Hamı sussun! ÇÜNKİ HAMI GÜNAHKARDIR!
4 Noyabr 2021 12:59 SosialƏfsanə Kamal
Bəziləri Braziliya seriallarından daha əxlaqsız həyat yaşayır.
Xəbər var eşidəndə ürəyin ağrıyır, xəbər də var eşidəndə ürəyin bulanır. Elə ən başda uşaq istismarı xəbərləri. Bir çox ölkələrdə pedofilliyi bir sindrom, xəstəlik kimi təqdim edən fikrin təsdiqi müzakirəyə qoyulub. Siz Allah, dayanın! Onsuz da istismarın qarşısını ala bilmirik. Sanki əlbir olmuşuq ki, uşaqları məhv edək, istər cinsi, istər fiziki, istərsə də psixoloji...
Odlar yurdu, küləklər şəhəri sakinləri bir neçə gün əvvəl İmişlidən gələn xəbərlə sarsılıb. Başqa vaxtı dilindən əxlaqsız avropalı sözü düşməyən həmvətənlər beləsini indiki dövrdə Avropada belə görməyib.
Geriyə doğru irəliləyən bu əxlaqsız, cahil nəsil, hələ efirə danışmaqdan da çəkinmir. 11 yaşında ana olan uşağın əmisi, uşağın başına gələnlərdən danışır. Danışarkən yanında 2 azyaşlı oğlan uşağı dayanıb, qulaq asır. Yox, bizim abrımız yoxdur. Birini məhv ediblər, indi də digərlərini məhv etmək fikrinə düşüblər.
"Ana" soğan yığmaqdan və başqasının əri ilə vaxt keçirməkdən 11 yaşlı qızına baxmağa vaxt tapa bilməyib. Hətta kor olub ki, qızının bədənində baş verən dəyişiklikləri belə görə bilməyib, ya da görməzdən gəlib.
Eşitdik təcavüz edən şəxsin özünün övladı da var. Əl-ayağa düşdük ki, onlara da bəlkə eynisini edib? Tapaq, danışaq. İkinci şoku yaşadıq. Təcavüz edən "kişinin" doğma qızını 12 yaşında qaçırıblar.
Təcavüzkarın rəsmi nikahlı yoldaşı isə deyir ki, "Mən ərimin arxasındayam. İslamda buyrulub ki, kişinin 4 arvadı ola bilər"
Sizlər nə yaşamısınız axı, kim öyrədib sizə bu dini? Siz harada böyümüsünüz? Sizi bu qədər əxlaqsız edən səbəb nədir ?
Əxlaqsız bu qadına və qızın anasına yaraşan ən layiqli kəlmədir. Ana, ailə ola bilməyəcəksinizsə, dünyaya gətirməyin bu uşaqları. Əxlaqsızlıq sadəcə hərəkətdə olmur, düşüncələrin də ən əxlaqsızı bu qadınlara məxsusdur.
Utanmırsınız, törətdiyiniz cinayətlərə bullinq, qısnama, pedofillik donu geyindirməyə? Qalmışdı bircə İslam. İstədiyiniz kimi şərh edin, hətta təcavüzə belə bu yolla haqq qazandırın.
Elə bilirsiniz təkcə ana və qohumlardır günahkar? Xeyr.

Mətbuat bu cür məsələlərə həssas yanaşmalıdır
Azərbaycan mətbuatı bu cür problemlərin işıqlandırılması haqqında çoxlu səhvlər buraxır. Ekran başında əyləşən azyaşlılar nəzərə alınmalıdır. Mətbuat orqanları bilməlidir ki, belə bir toplumda bir qız 17 yaşında etdiyi səhvin yükünü 77 yaşında qadın olsa belə, daşıyır. İş maarifləndirməkdən çıxıb, həvəsləndirmək formatına keçir. Bir anda antireklam reklama çevrilir. Və böyük fəlakətlər doğurur. Narkomaniya və.s problemlərlə mübarizədə də eyni səhvləri təkrar edirik.
Məktəblərdəki vəziyyət hər kəsə məlumdur. Rayon məktəbləri sistem olaraq tamamilə bərbad vəziyyətdədir. 11 yaşlı qızın müəllimi deyir ki, "o şagird məktəbə vaxtlı-vaxtında gəlmirdi". O utanmasa da, biz onun yerinə utandıq. Lazım gəlsə, pedaqoqluğu da öyrədərik. Bəs sən nə işə baxırdın, ay "müəllim"?!
Vəzifəniz uşaqlara dərs verməkdən ibarət deyil. Nəyə görə müəllim, həmən məktəbin direktoru vaxtında rayon polisinə müraciət etmirdi? Gözləyirdilər ki, bu uşaq qucağında öz uşağı ilə gəlib otursun dərsdə?
Rayonlardaki vəziyyəti müəllimlər bilmir? Qızların uşaq yaşda evləndirildiyini, çoxunun son sinifə qədər oxumadığını...
Məktəbi bitirmədən toy edib, bir əl-qol qaldırırlar ki, gəl görəsən. Bu qızların məktəb həyatı ilə doğum evinə getməyi arasında incə bir zaman dilimi var. Bu uşaqların hər biri səslərini eşitməyimiz üçün, təcavüzə uğramalıdır ? Yaşadıqları həyat təcavüzdən fərqlənmir, əmin olun.
Təkcə İmişli yox, demək olar, bütün rayonlarda, hətta Bakının kəndlərində də vəziyyət eynidir. Və bunu güc strukturları da bilir. Hər il onlarla azyaşlı qız 1 gecə içində doğum evində böyüyüb, ana olur. Həkimlər göz yumur. Jurnalist göz yumur, müəllim göz yumur, polis göz yumur, yeri gəlir hakim də göz yumur. Bizə və gələcəyə yardım edə biləcək hamı göz yumur. Bütün bu olanları ört-basdır edən, işi tanışlıqla həll edən, rüşvət alan hər kəs bilməlidir ki, sadəcə 1 qızı yox, bütöv cəmiyyəti məhv edirlər. Cahil, dini"dar", hətta əxlaqsız ana övladına nə öyrədə bilər?! Axı o da heç nə öyrənməyib zamanında. Sadəcə bir nəfərin faciəsi adlandırdığımız problemlər böyüyüb, toplumsal bir problemə çevrilir. Öz əllərimizlə. Bu dərdimizə dərman isə yalnız və yalnız təhsildir.