COVID-19-un yaratdığı psixoloji narahatlıqlar və onunla mübarizə yolları
25 Oktyabr 2021 12:14 SosialYeni növ koronavirus (COVID-19) orqanizmdə fizioloji təsirlə yanaşı, müxtəlif psixoloji narahatlıqların da yaranmasına səbəb olur. COVID-19-a yoluxmaq təhlükəsi ilə əlaqədar müxtəlif fikirlər formalaşır və həmin narahatlıqlar uşaqdan böyüyə hər kəsin psixikasına təsir göstərir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın dediyinə görə, ortaya çıxan psixoloji problemlər sırasında daha çox təşviş pozuntusu üstünlük təşkil edir: "Təşviş, zehnimizdəki mənfi düşüncələrin, bir çox hallarda obsessiv düşüncələrin təsiri bnəticəsində formalaşan psixoloji narahatlıqdır. Yeni növ koronavirusla əlaqədar təşvişi artıran bir başqa faktor qeyri-müəyyən vəziyyətdir. Xəstəliyin müalicəsinin tapılmaması isə təşviş pozuntusunu stimullaşdırır. Pandemiya ilə bağlı yaranan psixoloji problemlərdən digəri isə depressiyadır. Evə qapanma, özünü sosial mühirdən təcrid etmək nəticəsində depressiv hal formalaşa bilər və bunun nəticəsində həyatdan zövq ala bilməmək hissi əmələ gələ bilər. Bunun ardınca isə vəziyyətin daha da ağırlaşması və nəticədə xroniki vəziyyətə keçməsi mümkündür."
COVID-19-la əlaqədar yarana biləcək psixoloji narahatlıqlar barədə məlumat verən psixoloq bildirib ki, stressə meyilli, təşviş pozuntusundan əziyyət çəkən, ipoxondriya müşahidə edilənlərdə, depressiv, isterik, paranoid və obsessiv-kompulsiv şəxsiyyət tipi olanlarda aldıqları məlumatlarla əlaqədar müəyyən psixoloji narahatlıqlar müşahidə oluna bilər. Psixoloq bu zaman zəruri olan profilaktik tədbirlər barədə danışarkən deyib: "Əvvəlcə təşvişlə hərəkət etməməli, sakit və şüurlu şəkildə xəstəliyə qarşı profilaktik tədbirlər görülməlidir. Gündəlik gigiyenik qaydalarına riayət etməli, əllər gün ərzində tez-tez yuyulmalı, yuyunmaq üçün şərait olmadıqda spirt tərkibli antiseptikilə təmizləmənməlidir. Tünlük yerlərdə yaxın təmasdan uzaq olmaq və yoluxma riski aradan qalxana qədər əllə görüşməmək lazımdır. Xəstəliklə əlaqədar qeyri-peşəkarların verdiyi məlumatlara, sosial mediada yayılan şərhlərə aldanmamaq, mütəxəssis rəyləri və məsləhətlərə qulaq asmaq lazımdır. Əks təqdirdə sosial media üzərindəki yalan xəbərlər təşviş səviyyəsini artıra, bunun nəticəsində mənfi fikirlər də təşviş pozuntusuna səbəb ola bilər. Ona görə də hər hansı bir psixoloji narahatlıq yarandığı təqdirdə mütəxəssislərə müraciət etmək məsləhətdir".