə­rin­də kör­pə bala dərdi­nin aç­dı­ğı yaranı gör­­mə­mək müm­kün deyil, həsrətdən gözünün kökü  saralıb ananın, üzünə bir tarixin qaldırmağa gücü yetməyəcək ağır hüzn yüklənib. Qoynundan-qucağından 19 yaşlı fidanı gedib. Necə yaşa­dınız, nələr oldu həyatınızda bu bir ildə, sordum hər iki­sindən. Aytən xanım özünü zorla ələ alıb, oğlum Rahibdən sonra xəstə­lik tapdım, əsəblərim pozuldu, işıqlı dün­yam qaraldı, ancaq toxtaq durmağa çalışıram, el-oba, tanıyan-bilən oğlumla fəxr edirkən, mənim ölməyə haqqım yoxdur. Xəstə də olsam, oğlumun mənə qazandırdığı şəhid anası qüruru ilə yaşayacağam, dedi. 
Şəhidin atası Ramil dedi ki, ortançıl oğlum Sahib də 4 aydır ki, hərbi xidmətə gedib. Allah sağ-salamat vali­deynlərinə, sevdiklərinə qovuşdursun. 
Ailəyə göstərilən diqqətdən, qayğıdan ağız­dolusu danışdılar. Dövlət başçısı, digər rəsmi qurumlar və yerli icra orqanları tərəfindən indiyədək edilən maddi-mənəvi dəstəkdən, hər kəs tərəfindən göstərilən hörmətdən razılıq edirlər. Kiçik oğul Ömər bu il VI sinfə keçib. Dövlət tərəfindən ailəyə əlavə həyətyanı sahə verilib, pay torpaq sahəsi verilməsi də nəzərdə tutulub. Aytən xanım deyir ki, Rahibsiz yaşamaq, nəfəs almaq çətindir, evimizin hər yerində izi, xatirəsi var, balamın yoxluğuna hər gün min dəfə ölüb dirilirik. Bizə maddi və mənəvi dəstək olan döv­lətimizdən və insanlarımızdan Allah razı olsun, bu sayğı, sevgi bizi həyata bağlayır.  
   Şəhidin valideynləri bir daha ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin  minnət­darlıqlarını bildirdilər. 
Cəbrayılov Rahib Ramil oğlu ölümündən sonra Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Rahibin uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!  
 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31