Mədəniyyət ocaqlarımıza sahib çıxaq!
11 Noyabr 2021 15:27 SosialKitabxanalarımız bizim milli sərvətimiz, cəmiyyətimiz üçün müqəddəs yerdir. Xalqımızın yaratdığı qiymətli irsin toplanıb saxlanmasında, qazandığımız nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında kitabxanalarımız əvəzsiz rol oynayır. Əsrlər boyunca yazılan və bu gün nəşr edilən milyonlarla kitab kitabxanalarımızı hər gün bir az daha zənginləşdirsə də, təəssüflə qeyd etməliyik ki, son vaxtlar bu sahədə kəmiyyət artsa da, keyfiyyət xeyli azalıb. Bir çoxumuzun vazkeçilməz qiraət və istirahət yeri hesab etdiyimiz kitabxanalar bu gün nə vəziyyətdədir?
Kitabxana sistemi ölkənin ən vacib sahələrindən biri olsa da, son illərdə bu sahəyə Mədəniyyət Nazirliyi tərəfindən elə də yüksək diqqət göstərildiyinin şahidi ola bilməmişik. Təəssüf ki, hazırda nəinki respublikamızın kəndlərindəki kitabxanalarda, hətta paytaxtın əksər kitabxanalarında vəziyyət acınacaqlıdır. Əvvəla, müəssisələrin əksəriyyətində oxucunun qiraət etməsi, çalışması üçün lazımi şərait yoxdur. Yay və qış aylarında oxucuların mütaliə ilə məşğul olması nəzərə alınmamışdır. Əlverişli şərait üçün kitabxanalar tozdan, rütubətdən qorunmalı, normal temperaturda saxlanılmalıdır. İsidici və soyuducu qurğular quraşdırılmalı, kitabxanaların özü isə rütubət olmayan binalarda yerləşdirilməlidir. Təəssüflər olsun ki, bu gün şəhərin müəyyən hissələrində olan kitabxanalar rütubətli, darısqal, ümumiyyətlə, şəraiti olmayan otaqlarda, binalardadır. Nəticədə kitabların vərəqləri bir-birinə yapışaraq yararsız hala düşmüşdür.
Kitabxana fondlarının vəziyyətinin yaxşılaşdırılması onlara ayrılan maliyyə vəsaiti ilə bağlıdır. Azərbaycanda ümumilikdə 4203 kütləvi kitabxana var ki, rəsmi statistikaya əsasən bunlardan 51-i qəza vəziyyətindədir. 1141 kitabxananın isə təmirə ehtiyacı var. Araşdırmalar zamanı məlum olub ki, 2008-ci ildə kütləvi kitabxanalara 16 milyon 378 min 579 manat vəsait ayrılsa da, həmin məbləğin 80 faizi işçilərin əmək haqqı üçün nəzərdə tutulduğundan kitabxanaların təmirinə cüzi vəsait qalır.
Belə kitabxanalardan biri də oxucusu olduğum Füzuli 39-da yerləşən Mərkəzləşmiş Kitabxanadır. Binanı sürüşdürərkən müvəqqəti köçürsələr də, yenidən geri qaytarmayıblar. Həmçinin, Mir Qasımov 10-da yerləşən 2 saylı filialı (A.S. Puşkin adına) da müvəqqəti köçürülüb, amma geri qaytarılmayıb. Ümumiyyətlə, təkcə bu kitabxanalar deyil, eyni zamanda, Bakının digər qəsəbələrində də bu vəziyyətdə olan kitabxanalara rast gəlmək mümkündür. Halbuki, Dövlət Proqramı çərçivəsində əlaqədar qurumlar bu kitabxanalara da yardım göstərə bilərdilər. Mədəniyyət Nazirliyi isə bir çox hallarda bu istiqamətdə mövcud olan problemlərin həllinə çalışmaq əvəzinə, problemlərə göz yummağa üstünlük verib.
Son günlər maddi cəhətdən vəziyyəti yaxşı olan hər kəs də əlinə külli miqdarda məbləğ keçən kimi, bu məbləği müxtəlif obyektlərin, kafe və restoranların açılmasına sərf edir. Lakin, paytaxt və rayonun əksər hissələrində kifayət qədər əyləncə və istirahət mərkəzləri var. Bizim isə maariflənib, keçmiş, gələcək qələbələrimizi nəsildən-nəsillərə ötürməyə və tariximizi ölümszləşdirən kitab ocaqlarına ehtiyacımız var.
Ümid edirik ki, aidiyyatı qurumlar tez zamanda tarixə qarışmağa başlayan tariximizə hörmət edib, onu xilas edəcəklər. Axı ulu öndər Heydər Əliyev demiş: "Kitabxana xalq, millət, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir".
Mədəniyyət ocaqlarımıza sahib çıxaq!
Röyalə Xəyal