Atalı, analı, sənədsiz uşaqlar...

Onların  nikahdankənar doğulmasının günahkarı kimdir?

Nikahdankənar dünyaya gələn uşaqlar adətən vətəndaş nikahı ilə yaşayan ailələrdə baş verir. Bu "ailələrin" əksəriyyəti problemli sayıldığından sonradan nikahdankənar doğulan uşağın taleyi də sual altına düşür. Qeyd edək ki, vətəndaş nikahı iki şəxsin heç bir dövlət və yaxud qeyri-dövlət orqanı ilə münasibət yaratmadan qurduqları könüllü ittifaqıdır. Vətəndaş nikahı ənənəvi nikahdan bir sıra məqamlarına görə fərqlidir. Belə ki, onun ənənəvi nikahdan başlıca fərqi izdivacın sənədlər üzərində deyil, faktiki xarakter daşımasıdır. Yəni vətəndaş nikahında yaşamağa başlayan insanlar heç bir sənədləşmə prosedurlarından keçmədən birgə yaşamaq barədə qərar verirlər. Onu da xatırladaq ki, Azərbaycanda mövcud olan vətəndaş nikahı xarici ölkələrdəkindən öz spesifikliyi ilə fərqlənir. Daha dəqiq, bizdə vətəndaş nikahları rəsmi dövlət orqanları tərəfindən tanınmasa da, dini kəbinlə təsdiq olunur. Avropa ölkələrində isə hesab olunur ki, ortada istək, həyatı müəyyən müddət ərzində paylaşmaq istəyi varsa, bu zaman heç bir rəsmi sənədə ehtiyac yoxdur. Bu hal adətən hər iki tərəfi, qadını da, kişini də evlilik kimi rəsmi mərhələdən, bu mərhələnin yaratdığı gərginlik və məsuliyyət hissindən azad edir. Hətta bir neçə il öncə Bakıda gənclər arasında vətəndaş nikahı ilə bağlı keçirilən sorğunun nəticəsində bəlli olub ki, gənclər arasında vətəndaş nikahına pozitiv münasibət göstərənlərin sayı kifayət qədərdir. Vətəndaş nikahı ilə yaşam tərzinin tərəfdarlarının fikrincə, bu cür nikah onların daha müstəqil yaşamağa meylinin artmasından irəli gəlir. Vəkil Rövşən Qasımov hesab edir ki, vətəndaş nikahına adətən milli dəyərlərə dırnaqarası baxan, ailə məfhumuna məsuliyyətsiz yanaşan insanlar üstünlük verirlər. Bəzən, misal kimi Avropa ölkələrini göstərirlər və qeyd edirlər ki, həmin ölkələrdə vətəndaş nikahı ilə yaşamaq problem yaratmır. Əslində bu fikir kökündən yanlışdır. Avropada ailə modeli demək olar ki, tamamilə sıradan çıxıb və ailələrlə bağlı kifayət qədər problemlər var. Bu ölkələr ailə məsələsində heç vaxt bizə nümunə ola bilməz. Son illər bizdə də ailə institutunda ciddi gərginlik müşahidə olunur. Biz bu gərginliyin aradan qaldırılması üçün konkret addımlar atmalıyıq. Hazırda Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə  Dövlət Komitəsi tərəfindən Ailə Stategiyası adlı sənəd üzərində iş aparılır. Güman edirəm ki, bu sənəd hazır olduqdan sonra ailə məsələləri ilə bağlı bir sıra məqamlar öz həllini tapacaq. Onlara elə gəlir ki, vətəndaş nikahında kifayət qədər qeyd olunan məsuliyyət və öhdəliklər olmayacaq. Hətta bəziləri uşaqlarına belə atalıq faktoru və aliment verməkdən imtina edirlər. Bu birlikdə yaşayışın bir-birinə əminlik, inam hissinin kifayət qədər olmamasından irəli gəlir. Burada əmlak, aliment məsələlərinin, bir az xarici ölkələrin də təsiri var. Xarici ölkələrdə birlikdə yaşayıb, daha sonra ailə həyatı qururlar. Hətta belə bir təbliğat da irəli sürürlər. Lakin bir fərq var ki, xaricdə birgəyaşayanlar övlad dünyaya gətirmirlər. Birgəyaşamaq onlar üçün bir-birini tanıma rolunu oynayır. Ona görə də əhəmiyyətlidir. Bu mərhələdə də uşaq dünyaya gətirmirlər. Bizdə isə tam tərsidir. Əslində vətəndaş nikahı bizdə həmişə olub. Əsasən də yaşlı insanlar arasında müşahidə olunub. Gənclərin vətəndaş nikahında yaşaması o qədər də geniş yayılmış bir tendensiya olmayıb. Son illər bu cür halların diqqəti cəlb etdiyini görürük. Onu da uşaq dünyaya gələndə, aliment məsələləri ortaya çıxanda və zorakıllıq faktları aşkarlananda öyrənirik. Vətəndaş nikahı daha çox dini nikah kimi də olur. Bunlara elə gəlir ki, elə Allah yanında kəbinlərinin kəsilməsi onların birləşməsi üçün əsasdır və bunun da açıq şəkildə təbliğatı aparılır. Bu cür təbliğat  aparmaq və ya qarşısındakını utandırmaq, ailəliyin ilk dövründən qeyri-səmimi olmaq bu münasibətlərə səbəb olur.

Rəsmi nikadan kənar yaşayanlar düşünür ki, nə vaxt istəsən, çıxıb gedə bilərsən. İkinci bir tərəfdən, vətəndaş nikahlarının sayı artdıqca proses cəmiyyət üçün adiləşir. Əvvəllər adətən ilk evliliyi uğursuz olan şəxslər buna meyl edirdisə, indi heç evlənməyən şəxslər, hətta bəzən evin tək uşağı olanlar vətəndaş nikahında yaşamağı seçirlər. Ümumiyyətlə, ailədaxili münaqişələr artdıqca, boşanmalar artdıqca, vətəndaş nigahları da çoxalır. Bu prosesin özəyində insanın qarşısındakı şəxslə uzun müddət münasibətinin davam edəcəyinə inamın olmaması durur. Qərb ölkələri ilə müqayisə aparırlar. Orda cütlük bəzən 10 ildən çox bir yerdə yaşayır, daha sonra nikaha girir. Məlum olduğu  kimi bu cür cütlüklər ayrılanda da ən böyük çəkişmə mülk bölgüsü zamanı yaşanır. Bu da tərəflər arasında psixoloji güvənsizliyin yaranmasına gətirib çıxarır. Vətəndaş nikahından uşaq dünyaya gətirmək də təqdirəlayiq deyil. Amma nəzərə alaq ki, əvvəllər vətəndaş nikahına qarşı ictimai qınaq var idi. Artıq bu qınaq əvvəlki gücə malik deyil. Ona görə də bu prosesin genişlənməməsi üçün maarifləndirmə aparmaq lazımdır.

Çox ağrılı göstərici olsada qeyd edək ki , 2020-ci ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar 17 714 uşaq dünyaya gətiriblər. Nikahdankənar doğulan uşaqların 6667 nəfəri şəhər, 11047 nəfəri kənd yerlərində doğulublar. 2019-cu ildə isə Azərbaycanda rәsmi qeydә alınmamış nikahda olan qadınlar həyata 21 453 övlad əta ediblər. Bəs uşaqların nikahdankənar münasibətlərdən dünyaya gəlməsinin səbəbi nədir? Erkən nikahlar,  dini nikahların üstünlüyü,  yoxsa iki və ya üçüncü evliliklər? Nikahdankənar doğumlar dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da yaşanır. Mövzunun həssaslığını nəzərə alaraq, Azərbaycan Respublikası 2000-ci ilin 17 mart tarixində "Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında" Avropa Konvensiyasına qoşulub. Bununla da daxili qanunvericilik aktları daha da təkmilləşdirilib, nikahdankənar doğulan uşaqların statusu müəyyən edilib. 2011-ci ildə Azərbaycanda qanunvericiliyə edilən müvafiq dəyişiklik ilə nikah yaşının 17-dən 18-ə yüksəldilməsi erkən nikahlarla mübarizəni sərtləşdirib. Erkən nikaha girməklə bağlı qadağanın olması həm yetkinlik yaşına çatmadan nikaha girənlərin, həm də onların dünyaya gətirdikləri uşaqların yarıbayarı azalmasına səbəb olub.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31