Sosial mediada peşə etikası- vəziyyət acınacaqlıdır
14 Oktyabr 2021 09:53 Sosial" Bu günki günümüzdə sosial mediada olan bəzi videolar, mətnlər etik normalardan o qədər kənardadır ki, onların qarşısını almaq üçün düşünürəm ki, çox ciddi addımlar atılmalıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Bakı Dövlət Universitetin Multimedia və elektron kommunikasiya kafedrasının müəllimi Güney Mahmudova deyib.
" Ümumiyyətlə insan təkcə ailədən tərbiyə almır, insanı eyni zamanda var olduğu mühit- cəmiyyət tərbiyə edir. Ona görə indiki zamanda- internetin geniş vüsət aldığı bir vaxtda hər birimizin evində sosial medianın aktiv istifadəçisi olan insanların, nümayəndələrin olduğu müddətdə mütləq şəkildə sosial medianın mənfi tərəflərindən övladlarımızı, elə özümüzü də qorumağa çalışmalıyıq. Bilirik ki, jurnalistika 2 yerə bölünür: ənənəvi və vətəndaş jurnalistikası. Onlardan ikincisi hal- hazırda sosial media üzərindən daha geniş yayılan vətəndaş jurnalistikasıdır. Hansı ki, burada kim hansı hadisəni görürsə, kim hansı məlumatı eşidirsə, onun dəqiqliyinə, doğruluğuna, obyektivliyinə, dürüstlüyünə getmədən, araşdırmadan sosial mediada paylaşır. Öz fikirini bildiyi kimi ifadə edir və auditoriya bunu görərkən, oxuyarkən fərqinə varmadan həmin informasiyanın ardınca gedir. Bəziləri araşdırır, araşdıra bilir, bəziləri araşdıra bilmir, ümumiyyətlə araşdırma qabiliyyəti yoxdur və həmin informasiyaya inanır. O baxımdan sosial media informasiya həyatımızda həm müsbət, həm mənfi rol oynayır. Bu günki günümüzdə sosial mediada yayımlanan bəzi videolar, mətnlər etik normalardan o qədər kənardadır ki, onların qarşısını almaq üçün düşünürəm ki, çox ciddi addımlar atılmalıdır. Çünki, internetdə senzura yoxdur. Ümumiyyətlə, jurnalistikada senzura yoxdur. Amma gəlin baxaq, ənənəvi jurnalistikada mətn, istər radio, televiziya, istərsə də qəzet, jurnal üçün yazılarkən redaktə olunur, daha sonra efirə verilir və yaxud da dərc olunur. Lakin sosial mediada yazılan mətnlər heç bir redaktor nəzarətindən keçmir, nə səslər, mətnlər, nə də ki, videolar redaktə olunmur . Olduğu kimi auditoriyanın nəzərinə, diqqətinə çatdırılır və biz bunun qarşısını ala bilmirik. Çünki internet vasitəsilə bunu nizamlayan heç bir qayda- qanun yoxdur . Əgər olarsa çox gözəl olar. Çünki bu gün sosial medianı 7- dən 77-ə hamı-uşağı, gənci, yeniyetməsi, cavanı, yaşlısı, ahılı izləyir. Mən ona görə də jurnalistdən öncə bir valideyn kimi deyərdim ki, mütləq şəkildə övladlarımızın sosial şəbəkədə nəyi izləməsinə nəzarət və diqqət etməliyik. Eyni zamanda özümüzü də sosial mediadakı etik çərçivədən çıxan video və mətnlərdən qorumalıyıq. Əgər biz onları oxumasaq, o məzmunda videolara baxmasaq, onların reytinqi də qalxmaz və onlara tələbat yaranmasa yavaş- yavaş bəlkə azalmaya doğru gedər. Həmin o videolar, həmin o mətnlər istər- istəməz cəmiyyətin formalaşmasında, inkişafında, tərbiyəsində öz mənfi rolunu oynayır və bu daha da pisləşməyə doğru gedir. Çünki qarşısını almaq üçün heç bir nizamlayıcı tədbir və qayda - qanun yoxdur.
Xəyalə Paşayeva