“Ərəbcə danışa bilmir, amma Quranı tərcümə edir” - Komitə rəsmisindən ilahiyyatçıya SƏRT SÖZLƏR
28 Oktyabr 2021 11:17 Sosial"Mən qanun və vicdanım qarşısında rahatam. Əminəm ki, seyidi və ya başqa bir insanı iblislə müqayisə etmək həm qanun, həm də etik baxımdan qəbul edilməzdir".
Olaylar.az bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilahiyyatçı Elşad Mirinin "İslamda yoxdur" adlı kitabının idxalına icazə verilməməsindən danışarkən deyib. O, səbəb kimi kitabda Elşad Mirinin seyidləri iblislə müqayisə etməsini göstərib:
"Bu mövqeyi ölkə məhkəmələri də haqlı sayıb. Əgər Avropa məhkəməsi desə ki, yox, Elşad Miri düz edib seyidləri iblislə müqayisə edib, artıq buna deyəcək bir sözüm yoxdur. Uzaqbaşı Hüseyn Cavidin "İblis"ini tərcümə etdirib onlara göndərə bilərəm. Elşad Mirinin iddialarına ciddi, amma etiraf edim ki, onun səmimi olmadığı vaxtlarda bəzən yarızarafat, hətta ironiya və sarkazmla cavab vermişəm. Fikirləşmişəm ki, cəmiyyətdə Elşad Miri kimisi də olmalıdır".
Qurum rəsmisi ilahiyyatçının ərəb dilini bilmədiyini vurğulayıb:
"Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşı bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam. Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiniz. Dəhşətdir!
Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşı danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidir.