Daha çox risk qrupunda olan şəxslərin peyvəndlənməsi tövsiyyə olunur
21 Oktyabr 2021 14:32 Sosial"Buster doza qüvvətləndirici doza deməkdir. Qəbul etdiyimiz 2 doza peyvəndin qoruyuculuğu bir müddətə maksimala çatdıqdan sonra zaman keçdikcə azalmağa başlayır. Buster (qüvvətləndirici) dozanın əhəmiyyəti bundadır ki, peyvənd olunaraq, orqanizmin virusa qarşı qoruyuculuğunu artırmış oluruq".
Bu sözləri Olaylar.az-a açıqlamasında həkim-infeksionist Səxavət Xəlilli deyib.
"Buster (qüvvətləndirici) doza, hər iki doza peyvənd qəbul etmiş şəxslərə məsləhət görülür. Xüsusilə, daha çox risk qrupunda olan şəxslərin peyvəndlənməsi tövsiyyə olunur. Bu qrupa tibb işçiləri, yaşı 50+ dan yuxarı olan, yanaşı xroniki xəstəlikləri olan, xəstəliyi ağır keçirmə riski olan, immun sistemi zəif olan şəxslər aiddir.
Covid-19 əleyhinə istifadə olunan peyvəndlərdən sonra yan təsirlərə az hallarda rast gəlinir. Bu simptomlar birinci və ikinci doza peyvəndlərdən sonra rast gəlinən əlamərlərdən fərqlənmir. Qısa müddətli temperatur yüksəlməsi, üşütmə, peyvənd olunan nahiyyədə yerli ağrı, əzələ ve baş ağrıları, ishal kimi simptomlar ola bilər.
Bu gün üçün 4-cu doza peyvəndin vurulması haqqında fikirlər müxtəlifdir. 3-cü dozanın effektivliyi bir çox elmi araşdırmalarda təsdiqini tapmışdır. Əgər, bir müddət sonra bu dozanın effektivliyinin azalması müşahidə olunarsa, 4-cü dozanın müzakirəsi o zaman aktuallaşacaq. Lakin, bunun olacağı və ya nə zaman olacağı haqqında indidən fikir bildirmək çətindir. Onu da qeyd edim ki, 4-cü doza peyvənd olunan şəxslər də var və onlarda hər hansısa fərqli yan təsirlər müşahidə olunmamışdır. Xroniki xəstəliyi olan, risk qrupunda olan yeniyetmələr Buster doza ilə peyvəndlənə bilərlər. Ümumilikdə, 2 doza peyvənd olunmuş və üzərindən 5 ay keçmiş bütün şəxslərin, xroniki xəstəlikləri olan, 50+ yaşı olan, 18+ yanaşı xəstəlikləri olan, yüksək risk şəraitində yaşayan və işləyən şəxslərin ( tibb işçiləri, ictimai yerlərdə işləyənlərin, xidmət sektorunda işləyənlər və s.) Buster doza peyvənd olunması tövsiyyə olunur".
Röyalə Xəyal