Həm   kresloda, həm  də  təpəmizdə oturanlar - Əfsanə Kamal yazır

Əfsanə Kamal

Ciddiyəm, bu adamlara yer versək, başımızda da oturarlar. Ölkənin böyük bir hissəsində insanları ən çox süründürən qurum  icra strukturlarıdır. Vətəndaşın cibini öz cibi hesab edənlər diyarı da deyə bilərik. 
Korrupsiyaya qarşı mübarizə burulğanı çox adamı vəzifədən qaldırdı. Prezident yaxın zamanlarda yeni icra başçılarına da öncədən tapşırığını verdi. Görürük, bu qulaqburmasının təsirini hələ hiss etməyənlər  də var. Adamları başımıza çıxarıb, sonra ordan aşağı düşsün deyə yalvaran da bizik, hər işimiz vaxlı-vaxtında həll olunsun deyə rüşvət verən də...  
Ümumiyyətlə, bizim xislətimiz budur. Universitetlərin bir çoxunda rektorun qapısından keçmək belə mümkünsüz olur. İcazə verilmir. Tələbə kimdir ki, rektorun qapısının önündən keçsin ? Təbii ki, bu kinayədir. Azərbaycanlı tələbə Avropada hər hansı universitetin rektorluğu ilə daha rahat əlaqə yaradır, nəinki öz universiteti ilə. Vəziyyət acınacaqlıdır deməkdən də yorulmuşuq artıq. Çoxları gəldikləri vəzifəyə gəldiyi yeri unudur.
Belə adamları xəyanətkar adlandırmaq olar. Etibar edilən vəzifəyə, əmanətə xəyanət edənlər.
Yaxşılığa istifadə edilməyən pul, TƏHLÜKƏDİR. Bir çoxları əmanət qavramını sadəcə "pul" zənn edirlər. 
Sözün açığı bu tip xəbərlərə öyrəşmişik. Pis şeylərə öyrəşə bilən bir toplumda yaşayırıq. "İcra başçısı və.s vəzifəli şəxslər rüşvət aldı, büdcədən pul mənimsədi" başlığı altında onlarla xəbər tirajlanıb. Bunlar maddi əmanətlərdir. 

Bəs işin mənəvi tərəfi? 

İki gün öncə "Şəhid anası intihar edib" xəbəri gündəm oldu. Çoxları elə bilir ki, qadının intihar səbəbi oğlunu itirməsidir. Mən bir şəhid anasının dilindən "Ölmək bu acıdan yaxşıdır. Ancaq oğlumun yasını saxlamadan ölən deyiləm" sözlərini eşitmişdim. İntihara  cəhd  edən şəxs 2020-ci il oktyabrın 17-də Kəlbəcər uğrunda gedən döyüşlərdə 21 yaşında şəhid olan Azər Həsənovun anası  Vüsalə Məmmədovadır. 
Vüsalə xanım dəfələrlə Gəncə icra hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət etsə də, onun şikayətinə baxılmayıb. 
Niyazi Bayramov həmin vaxt ərzində xidməti yerində olmayıb. Harada olması isə məlum deyil.
İntihar səbəbi isə bir başqa dərddir. Evsizlik. Kirayə pulunu ödəyə bilmədikləri üçün evsiz qalıblar. Bəli, dünyadaki ən dəyərli varlığı olan övladı Vətən uğrunda fəda olan ana, yaşamaq üçün özünə ev tapa bilmir. Şəhidlərin mənəvi əmanətləri olan Şəhid ailələri bir çox icra başçısı tərəfindən görməzdən gəlinir. Onlar üçün yetəri qədər maddi vəsait ayrılsa da, diqqət ayrılmır. Oğlunun ölümündən bir il keçsə də, görünür, o yaranı qaysaq bağlamağa icazə vermirik. 


İşin ən ağrılı tərəfi isə, bu xəbərlə qarşılaşan heç kim "yox ola bilməz" demir. Hər kəs əmindir. Heç kəs vəzifəli bir şəxsin Şəhid ailəsinə qarşı etdiyi bu haqsızlığa təəccüblənmir. Bizi bu cür toplum olaraq  formalaşdıran səbəb nədir, hansı ara  bu qədər qəddar olmuşuq? 
Bu cür məsələlərdə ən effektiv vasitə ictimai qınaqdır.  Bunu bacarmalıyıq. Bizə əmanət edilən mənəvi dəyərlərə sahib çıxmağın başqa yolu yoxdur. 
Vəzifəli şəxslərin bunları etməkdə isə 2 səbəbi var. Ya vəzifə öhdəliklərini bilmirlər və vicdansızdırlar, ya da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları ilə şəkil çəkdirəcəkləri günün gələcəyindən qorxmurlar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31