Ərzaq məhsullarında sürətli bahalaşma gedir

Ölkədə həyata keçirilən sosial siyasətə kimlər xələl gətirir?

Ölkədə tez-tez baş verən bahalaşmaya öyrəncəliyik. Hər dəfə yaz və payız mövsümündə artan qiymətləri mövsümi bahalaşma kimi qələmə verən rəsmi şəxslər bu dəfə bahalaşmanın səbəbini əhalinin sosial rifah halının yüksəlməsilə əsaslandırdılar. Qəribə məntiqdir, əhalinin sosial rifah halının yüksəlməsi qiymətlərə necə təsir edə bilər? Bəs iqtisadi qanunauyğunluqlar, bəs məhsulun qiymətinə birbaşa təsir edən maya dəyəri, istehsl xərcləri kimi amillər hara getdi? Belə məlum olur ki, bu sahədə artım olmadığından iqtisadi əsaslandırma da mümkün deyil. Deməli, ölkədə baş verən qiymət artımı süni amillərlə bağlıdır, başqa sözlə, bunun heç bir iqtisadi əsası yoxdur. Məsələ orasındadır ki, ölkəni ərazq və qeyri-ərzaq malları ilə təmin edən inhisarçıların qulağına çatıb ki, Tarif Şurası elektrik enerjisi və qazın qiymətində dəyişilik edib.(qiymətləri qaldırmayıb ha, dəyişiklik edib). Baxmayaraq ki, sözügedən dəyişiklik hələ gələn aydan tətbiq ediləcək, ancaq sahibkarlar tez-tələsik məhsullarının ikiqat bahasına bazara çıxarıblar. Hansı ki, əhalinin sosial rifah halına təsir edəcək əmək haqları, pensiya və müavinətlərin artıdılması məsələsinə gələn ilin dövlət büdcəsində baxılacaq. Hələ hökumət o vaxta qədər bununla bağlı təkliflərini hazırlayıb dövlət başçısını təqdim edəcək. Büdcə təsdiq olunduqdan sonra artım məsələsinə aydınlıq gətirikləcək ki, bu da növbəti ilin mart ayına çəkəcək. Bu sadə məntiqi bütün iqtisadçıların bildiyi halda qiymət artımının əhalinin sosial rifah halının yüksəlməsilə əsaslandırmaları heç cür başa düşülən deyil.

Fakt odur ki, daxili bazarda qiymət artımı vətəndaşların ailə büdcəsi ilə heç cür uzlaşmır. Statistika Komitəsinin rəsmi məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən 105,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 106,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,6 faiz təşkil edib. Cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz təşkil edib. Bu isə o anlama gəlir ki, istehlak bazarında qiymətlərin artması ən çox ərzaq məhsullarında qeydə alınıb. Belə ki, cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, makaron məmulatlarının, qarabaşaq yarmasının, unun, düyünün, kolbasa məmulatlarının, toyuq, qoyun və mal ətinin, təzə və dondurulmuş balığın, südün, kəsmiyin, pendirin, yumurtanın, günəbaxan yağının, yemişin, qarpızın, gavalının, bananın, pomidorun, göy lobyanın, badımcanın, bibərin, kələmin, xiyarın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çay, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən kivinin, üzümün, almanın, armudun, naringinin, balqabağın, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verib. 2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105,9 faiz təşkil edib.

Rəsmi statistik məlumatdan göründüyü kimi ən çox bahalaşma ərzaq məhsullarında qeydə alınıb. Maliyyə Nazirliyindən isə bildirilib ki, əmək haqları, pensiya və müavinətlərin artırılmasının gələn ilin dövlət büdcəsində əks etdirilməsi üçün işlərə başlanılıb. Daha dəqiq,  Prezidenti  İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamından irəli gələn tapşırıqların 2022-ci ilin dövlət büdcəsi layihəsində əks etdirilməsi üçün müvafiq təkliflərin hazırlanması üzrə işlərə start verilib. Bununla əlaqədar 2022-ci ilin dövlət büdcəsinin gəlir və xərclərinə baxılır, əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının maliyyə təminatının yaradılması ilə bağlı məsələlər nəzərdən keçirilir. Dövlət büdcəsi layihəsinə müvafiq düzəlişlərin edilməsi ilə bağlı təkliflər ən qısa müddətdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.

Millət vəkili Aydın Hüseynov hesab edir ki, yeni tarif siyasəti qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin fəaliyyətinin optimallaşdırılmasına imkan yaradacaq, onların liberal bazar oprinsipləri əsasında qarşılıqlı tənzimləmə siyasəti həyata keçirməsini stimullaşdıracaq: "Beləliklə, dövlət yanacaq-enerji sektoruna büdcədən  il ərzində xərclədiyi 100 milyonlarla manat həcmində subsidiyanı büdcənin əsas xərc bölmələrindən biri olan sosial sahəyə istiqamətləndirəcək. Büdcənin sosialyönümlü tədbirlərinin maliyyələşdirmə əhatəsi genişlənəcək, bu vəsaitlər isə ilk növbədə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcəkdir. Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı əməkhaqlarının, sosial müavinət və təqaüdlərin, digər sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırıması məhz bu baxımından büdcədənin artan imknaları hesabına sosial siyasətin gücləndirilməsinə xidmət edir. Büdcəmizdə sobsidiyaların azalması sayəsində yaranan maliyyə vəsaitləri, eyni zamanda, iqtisadi artım nəticəsində büdcənin gəlirlərinin yüksəlməsi sosial müdafiə sahəsinə daha böyükhəcmdə maliyyə ayrılmasına əlverişli təminat verir". İqtisadçı deputat düşünür ki, sosial müdafiə sahəsində yeni addımlar növbəti sosial paketin hazırlanması üçün fundamental dövlət sənədi hesab oluna bilər: "Bu addım ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir və bir daha təsdiləyir ki, ölkəmizdə yürüdülən sosial rifah strategiyası davamlı xarakter daşıyır. Qeyd edək ki, ölkəmizdə pandemiyadan əvvəl güclü iqtisadi artım meyilləri və büdcənin artan imkanları nəticəsində 2019-cu ildə əhalinin 3 milyon nəfərini əhatıə edən 2 sosial paket qəbul olunmuşdu. Bu siyasət davamlı olduğundan növbəti illərdə də nəzərdə tutulmuşdu. COVİD-19 pandemiyası səbəbindən bu soisla tədbirlər yubandı. Hazırda isə real maliyyə imkanlarının artması hesabına həmin sosial siyasətin davam etdirilməsi üçün əsaslı zəmin yaranıb. Beləliklə, dövlət başçısının yeni Sərəncamı beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Yəni, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır. Bu məqsədlə Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Beləliklə, 2022-ci il yanvarın 1-dən ölkə üzrə 1 milyon 800 min nəfərədək vətəndaşın rifahının daha da yaxşılaşdırılmasını nəzərdə tutur, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunması təmin ediləcək".  Göründüyü kimi inhisarçı zümrənin süni qiymət artımı cəhdləri ölkədə həyata keçirilən sosial siyasətə xələl gətirmiş olur. Əgər belə halların qarşısı alınmasa yenidən qiymət artımı qaçılmaz olacaq.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31