Yaz əkini mövsümündə ölkədə 4 yüz mindən artıq ağac əkilib

"Yaşıl Marafon" çərçivısində bu il bir milyon ağacın əkilməsi nəzərdə tutulur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən jurnalistlərin Salyan rayonunun Xıdırlı kəndində yerləşən "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma sahəsinə mediatur təşkil edilib. Jurnalistlər sözügedən ərazidə tinglərin yetişdirilməsi prosesi və dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olublar. Məlum olub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti kompleksin ərazisində qapalı şəraitdə tinglər yetişdirir. Buradakı tinglərin suvarılmasında isə duzsuzlaşdırılmış sudan istifadə olunur. Dövlət başçısının meşə massivlərinin yaradılması ilə bağlı tapşırıq və tövsiyələrinin icrasına mühüm töhfə olan bu layihə çərçivəsində əsasən zeytun, tut, badam, innab, nar, həmçinin müxtəlif həmişəyaşıl ağac növlərinin yetişdirilməsi həyata keçirilir. Bu tinglər təhkim olunmuş ərazilərdə yeni aqrobağların və yaşıllıqların salınmasında istifadə edilir.

Kompleks barədə ətraflı məlumat verən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib ki, tinglik təsərrüfatında Azərbaycanın, xüsusən də Abşeronun  iqlim şəraitinə uyğunlaşdırılmış ağac kolları yetişdirilir. Təsrrüfatda həmçinin ölkənin digər ərazilərində yetişdirilmək üçün nəzərdə tutulan  ağac kolları mövcuddur. Burada tinglər toxumlar və çilinglərdən artırma üsulu ilə yetişdirilir.  Müəyyən standartlar həddinə çatdıqdan sonra aşıq hava şəraitinə uyğunlaşdırılrq təsərrüfatlara paylanır: "Məlum olduğu kimi 2021-ci ilin əvvəlində İDEA İctimai Birliyinin təşəbbüsü ilə  ölkədə yaşıllaşdırma marafonuna start verilib.  Marafon çərçivısində il ərzində ölkədə bir milyon ağacın əkilməsi nəzərdə tutulur. Artıq yaz əkini mövsümündə 4 yüz mindən artıq ağac əkilib. Biz paralel olaraq meşə-bərpa və yaşıl zolaqların salınması layihələrini də həyata keçiririk. Xocahəsən gölü ətrafında, Müşfüqabad qəsəbəsi, Bakı-Sumqayıt yolu, Şimal-Bakı-Şimal, Cənub və Şimal-Qərb istiqamətində  yolların kənarlarında yaşıllşdırma işləri aparılır. Oktyabrın 20-dən isə payız əkin mövsümünə başlanılıb. İlkin olaraq respublikanın dağlıq ərazisində, əsəsn Böyük Qafqaz, Kiçik Qafqaz, Gədəbəy, Daşkəsən ərazisində və Cənub zonasında bu işlərin həyata keçirilməsi nəzərdə tutulub.  Ümumilikdə payız əkini mövsümündə 800 min ağacın əkilməsi nəzərdə tutulub".

Nazir müavini bildirib ki, "Yaşıl marafon" layihəsi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 100 hektara yaxın sahədə ağac əkilməsi nəzərdə tutulub. Həmin ərazilərin  32 hektar Zəngilan, 40 hektar Cəbrayıl, 20 hektar türkiyəli qardaşlarımızla salınacaq dostluq parkında, 10 hektar Ağdamda və digər ərazilərdə ağaclar əkiləcək: "60 hektar bu payız əkin mövsümündə əkiləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 4 saylı Yaşıllaşdırma İdarəsinin rəhbəri Ramik Əsgərov isə bildirib ki,  tinglik sahəsi 2013-cü ildən etibarən işə başlayıb. Tinglik sahəsinin salınmasında məqsəd kökü bağlı və əsasən iynəyarpaqlı cinsli ağac və kol bitkiləri yetişdirməkdir. Hazırda sahədə 700 min ədəddən çox ting və toxmacar yetişdirilir. Aparılmış toxum tədarükündən sonra ilkin olaraq cücərtmə sahəsində toxumlar birinci istixanada violalara səpilir, bitişdən sonra isə bitkilərin boyu 10-15 santimetrə qədər uzandıqda onlar ikinci böyütmə sahəsinə keçirilir. Daha sonra isə boyları 15-20 santimetrə çatmış bitkilər ikinci və üçüncü böyütmə sahələrində əkinə hazır vəziyyətə gətirilir.

Tinglik təsərrüfatında müxtəlif cinsli ting və toxmacarlar yetişdirilir. Bu tinglik sahəsinin yaşıllaşdırmanın salınmasında əhəmiyyəti böyükdür. Hər il yetişdirilmiş təxminən 700 min ədəd tingin 200-250 mini yeni yaşıllıqların salınmasına yönəldilir. Burada əsasən kökü bağlı tinglərin yetişdirilməsinin məqsədi əkin mövsümünü uzatmaqdır. Çünki Azərbaycanda yaz fəsli gəldikdən sonra dərhal havalar istiləşməyə başlayır və belə olan halda kökü açıq olan ağacların yaşıllaşdırmada istifadəsi çətinləşir. Bu sahədə yetişdirilən bitkilərin yaşıllaşdırma tədbirlərində istifadəsi ilin istənilən ayında mümkündür. Ona görə də ölkəmizdə yaşıllaşdırma işləri təkcə payız və yaz aylarında deyil, həmçinin iyul və avqustda da həyata keçirilir. Bu ərazidə tinglərin yetişdirilməsində cəmi 18 fəhlə çalışır.

Həmin tinglərin yetişdirilməsində suvarılma üçün Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində istehsal olunmuş sudan istifadə edilir: "Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması zavodu 2013-cü ildə istismara verilib və zavodun gücü 2016-cı ildə ikiqat artırılıb. Zavodda sutka ərzində Xəzər dənizindən 4 min kubmetrdən çox su 12.5 kilometr məsafədən qəbul edilir və nəticədə içməyə və suvarmaya tam yararlı olan 2 min kubmetr su istehsal olunur. Həmin sudan 700 hektarlıq yaşıllıqların, eyni zamanda 700 min ədəd ting və toxmacarların suvarılmasında istifadə edilir. Tinglərin boyu və qablaşdırılması isə tələbata uyğun olaraq müəyyənləşdirilir".

Nazirliyin ekologiya siyasəti şəbəsinin müdiri Faiq Mütəllimov əlavə edib ki, son illər ölkəmizdə su ehtiyatlarından istifadənin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən kompleksin yaradılması mühüm əhəmiyyət daşıyır: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kompleksi 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə kompleksdə əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb. Hər xəttin istehsal gücü 1000 kubmetrə bərabərdir. Yəni, gün ərzində dənizdən qəbul edilən 2500 kubmetrə yaxın duzlu su müəssisəyə daxil olur və həmin sudan 2000 kubmetr içməyə yararlı su istehsal edilir. Aparılan tikinti və yenidənqurma işləri nəticəsində dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr olan damba inşa edilib. Müəssisədə əks osmos membranları ilə təchiz olunmuş yüksək texnoloji avadanlıq və elektron idarəetmə sistemi qurulub. Həcmi 500 və 200 kubmetr olan xüsusi örtüklə izolyasiya edilmiş metal su çənləri quraşdırılıb, tutumu 500 və 2500 kubmetr olan yeraltı su anbarları inşa edilib".

Bildirilib ki, müəssisədə istehsal olunan su içməli su göstəricilərinə tam uyğundur. Hazırda istehsal olunan suyun böyük əksəriyyəti, təqribən 90 faizi ətraf ərazilərdə salınan 700 hektara yaxın yaşıllıqların suvarılmasında, qalan hissəsi isə məişətdə istifadə edilir. Bu layihə yalnız dəniz suyunun duzsuzlaşdırılması ilə kifayətlənməyib, eyni zamanda, Şirvan kollektorunun suyunun duzdan təmizlənməsini həyata keçirir. Bu çərçivədə kollektorda 2013-cü ildə birinci, sonra isə gün ərzində 2500 kubmetr suyu duzsuzlaşdıran ikinci xətt istismara verilib. Ümumiyyətlə isə Şirvan kollektoru üzərində quraşdırılan qurğular gündə 5 min kubmetr suyu içməli su həddinə kimi duzsuzlaşdırır. Sutka ərzində duzsuzlaşdırılan 7 min kubmetr su 1750 hektar ərazidə yaşıllıqların suvarılmasına kifayət edir.

Sonda jurnalistlətlər kompleksin əməkdaşları ilə birgə ərazidə  ağac əkiblər.  

Alim  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31