“Asılılığın formalaşmasında görünməyən səbəblər daha çoxdur, nəinki görünən”
25 Noyabr 2021 14:24 SosialMüsahibimiz psixiator-narkoloq Fəzail Sadıqovdur.
- Fəzail müəllim, narkotikdən asılılıq əsasən nəyə görə yaranır?
- Ümumiyyətlə, asılılıq beyinin normal funksiyasıdır. Amma biri var təbii asılılıq, biri də var sonradan yaranmış. Təbii asılılıq deyəndə əsasən qeyri-şərti asılılıq nəzərdə tutulur. İnsan anadan olandan sonra bətn daxilində asılı şəkildədir. Döl ana bətnində formalaşan zaman anadan qida alır. Doğulduqdan sonra isə nəfəs alır, qidalanır, yaşamağa başlayır və bunlar hər biri təbii asılılıqdır. Narkotikdən asılılıq dedikdə isə kimyəvi maddə asılılıqları nəzərdə tutulur. Bunlardan asılılıq qısa müddət ərzində olduğu üçün yaranır. Amma elə şeylər var ki, 10 il və daha çox müddətdə asılılıq formalaşır. Bunun iki aspekti var. Tibbi və biolologiyada tibbin bir hissəsi kimi də qeyd etmək olar. Nevrobiologiyada bu asılılıq normal haldır. Tək narkotikdə yox, sevgi, qumar və yaxud insan nəyə bağlanırsa, onu dəfələrlə təkrar edir və öyrəşirsə, bu özü asılılıqdır. Yəni tək narkotik deyil, digər şeylərdə də asılılıq var. Sadəcə olaraq belə bir sual yarana bilər ki, narkotikdən asılılıq nəyə görə daha çox nəzərə çarpır? İlk növbədə, narkotiklərdə asılılıq qısa müddətə formalaşır. Hətta 10 gün, 20 gün müddətinə formalaşa bilər. Lakin alkoqol asılılığı başqa cürdür. Bəzən insan 10 və 15 il müntəzəm içməlidir ki, alkoqoldan asılı olsun, yəni, alkoqolizm xəstəliyi yaransın. Qısa müddətə formalaşan xəstəlik var, uzun müddətə formalaşan xəstəlik var. Məsələn, insan gedir nərd oynayır, 10 gün, 1 ay, 2 ay sonra onda asılılıq formalaşır. Bu asılılığın da dərəcələri var. Biri var fiziki asılılıq, biri də var psixoloji. Sadəcə olaraq narkotikdən asılılığı fiziki əlamətlərdə büruzə verir, psixika pozulur, insan fərqli vəziyyətdə olur. Yəni asılılığın dərəcəsi o qədər güclü olur ki, onsuz yaşamaq mümkün olmur. Nəticə budur ki, asılılıq beyinin normal fəaliyyətidir. Hansı işlə insan daha çox məşğul olursa, öyrəşir və bu proses müddətində ondan asılı olur. Məsələn, kitab oxuyan adam kitab oxuyur və uzun müddət kitabsız dayana bilmir. Bu beyinin bir funksiyasıdır.
- Hansı yaş kateqoriyaları bu bəlanın aludəçisi olur?
- Bu əsasən, gənclik dövründə daha çox nəzərə çarpır. Çünki, insan beyninin hissələri var. İnsan beyninin doğulduqdan sonra tam inkişafı bitmir. O inkişaf edir. İnsanın beyninin sonuncu formalaşan modeli onun alın payıdır. Bu adətən 25 yaş, bəzi adamlarda isə 27-28 yaşlarında tam formalaşır. Alın payının funksiyası nədir dedikdə - iradi sferanın və şüurlu fəaliyyətin nəticəsidir. Qərar qəbul etmək, nəyisə təşkil etmək, planlaşdırmaq və.s bunlar alın payının fəaliyyətidir. Yəni alın payı bizim emosiyalarımıza, şüursuz fəaliyyətimizə nəzarət edir. Cavanlarda alın payı tam formalaşmadığı üçün onlar çox emosional olur və tez təsir altına düşə bilir. Təbii ki, mikrosfera, ailə tərbiyəsi və hansı mühitdə böyüməyi və digər faktorlar var ki, onların da rolu danılmazdır. Ona görə də cavanlar daha tez təsir altına düşə bilir. Məsələn, iki cavan arasında mübahisə olur, biri digərinə bıçaq vurur, gedir 10 il həbsxanada yatır. Amma yaşlı insanlarda belə problemlər heç vaxt olmur. Yəni, onlar daha təmkinli davranır. Bu yaş dönəmində insan öz emosiyalarına daha çox nəzarət edə bilir. Ona görə də, bu cavan yaş kateqoriyası üçün xarakterizə olunur. Çünki, onlarda bu proses tam formalaşmayıb. Qeyd etdiyim kimi mühit şəraiti də inkar olunmur. Hansı mühitdə yaşayıb böyüməsi vacib faktorlardan biridir.
-Bildiyiniz kimi narkotikə qurşanan şəxslər əsasən müxtəlif təbəqələrdən olur. Əsasən hansı təbəqə çoxluq təşkil edir?
- Ümumi götürsək, bunların o qədər də önəmi yoxdur. Bəzi insanlar deyir ki, kasıblarda daha çox olur, bəziləri deyir varlılarda. Bu elə də böyük əhəmiyyət kəsb etmir.
Asılılığın formalaşmasında görünməyən səbəblər daha çoxdur, nəinki görünən. Elə insanlar var ki, narkomanların içində böyüyür, yaşayır, amma heç vaxt narkotik qəbul etmir. İnsan da var ki, ideal şəraitdə saxlayırsan, məqam düşən kimi narkotik aludəçiliyinə meylliliyi artır. Müəyyən qrup insanlar ilk dəfə içki içib, siqaret çəkəndə onlarda öyümə, qusma baş verir və bu normal haldır. Amma müəyyən qrup insanlarda isə ilk dəfə narkotik vasitə qəbul edərkən xoşuna gəlir. Bu da beyində müəyyən bioloji aktiv maddələrin böyük ehtimalla defisitidir. Defisit olduğu üçün, insan daim kənarda bir xoş, münbit şərait yaradan kimi asılılıq yaranır. Amma insan da var ki, münbit şərait yaranır, beyinin o maddələrə ehtiyacı yoxdur. Və həmin insan narkomanların içində böyüyür, amma, narkotik vasitələrinin aludəçisi olmur. Təbii ki, bu proses cavan təbəqədə daha çox ehtimal olunur. Çünki insan 35, 40, 50 yaşlarında daha çox şüurlu fəaliyyəti baş verir. Ümumiyyətlə, insan 35 yaşa kimi tam şəxsiyyət kimi formalaşa bilir. İnsanın artıq bütün həyatı onun vərdişləri üzərində qurulur. İnsan fəaliyyəti bütün şəxslərdə 95-97 % şüursuzdur. Yəni, avtomatik hərəkətlərdir ki, bütün insanlarda belə olur. Yerdə qalan 3-4% isə şüurlu fəaliyyətdir.
-Valideynlər öz övladlarını psixoaktiv maddənin insan sağlamlığına mənfi təsirləri barəsində necə maarifləndirməlidirlər?
- Mütləq deyil ki, valideynlər öz övladlarına evdə oturub müəllimlik etsin. Sadəcə uşaqları nəzarətdə saxlamaq lazımdır. Təbii ki, nəzarət dedikdə onları güdmək lazım deyil. Bilmək lazımdır ki, övladları hara gedir, nə işlə məşğuldur, kimlərlədir. Xüsusilə də, yeniyetməlik dövründə, əsasən də oğlan uşaqlarını güdmək olmaz. Onları güddükdə daha əsəbi olurlar, etiraz edirlər. Çünki, onların yetişkənlik dövrüdür, onlar müstəqil şəxs kimi formalaşır və müstəqil yaşamaq, özünü təsdiq etmək istəyir. Sadəcə valideynin övladının gününün necə keçdiyini və harda olduğunu bilməsi kifayətdir. Uşaq narkotik istifadə edən şəxslərə qoşulursa, onun siqnalları yavaş-yavaş özünü büruzə verir. İlkin dövrdə bu proses bilinir. Uşaqlar dəyişilir, onun həyat ritmi dəyişir. Məktəbli nəyə görə siqaret çəkməlidir? Normal haldır bu? Normal deyil. Ata-ana isə bu problemə əhəmiyyət vermir. İkinci mərhələ uşağın gecə gec saatlarda yatmasıdır. Uşaq bu saata qədər niyə oyaqdır? Telefonla oynayır, gündüz isə gec durur. Onun təmasda olduğu dost çevrəsi dəyişilib. Tutaq ki, gecə saat 1-2-də uşaq çöldə nə edir? Bunları bilmək lazımdır. Vacib deyil ki, uşaq doğulduqdan sonra ona "narkotikdən istifadə etmək pis şeydir" cümləsini öyrədəsiz. Uşağın heç bu barədə anlayışı yoxdur. Nəyə görə onu təkrar-təkrar deyib yadına salır və diqqətinin məhz o məsələyə köklənməsinə vasitəçi olursunuz? Belə metodlara ehtiyac yoxdur. Valideyn övladını tərbiyə etmək üçün ilk növbədə özü tərbiyəli olmalıdır. Çünki, uşaqlar sözə qulaq asmır. Valideynin davranışına baxaraq hərəkət edir. Valideyn özünü necə aparırsa, övlad da ona baxaraq hərəkət edir. Təbii ki, uşaqlarda hər hansı bir dəyişiklik hiss etdikdə onların erkən üstünə düşüb nəticə əldə etmək olar. İndi bu prosesi öyrənmək çox asandır. Sidik analizi ilə həmin dəqiqə bilmək olur ki, uşaq hər hansı bir maddə qəbul edib ya yox.
-Maddə asılılığından xilas olmaq mümkündürmü?
- İnsanlar illərlə bir şeydən asılı olur. Elə düşünürlər ki, 10, 20 gün ərzində aslılıqdan uzaqlaşsalar onu tərgitmiş olurlar. Ona görə də, insanlar bilməlidir ki, illərlə qazanılan asılılıqdan 10 gün müddətində uzaqlaşmaq və yaxud tərgitmək olmur. Biri var ki, bir nəfərlə 10 gündür dostluq edirsiz və yeni tanış olur, bir otaqda oturursunuz. Həmin şəxs 10 gündən sonra çıxıb gedir, işini dəyişir, bir həftə, 10 gündən sonra yadınızdan çıxır, unudursunuz. Biri də var ki, 10 ildir bir nəfərlə dostluq edirsiz. Həmin dostunuz da deyir ki, "mən çıxıb getdim, köçdüm Amerikaya" Təbii ki, sizdə ayrılıq sindromu yaranır. Siz ondan ötrü çox darıxırsız. Bu yeddi gün, on gün, bir ay davam edir. Daha sonra yavaş-yavaş bu ayrılığa uyğunlaşırsınız. Amma o yaddaşda hər zaman qalır. Ümumiyyətlə, insan bu həyatda yaşayırsa, sağdırsa, hər şey mümkün olur. Yetər ki, mübarizə apara biləsən. İnsan nə qədər ki, yaşayır, hər zaman ümid var.
Qurbanlar həyəcan təbili çalır- heç vaxt yaxın durmayın.
Bu da zərərkəkmişlərin söhbətləri
...Mən Bakıda doğulub burada boya-başa çatmışam. 22 yaşım var idi. Bu yaş dövrü 2007-2008-ci illəri əhatə edirdi. Həmin illərdə narkotikdən istifadə etmək dəb halına gəlmişdi. Cavanların əksəriyyəti narkotikdən istifadə edirdi, bu bizim həyatımızda trendə çevrilmişdi. Mənə heç kim onu təklif etməyib. Mən bilirdim kim istifadə edib, özüm yaxınlaşıb istədim, pulunu verdim, qəbul etməyə başladım və çox xoşuma gəldi. Mənim asılılığım isə uşaqlıqdan başlamışdı. Hardasa 15-16 yaşım olardı.Bu ərəfələrdə böyük məbləğlərdə qumar oynayırdım. Lakin bir müddət sonra bu asılılığımı narkotikə dəyişdim. Narkotiki ilk dəfə 22 yaşımda qəbul etdim və bunu mənə heç kim təklif etmədi. Sadəcə cavanlıq etdim, bir xəyal vardı ki, dadına baxım. Təəssüf ki, narkotikin dadına bir dəfə baxmaqla kifayətlənmirsən. Elə o dadına baxan, bu dadına baxan oldum narkoman. Daha sonra isə könüllü şəkildə müalicə almaq üçün Reabilitasiya Mərkəzinə yazılmışam. Çünki, bu bəladan xilas olmaq üçün çox cəhdlər etdim. Hətta xəstəxanalarda, başqa ölkələrdə gedib müalicə almışam. Daha sonra düşünürdüm ki, ailə qursam, uşağım olsa, biznesim olsa, mən daha narkotikdən istifadə etməyəcəm. Amma çox təəssüf ki, bu 13 il davam etdi. Bunların heç biri mənə kömək etmədi. Mən sonuncu şans kimi Rebilitasiya Mərkəzinə gəldim. Şükür Allaha, sağalıram, hazırda da müalicə alıram. Bu mərkəz mənə çox şey verdi. Mənim bütün streotiplərimi, xəyallarımı dağıtdı. Mən burada öz xəstəliyimi başa düşdüm. Narkomaniya ilk növbədə xəstəlikdir. Hər bir asılı adamın problemi narkomaniya deyil. Onların problemi sadəcə asılılıqdır. Gənclərə demək istəyərdim ki, narkotik pisdir, bəladır, narkotikdən istifadənin sonu ölümdür. Təəssüf ki, gənclər bunu anlamır. Çünki, cavandılar, elə bilirlər ki, bir dəfə istifadə edib, narkotikin qarşısını ala biləcək. Xeyr, bu belə deyil. Bir dəfə istifadə etməklə insan artık narkotikə aludə olur və onun quluna çevrilir. Gənclərə məsləhət görərdim ki, istifadə etməyin. Əgər istifadə etmisinizsə, bu bəlanın içindəsinizsə, başqa çıxış yolu tapmağa çalışmayın. Tək çıxış yolu var, o da rebilitasiya mərkəzində düzgün şəkildə müalicə almaqdır. Kim istifadə etmirsə əgər, heç vaxt yaxın durmayın. Çünki bu maddədən istifadə edən tanıdığım şəxslərdən heç biri sağ qalmayıb.
xxxxxxxxxx
...Narkotiklə ilk tanışlığım 15 yaşında olub. Bu yaşımda ilk dəfə yüngül narkotiklərdən istifadə etməyə başlamışdım. 2014-cü ildə ali məktəbə qəbul oldum. Artıq mənim 18 yaşım var və yaşadığım mühit, küçə həyatı, gecə həyatı ilə tanış olmağıma daha çox səbəb oldu və həmin mühit ağır narkotiklərlə tanışlığıma gətirib çıxartdı. 2018-ci ildən 2021-ci ilin ilk aylarına qədər sürətli və ağır narkotiklərdən mütəmadi şəkildə istifadə etməyə başlamışdım. Daha sonra sağalmaq üçün Reabilitasiya Mərkəzinə yazıldım. Uzun müddətdir ki, çıxış yolu axtarırdım. Müxtəlif narkoloqlar, şəhərlər, ölkələr, tibbi müalicələr və sonunda hər zaman nəticə eyni oldu. Mən yenə də istifadəyə davam edirdim. Sonra narkotik götürdüyüm yerdən bir tanış mənə çıxış yolu olaraq buranı məsləhət bildi. Ondan sonra mən bura gəldim, müalicəmi davam etdirdim və hazırda da 4 aydır ki, müalicəm davam edir. Mən bu 4 ay ərzində çox şeyi başa düşdüm. Həyata olan eşqim artdı.Tam səmimi deyim ki, narkotikdən istifadə etdiyim zamanlar mənim bütün həyatım darmadağın olmuşdu...
Mehriban Xəlilli