QOY DOLANIM, VƏTƏN, SƏNİN BAŞINA DEMƏSİNLƏR, PƏRVANƏSİ CATIŞMIR…
4 Noyabr 2021 10:24 SosialƏminə YUSİFQIZI,
Respublikanın əməkdar jurnalisti
Bu beyti tez-tez təkrarlamağı çox sevirmiş. Döyüş yoldaşları da onu görəndə artıq əzbərdən bildikləri bu misraları gülə-gülə təkrar edirdilər. Və həmişə də Kamil əlavə edərdi: O alçaq erməniləri nəzərdə tuturam. Onlar nə bilir vətən nədir, vətənin fədaisi, pərvanəsi olmaq nə deməkdir?!
22 illik qısa və mənalı ömrü ilə şəhidimin həyat hekayəsini vərəqlədikcə necə qürur duyduğumu bir biləydiniz...
30 iyul 1998-cı ildə Yevlax rayonunun Aran qəsəbəsində anadan olub Kamil. Şəhid Vüqar Əmraslanov adına tam orta məktəbdə təhsil alıb. İncəsənətə həvəsi onu Aran qəsəbə musiqi məktəbinə qarmon sinfinə gətirib. Gözəl qarmon ifacısı olub. Eyni zamanda idmanın əlbəyaxa döyüş növü ilə məşğul olub. Elə qəhrəmanlıq, igidlik adlı zirvənin ilk pilləsinə də əlbəyaxa döyüş növü üzrə dünya cempionu kimi qalxıb. Uğurları ilə sevindirib onu sevənləri. Yadımdadı, dəfələrlə "Kür" qəzetində haqqında yazılar dərc etmişdik. O zaman ağlıma da gəlmirdi ki, uzun illərdən sonra da qəzetimizdə bu cəngavərimizdən yenidən yazacağam. Ancaq bu dəfə elin, obanın ürəyində özünə yuva quran şəhid Salahov Kamil Mətləb oğlu kimi. Kamilin məşqcisi olmuş Ceyhun Hacıyevlə görüşüb söhbətləşdik, dərdləşdik, bu idmançı oğlanın keçdiyi zəfər yoluna birlikdə nəzər saldıq. Məşqci onun haqqında o qədər ürəkaçan sözlər söylədi ki...
Kamil Salahov 2012-ci ildə İranın Kiş adasında keçirilən yarışlarda dünya çempionu titulunu qazanıb.
6 qat Azərbaycan çempionu olub. Dəfələrlə turnirlərin qızıl mükafatına layiq görülüb. Öz cəkisi və yaşı üzrə 1 nömrəli idmançısı sayılıb Azərbaycanın!

Azərbaycan Cü-do Döyüş Növləri Federasiyasının yığma komandasının üzvü olub. II dərəcəli Qara Kəmər ustası idi.
18 yaşında hərbi xidmətə gedib və kəşfiyyatcı kimi ixtisaslaşıb. 2018-ci ildə hərbi xidmətdən qayıdan Kamil taleyini hərbə bağlamaq qərarına gəlib. "N" saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyətə başlayıb.
Çox gənc olsa da yetkin bir insan ömrü yaşayır, hərəkətlərilə həmişə nümunə göstərilir.
Yaşasaydı neçə-neçə uğurlara imza atacaqdı Kamil. Bu igidimizin sonrakı taleyini yazmağa necə çətinlik çəkirəm, qələmim od tutub, yanır.
2020-ci il sentyabrın 27-də yenə yeni torpaq sevdasına düşmüş, özgə atını minib çapmağa adət eləmiş, ona məxsus olmayan torpaqda sərxoş halda "Yallı" getməyi şəninə sığışdırmış, özgə bağının meyvəsinə tamah salmış mənfur düşmən öz çirkin əməllərini davam etdirmək ümidi ilə Vətənimizə qarşı yeni təxribat törətdi.
İgid oğullar ayağa qalxdı, sinələrini sipər edib çəpər çəkdilər öz doğma torpağımıza. Kamil də elə həmin gündən vətəni, torpağı, elin namusunu, qeyrətini qorumaq atəşiylə döyüşlərə qatıldı. Belə oğuldan başqa nə gözləmək olardı ki? Dəfələrlə Azərbaycan bayrağını uca zirvələrə qaldıran Kamil indi bu üçrəngli bayrağı Şuşada dalğalandırmaq ücün canını fəda edəcəyinə söz verdi. Vətənə eşqi isə o qədər sonsuz idi ki, gözü heç nəyi görmürdü. Ağdərə-Suqovuşan istiqamətlərində BMP-2-də tuşlayıcı operator kimi düşmənə zərbələr endirir. Ermənilərin neçə-neçə postunu yararaq, irəli gedirdi. Girmişdi mənfur düşmənlərin müvəqqəti sahib olduqları torpaqlarımızın içinə. Qızğın döyüşlər zamanı düşmən başqa bir BMP-ni arxadan vurur. Kamil görür ki, texnika alışıb yanır. Düşüb ki, kömək eləsin, döyüş yoldaşlarını xilas etsin. Xilas edir də. Ancaq əzraili düşmən snayperi olur Kamilin. Şəhidlik zirvəsində 28 sentyabr 2020-ci ildə özünə yer alır, həmişəki kimi ən yüksək pillədə...

Şəhid taleləri neçə bir-birinə bənzəyir. Bir gecədə saçları ağarmış anaları, şəhid balalarının kədər dolu baxışlarını və şəhid oğullarının qara yaylıqlı nakam xanımlarını gördükcə varlığımdan yox oluram. Şəhidimiz Kamil vətənpərvər bala idi. Və bu vətənpərvərliyi atasından, elinin-obasının igid oğullarından öyrənmişdi. Atası Mətləb Suvarma Sistemləri idarəsində işləyir. 45 yaşı var. I Qarabağ müharibəsində igidliklə vuruşub, ölümün gözünə dik baxmağı bacarıb. Veterandır. Mətləbin qardaşı Kamil I Qarabağ müharibəsində şəhid olub. Bu gün də onun igidliyindən danışılır. Mətləb şəhid olmuş qardaşının adını yaşatmaq ücün ogluna Kamilin adını verib. Anası Şəfəq xanım "N" saylı hərbi hissədə camaşırxanada işləyir. Oğul dərdi yaman sinsidib onu. Söhbətləşirik: Atanın da, ananın da hərəkətlərindən, fikirlərindən ziyalılıq, kübarlıq yağır.
- Çox qoçaq idi balam. Torpaqlarımızın düşmən tapdağında olmasını ağır bir dərd kimi ürəyində gəzdirirdi. Ölənəcən vuruşmalıyıq. Daha bundan sonra nə ölümüzdən, nə dirimizdən nigaran qalmamalıyıq, ana - deyirdi Kamil.
Mətləblə Şəfəq xanım danışır, mən isə ürəyimdə Nazim Hikmətin bu fikrini təkrarlayıram: "Adam var otların çeşidini bilir, adam var quşların. Mən dərdlərin çeşidini bilirəm".
Bəli, Salahovlar ailəsinin də çeşid-çeşid dərdləri var idi. Şəhid qardaş dərdi, şəhid oğul dərdi.
Kamilin Amil adlı bir qardaşı da var. Hərbi xidmətə Naxçıvanda "N" saylı hərbi hissədə başlasa da, şəhidin ölümündən sonra Amili Bakıya "N" saylı hərbi hissəyə dəyişiblər ki, ailənin son ümidi üçün daha rahat olsun. Dövlətimiz bunu da nəzərdən qacırmayıb.
Kamilin unudulmaz bir sevgi tarixçəsi olub. Birinci sinifdən məktəbi qurtarana qədər birlikdə oxuduğu Şamamanı sevib. Məktəb illərində Şamamanı göz bəbəyi kimi qoruyurmuş. Hec kəs cürət edib qızın xətrinə dəyə bilməzdi. Çox seviblər bir-birlərini.
İndi Şamama Kamilin yadigarını böyüdür. Bir oğulları var. Tunar Salahzadə! Kamil cəmi 10 gün görüb ciyərparasını və Vətənin azadlığı naminə gözlərini əbədi yumub. Nə Kamil "ata" sözünü eşidib, oğluna "can" deyə bilib, nə də oğlu Tunar ata şirinliyinin ləzzətini dadıb.
Ancaq tək deyil Tunar Salahzadə. Anası, nənəsi, babası, əmisi və nəhayət, vətəni. Onların firavan həyatı üçün hər şeyi etməyə hazır olan dövləti. Axı, tarix yazan Aərbaycan Ordusu dövlətimizin başcısı, hər birimizin ümid yerimiz olan İlham Heydər oğlunun möhtəşəm qələbəsi ilə yeni Azərbaycan qurur. Tapdaq altından xilas olan torpagımız çiçək-çiçək, yarpaq-yarpaq bəzənəcək ki, Tunar xoşbəxt bir ölkədə yaşasın.
Salahov Kamil Mətləb oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Sonsuzadək ürəyimizdə yaşayacaqdır!