Hər zaman gənclərin vətənpərvər ruhda tərbiyə olunmasını diqqətdə saxlamalıyıq
14 Oktyabr 2021 15:13 Sosialİstiqamət .Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Gənclər ölkənin gələcəyi, sabahın idarəediciləridir. Bu birmənalı olaraq belədir. Ona görə də hər bir ölkə üçün əsas prioritet vəzifə sabahın idarəçiləri, yəni gənclərini milli ruhda tərbiyə etmək, onları vətənpərvər ruhda böyütməkdir. Azərbaycanda da demək olar ki, tarixin bütün dövrlərində gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində müvafiq addımlar atılıb, bu istiqamətdə dövlət proqramları qəbul edilərək icra olunub.
Azərbaycanda gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına 90-ci illərin əvvəllərindən, daha doğrusu Heydər Əliyev hakimiyyətə qayıdandan start verildi deyə bilərik. Heydər Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti Azərbaycan gənclərini dövlətə Vətənə məhəbbət hissində böyütdü, tərbiyə etdi, formalaşdırdı.
Heydər Əliyev siyasətini uğurla həyata keçirən Cənab Prezident Ilham Əliyev gözəl bilirdi ki, gənclərlə iş daha yüksək səviyyəyə qaldırılmalı, ölkədə milli şüura malik, vətənpərvər gənclərin yetişdirilməsinə diqqət artırılmalıdır. Çünki işğal altında olan ərazilərimizi azad etməyin yolu vətənpərvər gənclərin yetişdirilməsindən keçirdi. Necə ki, 44 günlük Vətən müharibəsində biz bunun əyani şahidinə çevrildik. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyev də Vətən müharibəsindən keçən dövr ərzində verdiyi müsahibələrində, işğaldan azad edilən şəhər və rayonlarımıza etdiyi səfərlər zamanı həmin bölgələrin ictimaiyyəti ilə keçirdiyi görüşlərdə bu məqama xüsusi diqqət çəkərək torpaqlarımızın işğaldan azad olunmasında gənclərin rolunu yüksək qiymətləndirib. Reallıq da ondan ibarətdir ki, 44 günlük Vətən müharibəsinin iştirakçılarının mütləq əksəriyyəti və bizə tarixi Zəfəri bəxş edənlər məhz Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə böyüyən və yetişən gənclər idi. Çünki məhz həmin gənclər son 17 ildə məhz vətənpərvər ruhda tərbiyə olunmuş, onlarda Vətənə, dövlətə məhəbbət, sevgi ən yüksək səviyyəyə qaldırılmışdı. Həyata keçirilən bu uğurlu siyasətin nəticəsini isə 44 günlük Vətən müharibəsi günlərində gördük.
Torpaqlarımızın işğaldan azad edilməsi, şəhər və rayonlarımızın 30 ilk düşmən tapdağından qurtarılması o demək deyil ki, artıq hər şey arxa qaldı və bundan sonra vətənpərvər gənclərə ehtiyac qalmayacaq. Əsla. Belə düşünmək yersiz olardı. 44 günlük Vətən müharibəsi və bu müharibədə tarixi Zəfər əldə etməyimiz bir daha sübut etdi ki, Azərbaycana düşmən münasibət bəsləyən ölkə təkcə Ermənistan deyil, eyni zamanda onun havadarları, regional və beynəlxalq səviyyəli dəstəkçiləri də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə barışmır və hər vasitədən istifadə edərək regionda münaqişənin davamlı xarakter almasına çalışır. Bu məkirli plana nail olmaq üçün isə hətta ölkəmizə qarşı təhdid və təzyiqlərdən də istifadə olunur. Ona görə də ölkə, cəmiyyət olaraq hər zaman gənclərin vətənpərvər ruhda tərbiyə olunmasını diqqətdə saxlamalıyıq.
Bəs indiki məqamda qeyd edilən istiqamətdə əsas fəaliyyət istiqamətlərimiz nədən ibarət olmalıdır? Hesab edirəm ki, bunun da çıxış yolunu, görülməsi vacib olan işləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu günlərdə Xocavənd rayonuna səfəri zamanı rayon ictimaiyyəti ilə görüşdə aydın şəkildə ifadə etdi və bu istiqamətdə vəzifələri, görülməsi vacib olan işlərin konturlarını müəyyən etdi. 44 günlük Vətən müharibəsi, bu müharibə zamanı rəşadət və qəhrəmanlıq göstərmiş Vətən oğullarımız, şəhid və qazilərimiz barədə filmlər çəkilməli, kitablar yazılmalıdır. Məhz bu amil yetişməkdə olan gənclərimizin daha vətənpərvər, daha millətçi və dövlətçi olmasına, onların milli şüurunun formalaşdırılmasına təkan verə bilər.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xocavənd rayonundakı çlxışından irəli gələrək onu deyə bilərik ki, qısa müddətdə 44 günlük Vətən müharibəsindən, həmin müharibədə misilsiz qəhrəmanlıqlar göstərən şəhid və qazilərimiz. həmçinin Birinci Qarabağ müharibəsində, Aprel döyüşləri və Tovuz hadisələri zamanı canlarınə Vətən uğrunda fəda etmiş oğullarımız haqqında filmlər çəkilməli, onların nümayiş etdirdiyi qəhrəmanlıqlar gənclərimiz arasında təbliğ edilməli, onlara çatdırılmalıdır. Eyni zamanda Vətən müharibəsinin canlı şahidləri, qəhrəmanları ilə ümumtəhsil məktəblərində görüşlər keçirilməli, onların keçdiyi döyüş yolu gənclərimizə təbliğ edilməlidir. Necə ki, 44 günlük Vətən müharibəsinin iştirakçıları qəhrəmanları Ramil Sərəfovlar, Mübariz İbrahimovlar, Fərid Əhmədovları özlərinə örnək bilib tarixi savaşa qatılıb zəfərə imza atdılar, eləcə də gələcək nəsil Polad Həşimovlar, Hikmət Mirzəyevlər və s. qəhrəmanlarımız, igidlərimizlə fəxr edib onların yolunu davam etdirəcəklər. Yalnız bu halda gənclərimiz qarşılarına qoyduqları məqsədlərə nail olar, milli ruhda böyüyər və vətənpərvər olarlar. Bu istiqamətdə aparılan iş, dövlət siyasəti gələcək üçün xoş ümidlər formalaşdırır.
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir