“Bugünə qədər 36 nəfər azadlığa buraxılıb” - RƏİS AÇIQLADI
11 Noyabr 2021 12:19 Sosial"İndiki müzakirə olunan Amnistiya aktı haqqındakı qərar çox mühüm qərardır. Ümumiyyətlə cəza çəkməkdən azad etmənin əsaslarından biri də Amnistiya aktının qəbul olunmasıdır". Olaylar.az-ın verdiyi məlumata görə bu sözləri Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələsgərov 8 noyabr - Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya Aktına həsr edilmiş "Dövlətimizin humanist siyasətinin növbəti təzahürü" mövzusunda KİV-lərin iştirakı ilə dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Amnistiya aktı bir qayda olaraq ölkədə baş verən mühüm hadisələrlə bağlı olur: "Bugünkü Amnistiya aktı haqqında yeni qərar dövlət və vətəndaşlar üçün çox qürurverici olan Zəfər gününə həsr olunmuş aktdır. Hazırki akt 4 bölmə və 45 hissədən ibarətdir. Amnistiya aktı genişliyi ilə fərqlənir. Aktı tək məhkəmə orqanları yox istintaq və tədqiqat orqanları da istifadə edəcək. Akta 17 min məhkuma şamil edilir. Bu da aktın genişliyini, dövlətin gücünü, qüdrətini göstərir. Aktı qəbul olunan kimi cənab nazir tərəfindən müvafiq əmr imzalandı. 6 noyabr 2021-ci il tarixindən əmrə uyğun olaraq Pentensiar xidmət orqanlarında aktın icrasına başlanıb. Bu tarixdən sonra 36 nəfər azadlığa buraxılıb. Ümumilikdə isə 101 nəfərə şamil olunub".