Vətən müharibəsində şəhid olan qardaşların ailəsi ziyarət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsində şəhid olmuş iki qardaşın - Məmmədzadə Bəhram Elman oğlu və Məmmədzadə İman Elman oğlunun ailəsini ziyarət edib. Nazirlikdən "Olaylar"a bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən, Bəhram və İman qardaşlarının müharibədə göstərdiyi şücaətlərdən bəhs edilib. Yurd yerlərimizin düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş igid Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

Bəhram və İman Məmmədzadələr 27 oktyabr 2020-ci ildə Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olublar. Qəhrəman qardaşlar Bakının Binə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn ediliblər. Dövlət başçısının Sərəncamlarına əsasən, hər iki qardaş ölümlərindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunublar. V.Behbudov görüş zamanı şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanıb. Şəhid ailəsinin üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə ediblər. Ailənin yaşayışının bundan sonra da daim dövlətin diqqətində saxlanacağı vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31