Azərbaycan ərazisində yaşayan hər bir vətəndaşın hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur
25 Noyabr 2021 17:28 Sosialİstiqamət- İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
Azərbaycan ərazisində yaşayan hər bir vətəndaşın hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur
Demokratik cəmiyyətə xas olan bir çox xüsusiyyətlər vardır ki, hər bir demokratik ölkədə həmin xüsusiyyətlər, prinsiplərə əməl etmək olduqca zəruridir. Azərbaycan da demokratik cəmiyyət və sivil dünyanın bir üzvü olaraq həmin prinisplərə əməl edir, onların daha da inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atır.
Demokratik cəmiyyətlərə xas xüsusiyyətlərdən biri də insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılmasıdır ki, qeyd edilən istiqamətdə Azərbaycanda normal atmosferin, mühitin olduğunu tam əminliklə söyləyə bilərik.
Əgər ölkəmizdə mövcud olan vəziyyətə, ayrı-ayrı sahələrdəki duruma nəzər salsaq Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində kifayət qədər mütərəqqi addımların atıldığını aydın şəkildə müşahiadə edə bilərik. Hətta mübaliğəsiz şəkildə deyə bilərik ki, Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud olan durum dünya ölkələrinə belə nümunədir. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi özünü hər addımda göstərir. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, insan hüquq və azadlıqlarının müdafiəsi aspektində Azərbaycanda yaşayan bütün fərdlərə, milli və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsə eyni yanaşma olur və kimlərəsə fərqli azadlıq və ya hüquq verilmir.
Məsələn, Azərbaycanda yaşayan hər bir etnik xalqın öz dilində danışmaq, mədəniyyət mərkəzi açmaq, öz adət-ənənəsini qoruyub-saxlamaq, onu inkişaf etdirmək hüququ var və bu hüquqlar Azərbaycan dövləti tərəindən ən yüksək səviyyədə qorunur, sayğı göstərilir. Təkcə bununla kifayətlənmir, eyni zamanda Azərbaycanın milli bayramları, el şənliklərində həmin etnik xalqların mədəniyət mərkəzləri, onların musiqi qrupları da iştirak edir, el şənliklərinə, bayramlara öz töhfələrini verirlər. Ən son 44 günlük Vətən müharibəsindən sonra Qarabağın cənnət guşəsi, Şuşada, Cıdır düzündə keçirilən Xarı Bülbül festivalında da bunun əyani şahidinə çevrildik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də iştirak etdiyi həmin festivalda ölkəmizdə yaşayan digər etnik xalqların musiqi qrupları da iştirak edirdi ki, bu da öz növbəsində Azərbaycanda yaşayan hər bir vətəndaşın hüquq və azadlıqlarına olan hörmətin göstəricisidir.
Eyni müsbət tendensiya dini sahədə də mövcuddur. Azərbaycan dövləti, onun hakimiyyəti, ümumiyyətlə bütün vətəndaşları ölkə ərazisində yaşayan müxtəlif dinlərin nümayəndələrinə hörmətlə yanaşır, onların hüquq və azadlıqlarını qoruyur. Günümüzdə Azərbaycanda yaşayan müxtəlif dinlərin təmsilçiləri müstəqil və heç maneə olmadan ölkə hüdudlarında öz dini ayinlərini sərbəst şəkildə icra edə bilirlər ki, bu da Azəraycanda yaşayan müxtəlif dinlərin hüquq və azadlıqlarının qorunmasının bariz nümunəsidir. Bu azmış kimi Azərbaycan tolerantlıq nümayiş etdirərək müxtəlif dinlərin nümayəndələrinə məxsus olan dini abidələri də ən yüksək səviyyədə təmir etdirir, yaxud yeni dini ibadət yerləri inşa edilir. Alban dövrünün kilsələrdən tutmuş XX əsrdə inşa edilmiş digər qeyri-islam ibadət yerlərinə qədər bütün dini abidələrin əsaslı şəkildə inşa olunması Azərbaycan dövlətinin tolerantlığı ilə yanaşı, ərazisində yaşayan müxtəlif dinlərin nümayəndələrinə göstərdiyi diqqət və qayğının təzahürü, onların hüquq və azadlıqlarının qorunması istiqamətində ortaya qoyduğu siyasi iradədir. Bu arada bir məqamı da qeyd etmək yerinə düşər ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilən Kəlbəcər rayonundakı Xudavəng monastrını ziyarət edənlər sırasında ilk olaraq məhz ölkə ərazisində yaşayan müxtəlif dinlərin nümayəndələri oldu. Yəni,
Azərbaycan dövləti onların Xudavəng monastrını ziyarət etmək hüququnu tanıdı, onlara bunun üçün ən yüksək səviyyədə imkan yaratdı. Yaxud Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini konfesiyaların nümayəndələrinin işğaldan azad edilən Şuşa, Ağdam və Füzuli şəhərlərinə səfərləri də dövlətimizin dini nöqteyi nəzərdən də hər bir vətəndaşın, burada yaşayan digər xalqların, millətlərin, eləcə də dinlərin nümayəndələrinin hüquq və azadlıqlarını qoruduğunu, onlara hörmətlə yanaşdığını ortaya qoyur.
Azərbaycan dövləti, onun rəhbərliyi təkcə öz vətəndaşlarının hüquq və azadlıqlarını qorumaq, onu müdafiə etməklə kifayətlənmir. Rəsmi Bakı qlobal səviyyədə də eyni prinsipdən çıxış edir, insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi diqqət ayırırı, bu istiqamətdə müəyyən təşəbbüslərlə çıxış edir. Bu mənada Azərbaycanın, onun lideri İlham Əliyvin 2019-cu ildən bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı birgə mübarizə ilə bağlı təşəbbüsləri xüsusi qeyd ediıməlidir. Eyni zamanda Azərbaycan rəhbərliyinin vaksin qeyri-bərabərliyi barədə iradları, beynəlxalq aləmə çağırışları da məhz kasıb ölkələrin vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinin tərkib hissəsi sayıla bilər. Təsadüfi deyil ki, dövlət başçısının bu təşəbbüsü BMT çərçivəsində belə dəstək gördü və diər beynəlxalq təşkilatlar da Azərbaycan həmrəyliyinin məlum təşəbbüsü ilə həmrəylik nümayiş etdirdilər.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir