Macarıstandakı keçmiş səfirimiz Ramil Səfərovun necə ekstradisiya olunmasından YAZDI

İlk dəfə səsini eşitdiyim Ramilin fikirlərini dəqiq və sərrast ifadə etməsi, təmkini, danışıq tonundakı sakitlik və gümrahlıq diqqətimi çəkdi. Anladım ki, telefon xəttinin o biri başında dayanan gənc illərdən bəri dörd divar arasında saxlanmasına baxmayaraq, kifayət qədər dözümə, gücə, təqdirəlayiq iradi keyfiyyətlərə malikdir. Xalq arasında deyildiyi kimi, dili varsa, dilçəyi də var... Çətinliyə sinə gərməyi bacarır. Şikayətlənməyi, yazıqlıq donuna girməyi qətiyyən özünə rəva görmür. Başqalarının da ona belə mövqedən yanaşmasını qəbul etmir.

Yadımdadır ki, ümumi şeylərdən danışdıq. Ramil yeni təyinatımla bağlı məni təbrik etdi. Əvvəlki səfirdən və bütünlükdə Səfirliyin münasibətindən razılığını bildirdi. Polşadakı diplomatik fəaliyyətimi və mətbuatdakı yazılarımı izlədiyini (!) dedi. Taleyi ilə yaxından maraqlanacağıma ümid etdiyini söylədi.

Həyatımda ilk dəfə idi ki, həbsxana kamerasında oturan adamla telefonda danışırdım. Təskinlik sözləri deməyə, ürək-dirək verməyə çalışdım. Onu möhkəm və səbirli olmağa, həyatının nə zamansa mütləq yaxşılığa doğru dəyişəcəyinə inanmağa çağırdım. Yadımdadır ki, hətta sonda özümdən asılı olmayaraq çox da xoşuma gəlməyən şablon ifadə işlətdim, "Azadlıqda görüşənə qədər!" - dedim. Bu sözləri dilə gətirərkən səsim, intonasiyam özümə saxta göründü. Amma həqiqətən nə deyirdimsə, hamısı ürəkdən gələn sözlər idi.  Aktyorluğu heç vaxt bacarmamışam.

Həmin gündən Vətənə ekstradisiya olunana qədər Ramil mənə ayda 1-2 dəfə zəng vururdu. Bəzən hansısa məsələ ilə bağlı məsləhət almaq istəyirdi. Bəzən sadəcə hal-əhval tutmaq niyyəti ilə telefon açdığını deyirdi. Bəzən macar radiosundan, yaxud televiziyasından dinlədiyi ölkəmizlə bağlı hansısa o qədər də obyektiv olmayan xəbəri çatdırır, səfir kimi münasibətimi bilmək istəyirdi. Və bu söhbətlərin hamısında olmasa da, iki-üç dəfədən bir sanki elə-belə, sözarası "işinin" nə yerdə olduğu ilə maraqlanırdı. Əslində isə hər dəfə bunu dilə gətirməsə də, bütün telefon zənglərinin arxasında mütləq "İşimdən təzə nə xəbər var?" - sualının gizləndiyini yaxşı başa düşürdüm. Belə məqamlarda özümü Frans Kafkanın məşhur "Proses" romanının qəhrəmanının düşdüyü aləmdə hiss edirdim. Ümidverici bir yenilik yox idisə, danışmaq da asan olmurdu. Daim təkrarlanan təskinlik sözləri saxta səslənirdi. Ona görə də gizlətmirəm: həbsxana kamerası ilə rahat kabinet arasında cərəyan edən mütəmadi telefon danışıqları mənim üçün həmişə çətin, üzücü idi.

Macarıstana ölkə həyatında mühüm siyasi dəyişikliklərin baş verdiyi vaxtda gəlmişdim. Apreldə parlament seçkiləri keçirilmişdi. Artıq kifayət qədər gənc yaşında bir dəfə baş nazir olmuş Viktor Orbanın rəhbərlik etdiyi sağ mərkəzçi siyasi qüvvə - FİDES-Macarıstan Vətəndaş İttifaqı partiyası Avropa Birliyi ölkəsi üçün gözlənilməz nəticə göstərib qanunverici orqanda konstitusion çoxluq və hökuməti təkbaşına formalaşdırmaq səlahiyyəti qazanmışdı. Bunun macarlar üçün nə dərəcədə faydalı olacağını deyə bilməzdim. Amma  azərbaycanlı zabitin gələcək taleyi baxımından baş verən dəyişiklik o qədər də əhəmiyyətsiz amil sayılmamalı idi. Çünki vahid lider və yekdil hakimiyyətlə dialoq qurmaq həmişə bir neçə nəfərlə, yəni koalisiya ortaqları ilə dil tapıb anlaşmaqdan daha asan olur.

Mənbə: demokrat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31