“Övladlarımızı özümüzünkülərdən də qorumalıyıq, baba, dayı, əmi...” – Psixoloqdan ilginc açıqlama
30 Oktyabr 2021 13:56 Sosialİmişlidə 11 yaşlı qızın hamiləlik diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi cəmiyyətdə geniş müzakirələrə yol açıb. Azyaşlının bundan sonrakı taleyi və sonrakı psixi durumu narahatlıq yaradır.
Maraqlıdır, 11 yaşında bu cür hadisə ilə üz-üzə qalan uşaqla hansı şəkildə işləmək lazımdır? Sözügedən hadisə hansı fəsadlara yol açacaq?
Olaylar.az xəbər verir ki, məsələ ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova hamilə qalmış uşağın anasının da mütləq mənada əqli cəhətdən probleminin olduğunu deyib:
"Uşağa qarşı bu cür cinsi zorakılıq edən insanın pedofillik xəstəliyindən əziyyət çəkdiyi görünür. Valideyn hamiləliyin bu mərhələsinədək uşaqda olan dəyişikliyi sezməli idi. Əgər sezmirsə, demək ki, əqlində problem var. Uşağın anası deməsin ki, evə zaman ayıra bilməyib, çalışıb və buna görə diqqətsizlik olub. Bu əsla səbəb deyil. Valideyn uşağın hamilləliyini sezməyibsə, necə olur ki, bu prosesi məktəb psixoloqu, yaxud müəllim də ayırd edə bilməyib?"
Psixoloq hesab edir ki, övladlarımızı elə birinci növbədə özümüzünkü adlandırdığımız şəxslərdən qorumalıyıq:
"Manyak vəziyyətinə düşmüş şəxs baba, dayı, əmi, hətta ata da ola bilər. Pedofil olan şəxs düşünmür ki, qarşısındakı kimdir. Onlar ancaq öz istəklərinə çatmağa çalışırlar. Uşaq bundan sonra daim psixoloq nəzarəti altında olmalıdır. Yəqin ki, bir müddət uşağın məktəbə getməsi ilə bağlı məhdudiyyət olacaq. Psixoloq uşaqla ünsiyyətdə olub həm nəzəri, həm də praktiki baxımdan onu nəzarətə saxlamalıdır".
Psixoloq Fərqanə Mehmanqızı isə uşağın gələcəyi ilə bağlı zəncirvari faciələrin də yaşana biləcəyini qeyd edib:
"Bu kimi hadisələrin intensiv yaşanması insanı qorxuya salır. Belə hadisələr cəmiyyətdə baş verən böyük qlobal problemin qığılcımının işarəsidir. Bu hadisəni törədən şəxs ən ağır cəzanı almalıdır. Hadisənin özü nəinki qıza, onun yaxınlarına, hətta bu xəbərlə tanış olan hər kəsə travma yaşadır. Uşağın bundan sonrakı mərhələdə həyata baxışı tamamilə dəyişəcək. Onda cəmiyyətə nifrət, aqressiya yaranacaq. Bu uşaq gələcəkdə özünə müxtəlif formalarda ziyan verə bilər. Yeni doğulan körpəyə gəldikdə isə onun da hansı psixologiyada böyüyəcəyi bilinmir. Yəni bir uşaq üçün özündən 11 yaş böyük ana, zorakılıq əməli edən bir atanın varlığı ağır olacaq".