"Heç bir sahibkar səbəbsiz yerə sizə 3000 manat əmək haqqı verməz, əgər..."
28 Oktyabr 2021 16:15 SosialMehriban Zeynalova "Əgər ailə məsləhət vermək gücündə deyilsə, o halda mütləq mütəxəssisə müraciət etmək lazımdır"
Olaylar.az-ın müsahibi "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovadır. Mehriban xanımın qadına şiddət, insan alveri və narkomaniya ilə mübarizə mövzusunda verdiyi müsahibəni təqdim edirik.
- Mehriban xanım, son günlər cəmiyyətdə baş verən qadın zorakılığı hallarının kökündə nə dayanır?
- Zorakılıq son günlərin hadisəsi deyil. Hər zaman gündəmimizdə var və uzun müddətdir davam edir. Sadəcə olaraq, son zamanlar daha çox aktuallaşıb, indi insanlar zorakılığın mahiyyətini anlayır və zorakılıq əsas müzakirə mövzusuna çevrilir. Məsələn, məişət zəminində qadın zorakılığı əvvəllər də var idi. Sadəcə olaraq, müzakirə olunmurdu. Bir çox ənənələrimiz var idi ki, məsələn qaynana-gəlin, ərin həyat yoldaşına qarşı münasibəti və s. müəyyən normalar, qaydalar çərçivəsində idi və bu zorakılıq kimi qiymətləndirilmirdi. 2013-cü ildə məişət zorakılığının qarşısının alınması haqqında qanun qəbul edilsə də, hətta 2016-cı ilə qədər belə müzakirə o qədər geniş deyildi. Halbuki, qadınlar evdə qətlə yetirilirdi, zorakılıq, xəsarət var idi. Yəni, ictimai müzakirə mövzusu deyildi. İndi isə artıq aktuallaşıb və ictimai müzakirə predmetinə çevrilib. İnsanlar bəzi hallarda mahiyyətini anlamır, amma yenə də müzakirə olunur.
- Qadınların şiddətə boyun əyməsində təhsilsizliyin rolu varmı?
-Qadınların şiddətə boyun əyməsinin iki aspekti var: iqtisadi və ənənəvi. Ənənəvi olaraq, ailədə qız uşağı tərbiyə olunanda, ərin qadın üzərində hökmünü gündəlik həyatlarında hansısa formada təbliğ edirlər. Bu uzunmüddətli bir təbliğatın, gender rollarının bu cür qoyulmasının, qadının iqtisadi cəhətdən kişidən asılılığının təsiridir. Təbii ki, burda təhsil də rol oynayır. Amma ümumi psixoloji amil var ki, qadın kişinin bütün nazına, kaprizlərinə dözməlidir. O cümlədən, kişi qadını istədiyi vaxt vura, döyə və öpə bilər. Mən bunu daha çox oturuşmuş ənənələrdən doğan boyun əymə kimi qiymətləndirirəm. Guya ki, təhsil alan adamların arasında zorakılığa məruz qalan yoxdur? İstənilən səviyyədə təhsil almış qadın bəzi hallarda zorakılığa məruz qalır. Sadəcə, bizim onlar barədə məlumatımız olmur. Çünki, onlar ictimai nüfuzlarına xələl gətirmək istəmir.
- İnsanlar hansı hallarda insan alverçilərinin toruna düşürlər?
- İnsanlar məlumatsız olduqlarında insan alverçilərinin toruna düşə bilər. Həssas vəziyyətdə, riskli qrupa aid olanda və yaxud məlumatları, təklifləri yoxlamayanda insan alverinin toruna düşə bilərlər. Təbii ki, orda yaş kateqoriyası da var. Yeni doğulmuş uşaq kirayə götürülüb dilənçiliyə cəlb edilə bilər və yaxud azyaşlı uşaq hansısa əməyə cəlb oluna bilər. Burda artıq uşağın yaşı və onun özündən böyüyün sözlərinə sözsüz tabe olmaq, inanmaq məsələsi var. Amma yuxarı yaşlarda artıq yoxlanılmamış məlumatlar, hansısa təkliflər, tələsik qərarlar və yaxud həyatında tez dəyişiklik etmək istəyən insanlar insan alverçisi üçün çox əlverişli mühit yaradır.
- İnsan alveri qurbanlarının yenidən əvvəlki həyatlarına qayıtması şansı var?
-Əlbəttə, insan alveri qurbanlarının inteqrasiyası, reabilitasiyası, müəyyən həyata qayıdışı ilə bağlı çoxlu misallar gətirə bilərik ki, məsələn, onlar normal həyata qayıdıb, normal əmək fəaliyyəti ilə məşğuldur, ailə qurublar, uşaqlarını böyüdüblər. Bunun üçün ölkədə yaxşı beynəlxalq proqram var. Bu proqram Azərbaycan qanunvericiliyində var. Xidmət paketləri var ki, insan alveri qurbanları o xidmət paketlərindən bəhrələnərlər və inteqrasiya olunandan sonra da onlar üçün istənilən qanunvericilik tələbində qeyd olunan bütün xidmətlər davamlı şəkildə müəyyən dövr ərzində göstərilə bilir. Ona görə, insan alveri qurbanları heç də hansısa bir təbəqə deyil ki, ondan imtina edilsin. Ümumiyyətlə, dayanıqlı inkişaf məqsədlərində deyilir ki, heç kim kənarda qalmamalıdır. O cümlədən, insan alveri qurbanlarının da məxfiliyi qorunur. Onların məxfiliyi qorunduqdan sonra təbii ki, həyatında hər şey dəyişir, yeni bir həyata qayıda bilir. Əsas odur ki, məxfilik pozulmasın. Amma hətta bəzi hallarda şəxs özü məxfiliyini pozursa, ailə qurduğu adama və ya kiməsə bildirirsə, yenə də orda siqma diskriminasiya olunsa, qarşı tərəf məsuliyyətə cəlb olunur və burda çox sərt addımlar var.
- Narkomaniya ilə mübarizə hansı üsullarla aparılmalıdır ki, effektiv nəticə versin?
- Narkomaniya ilə mübarizə üçün müxtəlif üsullar, metodlar var. Bunların ən birinci addımı ilkin aşkarlanma, hansısa cinayəti görürsənsə, zorakı yolla cəlbetmə oldunsa, dərhal məlumat vermək və qarşı tərəflə bağlı mübarizə aparmaq lazımdır. İkinci bir tərəf də təbii ki, yaxşı, düzgün təbliğatın böyük rolu var. Üçüncüsü, necə ki, insan alverində kifayət qədər xidmətlər və hansısa addımlar formalaşıbsa, narkomaniya ilə mübarizədə reabilitasiya mərkəzləri olmalıdır. Əsas, insan alverindən fərqli olaraq, narkomaniyada ağırlaşdırıcı hallar baş verirsə, özünün bərpası məsələsi çox uzun müddət tələb edə bilər. Onun həyatını dəyişmək, təkrar təsirə düşməməsi üçün mühit və insan konstruksiyası olmalıdır. Mühit insan üçün əlverişli olmalıdır və o mühit narkomaniya ilə mübarizədə hər kəsə aid olmalıdır. "Bu mənim qohumumdur, tanışımdır satır, qoy pul qazansın" və s. kimi məsələlərdə susqunluq göstərmək olmaz. Dərhal müraciət edib, o əməlin qarşısının alınması üçün çalışmaq lazımdır. Mənə elə gəlir, burada sərt cəza tədbirləri çox əhəmiyyətlidir.
- Gələcəkdə şiddətin, insan alverinin və narkomaniyanın qurbanı olmaması üçün gənclərə nələri məsləhət görürsünüz?
- Şiddətin qurbanı olmamaq üçün şiddəti elə ilkin addımda dayandırmaq lazımdır. Bu o demək deyil ki, qarşı tərəfə yumruq, təpik atmaq lazımdır. Məsələni hansısa formada tənzimləmək lazımdır, ya hüquqi formada, ya mütəxəssis tənzimlənməsi olmalıdır. Yaxşı olardı ki, şiddətin ilk anından mütəxəssis müdaxiləsinə şərait yaradılsın. İnsan alveri cinayətlərində bayaq dediyim kimi, hansısa böyük vədlər heç vaxt əsaslı olmur. Gənclər bəzi hallarda hansısa elanlara, təkliflərə inanırlar. Başa düşün ki, heç bir sahibkar səbəbsiz yerə sizə 3000 manat əmək haqqı verməz, əgər sizin bacarığınız, biliyiniz, təcrübəniz yoxdursa. Təsəvvür edin ki, həmin sahibkar 1 aydan sonra müflis olar. Ona görə də hərdən elə təkliflər gələndə mütləq sual vermək lazımdır. Əsas məsələ odur ki, gənclər gələcək üçün hədəflərini müəyyən etməlidirlər. Mütləq insanın hədəfi olmalıdır. İnsan yalnız özü üçün yaşayanda heç vaxt xoşbəxt olmur. Ona görə də, görürsünüz ki, bəzi hallarda hansısa tələlərə düşürlər. İnsan cəmiyyət üçün, insanlara xeyir üçün yaşayanda çox böyük stimulları olur və xoşbəxtliyi daha çox hiss edir. Və ailə. Bütün mövzularda ailə ilə hansısa məsələləri müzakirə etmək lazımdır. Əgər ailə məsləhət vermək gücündə deyilsə, o halda mütləq mütəxəssisə müraciət etmək lazımdır. Hər şeyə inanmayın. Hər görünən qızıl cəlbedici olsa da, qızıl olmur. Ona görə də, belə məsələlərdə diqqətli olmaq lazımdır.
Röyalə Xəyal