“Davamsız immunitet yaranan infeksion xəstəliklərdə vaxtaşırı epidemik alovlanmaların olması təbiidir”
28 Oktyabr 2021 09:04 SosialSon zamanlar ölkəmizdə koronavirusa yoluxma halları kəskin artıb. Bu isə insanlar narahatlığa səbəb olub. Bəs yoluxmanın artmasına təsir edən əsas səbəblər nədir?
Olaylar.az-a açıqlama verən infeksionist Nicat Əzimli bildirib ki, yoluxmaların artımının səbəbləri çoxdur. İlk növbədə bu pandemiyanın xarakteridir. Xüsusilə davamsız immunitet yaranan infeksion xəstəliklərdə vaxtaşırı epidemik alovlanmaların olması təbiidir. Lakin, əlbəttə bu günə qədər aparılan müxtəlif mübarizə tədbirlərinin nəticəsinin kifayət qədər olmaması bizi düşünməyə vadar edir. Belə ki, pandemiyanın əvvəlində yalnız vaksin haqqında danışıldı. Vaksinasiyanın pandemiyadan tək qurtuluş yolu olduğu vurğulandı. Bu doğru idi. Amma, nəzəriyyədən icra etmə mərhələsinə gələndə gördük ki, vaksinasiyanın tətbiq olunmasında müxtəlif çətinliklər ortaya çıxır. Xüsusilə hamının vaksinasiyada könüllü iştirak etmək istəməməsi və böyük bir kütlənin vaksinsiz qalması nəticədə yoluxma saylarında əhəmiyyətli azalmaya nail olunmasına əngəl oldu.
"Digər faktor bizim ölkəmizdə tətbiq olunan Coronavac (Sinovac) vaksininin effektinin yeni variantlar qarşısında çox zəif olmasıdır. Belə ki, inkişaf etmiş ölkələrdə vaksinlər arasında üstünlük mRNT və vektor vaksinlərinə verilir. Çünki bu vaksinlərin qoruyuculuq xüsusiyyəti daha uzun müddətlidir. Lakin, bizdə ən əlçatan vaksin Sinovac idi. Buna görə vaksinli xəstələnmələr az deyil.
3-cü faktor vaksinasiyanın əvvəllərində 2 doza vaksin almış şəxslərin əksəriyyətinin Buster doza vaxtı çoxdan çatıb və keçib. Reimmunizasiya olduqca vacibdir. Çünki statistikada görünən vaksinli şəxslərin böyük əksəriyyəti ilə bağlı dediyim vəziyyət müşahidə olunur. Bu cür şəxslərə dərhal, vaxt itirmədən Buster doza vaksini məsləhət görürəm. Əsasən əgər onlar üçün əlçatandırsa, yəni yaxınlıqda varsa Pfizer Biontech-lə vaksinlənmək ən məsləhətlidir.
4-cü olaraq, ağırlaşma hallarına toxunmaq gərəkdir. Belə ki, yoluxmalar artsa da daha effektiv müalicə metodu əlimizdə olsa ağırlaşma hallarının əhəmiyyətli azalması bizə pandemiyadan çıxışda bir irəliləyiş ola bilər. Hazırda, vaksinə əlavə olaraq daha güclü dərman preparatlarına da ehtiyac var. Hansı ki, dünyada axtarışlar davam edir və bəzi yeniliklər haqda artıq xəbərlər yayılır. Yaxın müddətdə ağırlaşmaları 50% azalda biləcək kapsul və tablet halında buraxılan dərmanların istehsalına başlanılması gözlənilir.
Bütün saydığım səbəblər xaricində, əlavə olaraq, fəsil dəyişikliyi, havaların soyuması ilə əlaqədar qapalı mühitlərdə insanların sıx təması, təhsil müəssisələrinin son zamanlarda açılması və tamamilə vaksinsiz yaş qrupu olan məktəblilər arasında sıx ünsiyyətin başlaması, yoluxmaların çox artdığı qonşu ölkələrlə gediş-gəlişlərin artması və s. səbəbləri də göstərmək olar"
Mehriban Xəlilli