Soyunaraq geriyə,  Bürünərək "irəli" gedənlər..

Sözlərimdə kinayə yoxdur. Bu doğrudan belədir. Əcdadları kimi çılpaq gəzmək istəyən adamlar da var, gözlərinə qədər bağlanıb, irəli, lap irəli, Cənnətə getməyi düşünən də...
Hər biri fərdi seçimlərdir. Fərdi olsa da nəticədə çoxluq toplanaraq, ortaya bütöv bir toplumun düşüncə, yaşam, yanaşma tərzini sərgiləyir. Ayrı-ayrılıqda analiz etsək, nə demək istədiyim aydın olacaq. 

Modernlik soyunmaq deyil, geyinə bilməkdir

Söhbət fiziki qabiliyyətdən yox, zövqdən gedir. Yəni, bir fərd qapalı geyinirsə, bu onu sivilizasiyadan kənarda qoymur. Heç kim onu zövqsüz, "qıjı" adlandıra bilməz. Bədəni ilə pul qazanmaq çoxdanın adətidir. Əvvəllər bunu sadəcə fahişələr və modellər edirdisə, indi sosial media istifadəçisi olan hər kəs edə bilər. Vizuallığın çox önəm daşıdığı bu dünyada insanlar beyinlərini və ruhlarını inkişafla, elmlə, doldurmaq yerinə, üzlərini və bədənlərini silikonla doldurur. Günün az qala 12 saatını "tiktok" və digər sosial şəbəkələrdə keçirən, başqalarının yaşadığı, daha doğrusu bizə mükəmməl göstərdiyi həyatı izləməyə vaxt ayıran şəxs, şəxsi inkişafına necə vaxt ayıra bilər ?
Övladını yetişdirməyə necə vaxt ayıra bilər? Həə, bu artıq məsələnin bütün toplumu maraqlandıran tərəfidir. Uşaqların sosial media qurbanı olması, hətta istismar edilməsi. 

Valideynlər uşaqlarını sosial media vasitəsilə necə istismar edir? 

Çoxları bunu etdiyindən bixəbərdir. Uşaq bədəni pul qazanmaq üçün "obyekt" deyil. Oyuncaqla oynamalı olduğu yaşda övladınız instagram modelliyi edirsə, deməli, siz onu pul mənbəyi kimi görürsünüz. İnsanlar həddi -buluğa çatdıqdan sonra özləri öz peşələrini seçməlidirlər. Müəyyən yaşa qədər uşağı dərsdən əlavə, yaşının qaldıra bilməyəcəyi işlərlə yükləmək doğru deyil. 
Uşaqları özünüz görmək istədiyiniz kimi formalaşdırmağa çalışmayın. Siz həkim ola bilməmisiniz deyə, onlar bu arzunuzu yerinə yetirmək məcburiyyətində deyil. Digər yandan imanlı uşaq böyütmək istəyərkən 10 yaşlı uşağı dini etiqada sürükləmək... bu  heç doğru deyil! 

Dinin yanlış öyrədilməsi uşaqlarda hansı fəsadları doğurur?

Milli Məclisin 4 may 2021-ci ildə aldığı qərara əsasən, uşaqlar dini etiqada aid edilməməlidir. Övladınızı yaxşı böyütmək sizin cəmiyyət qarşısında olan borcunuzdur. Dini mərasimlərə, sinə vurmağa, qurban kəsməyə və.s yerlərə uşaqların aparılması doğru sayıla bilməz. 
Mənəviyyatının sağlam olmasını istədiyiniz uşaqları fiziki və psixi olaraq məhv edirsiniz. Bunları görərək böyüyən uşaqlar şiddətə meyilli, ətrafındaki şiddət hadisələrini normal qarşılayan bir fərd olaraq böyüyür. 
Söhbət uşaqlara dini fikirlərin gözəl şəkildə aşılanmasından getmir. 
Uşaqlara İslamın sevgi, barış, mərhəmət, paylaşma  dini olduğunu öyrətmək yerinə daimi "qadağalar" irəli sürmək, onda sevgi hissi yaratmaz və hər şeyi sizin qorxunuzdan etməyə başlayar. Qəbul edilən qanunun da mahiyyəti budur.  MƏCBURİYYƏTƏ SON QOYMAQ.
Qadınların nəyə görə hicaba keçdiyi aydın məsələdir. Bədən əzaları görünməsin, kişilərdə şəhvət hissini oyatmasın deyə. 
2-3 yaşında qızların nəyə görə başını örtürlər?  Bunun heç bir məntiqi açıqlaması yoxdur.
Əgər, doğrudan, bir ata o yaşda qızına digər bir kişinin cinsi obyekt kimi baxacağını düşünürsə, deməli vəziyyət çox acınacaqlıdır. Hələ 12-ci əsrdə "qadına baxmaq günahdırsa, öz gözlərini ört" kimi  bir ifadəni əsərin qəhramanının dilindən insanlara çatdıran Azərbaycan şairi Nizami, indiki vəziyyəti görsəydi, bağrı çatlayardı. 
İmkan yaradın övladlarınız sağlam ruhda böyüsünlər. Onları qandan, ağlaşmadan, məcburiyyətdən uzaq tutun. Seçim şansını özlərinə buraxın. Balaca yaşında sinə döyür, Hüseyn üçün ağlayır, deyərək qürur duyduğunuz uşaqların çoxu nə etdiyinin mahiyyətini dərk etmir belə. 

Yanlış dini yönləndirmə gənclərin sonunu uçuruma aparır

Əzəldən bəri insanları bir-birinə vurdurmaq üçün din əsas vasitələrdən biri kimi istifadə edilib. Demək olar 90% insan Quranı oxumur, ya da başa düşmür. Oxuduğunu iddia edən adamların çoxu da başqalarına inananlardır. Gənclər bu mövzularda daha həssas olurlar. Vay o günə ki, radikal bir ailədə dünyaya gələlər.
Şəhid məzarı üstündə siyasi motivli çağırışlar edən, kin, nifrət nitqi söyləyən qadınları xatırlayırsınız? 
Bu cür valideyndən doğru İslamı öyrənmək mümkündürmü? Xeyr. 
Dini, radikal qruplaşmaların çoxu gənclər arasında böyüyərək, cərəyan edib. Bu qruplaşmalara Azərbaycandan qatılan gənclər də olub. Hansı valideyn övladını əli silahlı, Vətənindən uzaqda, dərk edə bilmədiyi bir cərəyanın içərisində görmək istəyər ? Buna görə qanunla qəbul edilməyən yerlərdə dini mərasimlərə,  çağırışlara qatılmaq qadağan edilib. 

Kimləri müqəddəs hesab edirik? 

İslam tarixində böyük iz qoyan sərkərdələr, İslamı bizə bəxş edən müqəddəslər, müsəlmanlar tərəfindən böyük etimadla yad edilir. 
İndi bir çoxlarının əlini öpdüyü kimlərdir bəs? Hansı ki, şillə qaldırmaq istəyirdi o əl onlara. Hər birimizə məlumdur. İşləri isə FƏTVA verməkdir. O əlləri öpənlərin çoxu  qanun qarşısında həbs edilib. O əllər başqa yerlərə uzanıb, sözün əsl mənasında qazan kimi qarışdırmaq fikrindədir. Qaşığı da DİNdir. 
Hazırda dünyada islamafobianın tüğyan etməsinin səbəbi də bunlardır. 

İslamı gözdən salan məsələlər

Elə bu mətni yazdığım gün Türkiyədə dəhşətli qətl baş verib. İki gənc küçədə itlərini gəzdirərkən, it yoldan keçən bir kişiyə toxunur. Kişi itin onun   dəstəmazını pozduğu iddiası ilə silahını çıxararaq hər iki gənci qətlə yetirib.
Harda buyrulub ki, dəstəmazını pozmağına səbəb olan insanları qətlə yetirməlisən? Harda deyilib ki, sənin dininə mənsub olmayan insanları öldürməlisən? Bunun kimi minlərsə sual dolanır ağlımızda.
Digər məsələ şoular, təntənəli mərasimlər. 
Ritm sədaları altında sinəyə döymək şou deyilsə, nədir? Qınamaqdan bezsək də, nəticə yoxdur. Ümid yoxdur. 

İslamafobiYa 21- ci əsrin bəlası kimi 

Milyonlarla xərc qoyulan filmlərin az qalsın hər birində islama qarşı söyləntilər, irqçilik, nifrət nitqi var. 
Avropalılar belədir-elədir deyib, şablon ifadələr qurmağa ehtiyac yoxdur. Bu qədər böyük sərmayə  qoyulan filmlərin, serialların sadə avropalı tərəfindən çəkilmədiyini bilmək çətin deyil. Bunların arxasında daha böyük siyasi oyunlar, daha böyük gəlirlər yatır. 21-ci əsrdə belə dinlərarası müharibə, çaxnaşma uzaq keçmiş kimi görünmür. 

Halbuki, sülhün, yardımlaşmanın dini olan İslamı, hər kəsə olduğu kimi çatdırmaq üçün nələr etməzdik ki... 

Əfsanə Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31