İcra Hakimiyyəti 11 yaşlı uşağın hamilə qalmasını təsdiqlədi- "Təəssüf ki, bu dəhşətli hadisə baş verib”

"Hazırda araşdırma gedir, məlumatın detalları bilinəndə ictimaiyyətə xəbər veriləcək".

Bunu Qaynarinfo-ya İmişli rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova 11 yaşlı uşağın 31 aylıq hamilə qalması ilə bağlı hadisəyə aydınlıq gətirərkən deyib. Onun verdiyi məlumata görə, hadisə araşdırılır.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə dərhal uşağın qısa müddətə ailədən təcrid olunmasını, hamiləliyin dayandırılmasını tələb edir:

"Hadisəni törədənin naməlum şəxs olduğunu düşünmürəm. Lap baş verən hadisə kənarda olsa belə, uşağa qarşı necə laqeyd münasibət olub ki, ana və ya doğmaları onun bu vəziyyətdə olmasından bixəbər olublar. Azyaşlı qız üçün İmişli Prokurorluğu və İmişli İcra Hakimiyyəti birgə qərar çıxartmalıdır və o qısa müddətə ailədən təcrid olunmalıdır. Biz onun reabilitasiyasını üzərimizə götürə bilərik".

Qeyd edək ki, 11 yaşlı qız 31 həftəlik hamiləliklə xəstəxanaya müraciət edib. Hadisə İmişli rayonunda qeydə alınıb.

Hamilənin azyaşlı olduğunu nəzərə alan həkimlər hüquq-mühafizə orqanlarına müraciət edib.

Rayon prokurorluq əməkdaşlarının apardığı araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31