Pandemiya-şadlıq saraylarında vəziyyət necədir?

Artıq bir müddətdir ki, toy məclislərinin keçirilməsində durğunluq müşahidə olunur. Bunun başlıca səbəbi bütün dünyanı bürüyən koronavirus pandemiyasıdır. Başqa  ölkələrdə olduğu kimi bu bəla bizdən də yan keçmədi. Pandemiya həyatımızın bütün sahələrinə təsir  etdi,  toylarımızı da dayandırdı. İyulun 1-dən 50 və 150 nəfərlik olmaqla toy məclislərinə izacə verilsə də məhərrəmlik ayında bu kimi  tədbirlərə  ara verilmişdi.

Bəs indi vəziyyət necədir? Məhərrəmlik ayı bitdikdən sonra toy məclislərinin qiymətlərində artım müşahidə olunurmu? Toylar başlandığı üçün sifarişlər çoxalıbmı? Həmçinin sifarişlər çoxalıbsa, toy məclisləri pandemiya şəraitinə uyğun olaraq keçirilirmi?

"Neolit" şadlıq sarayının inzibatçısı Emin Sadıqov Olaylar.az- a açıqlamasında deyib: "Məhərrəmlikdən öncə toylara daha çox tələbat var idi, indi elə bir tələbat yoxdur. Çünki, pandemiyadan sonra toylara icazə verilən kimi hamı  xeyir  işini  etdi ki, birdən yenidən qapanma olar. Qapanma olduqdan sonra toy edə bilmərəm. Ona görə bir o qədər toy məclisləri səngidi. Həmçinin məhərrəmlikdən sonrakı toy qiymətlərində fərq yoxdur, eyni qiymətlər qalmaqdadır. Bu qiymətlərlə fəaliyyətimizi davam etdiririk. Məhərrəmlik ayından öncə də pandemiya qaydalarına riayət olunurdu. Çünki, insanlar bizdən daha çox indi dezinfeksiya işləri görülməsini tələb edir. Adamlar indi daha çox peyvənd pasportlarının yoxlanması qaydasına riayət edirlər, dəvət edilən qonaqları da bu barədə məlumatlandırırlar. Bu gedişatla baxırıq ki, nəinki pandemiyadan əvvəl, əsasən indi   insanların xəstəliyə  qarşı olan düşüncələrində irəliləmə var. Məhərrəmlik bitdikdən sonra toy sayı çoxalmır, sifarişlərimizə də elə bir ciddi tələbat yoxdur. Yəni pandemiya dövründən öncə bu aylarda olan toy sifarişləri, istəkləri kəskin azalmaqdadır. Deyərdim ki, o qədər sifariş yoxdur. Buna görə də qonaqların sayında heç bir dəyişiklik hiss olunmur. Yəni dövlət tərəfindən verilən qərara əsasən qonaq sayı fərqləndirilmir.  150 nəfər olaraq qalır. Hətta bəzi toylarda  adam sayı az olur ki, çox olmur. Düşünürəm ki, toy məclislərinin sayı çox olarsa, bu yoluxma sayına təsir göstərməyəcək.  Bu  ehtimal çox azdır. Təbii ki, indi toy məclislərində bir masa ətrafında qrup şəklində əyləşən insanlar adi həyatda görüşən, mütəmadi olaraq  bir yerdə olan insanlardır. Ailə üzvləri, qohumlar, iş yoldaşları, eləcə də qonşular. Adi həyatda da çox yaxın əlaqədə olan insanlardır ki, toyda da bir masa ətrafında cəmləşirlər. Qaldı ki görüşməyə, insanlar indi daha çox vizual görüşür, yəni yaxın təmasda olaraq görüşmürlər, ya da ki, qucaqlaşmırlar. Pandemiya şəraitinə uyğun olaraq,  yaxın təmasdan çəkinirlər. Artıq uzaq məsafədən görüşürlər. Toy qiymətlərində də qətiyyən yüksəlmələr yoxdur. Çünki, onsuz da toy qiymətləri ucuzdur, əgər qiymətləri yüksəltsək, bu da iaşə obyektlərində, şadlıq saraylarında müştərinin itirilməsinə gətirib çıxarda bilər. Ona görə əksər şadlıq sarayı qiymət artımına üstünlük vermir. Bəzi şadlıq sarayları qiymətləri artırır, bu da bazar iqtisadiyyatı ilə əlaqəlidir. Hamıya bəllidir ki, bazar iqtisadiyyatında 30-35% artım müşahidə olunur. Bu da məhsulların alışında artım hiss etdiyimizə görədir. Artım olacaqsa, sırf bazarla əlaqəli artımdır."

"Monte Karlo" restoranının  inzibatçısı isə bildirib ki, məhərrəmlikdən sonra toylara çox tələbat yoxdur: "İndi elə də toy yoxdur. 5-6 dənə toy məclisi oktyabr ayında, 5-6-sı   noyabr ayında, dekabrda isə 1-2 toy məclisi var. Məhərrəmlikdən əvvəlki kimi indi də toylar yox vəziyyətindədir. Toy məclislərinin qiymətlərində heç bir fərq yoxdur. Nə qiymətləri qaldırmışıq,  nə də ki, qiymətləri salmışıq. Eyni olaraq qalmaqdadır. Məhərrəmlikdən öncə dövlətin qoyduğu qayda- qanuna riayət etdiyimiz kimi, hal- hazırda indi də həmin qayda- qanunlara riayət edirik. Həmin qayda- qanunlardan qırağa çıxmırıq. Sifarişlərimiz məhərrəmlikdən əvvəlki kimi çox deyil, əksinə daha da azalıb. Qonaqların sayında da heç bir dəyişiklik yoxdur,  məhərrəmlikdən əvvəlki kimi 150 nəfər olaraq qalmaqdadır. Biz istəyərdik ki, 150 nəfərdən artıq qonaq sayı olan sifariş götürək, ancaq dövlət tərəfindən icazə verilmədiyi üçün götürmürük. İnşallah, elə bir qanun çıxarsa,belə sifarişlər götürərik. Bizim fikrimizcə, bunun da yoluxmanın sayına heç bir təsiri yoxdur. Toy məclislərində də qiymətləri qaldırmağı düşünmürük, hələ elə bir fikrimiz yoxdur."

"Bakı Palace" şadlıq evindən isə bildiriblər ki, hal- hazırda toy məclislərində adambaşına olan qiymət məhərrəmlikdə öncə olduğu kimi 35-40 azn təşkil edir: "150 nəfərdən artıq qonaq sayı olan sifarişi götürmürük. Sifarişlərdə  də eyni zamanda artım müşahidə olunmur. Bu səbəbdən qiymət artımı etməmişik. Həmçinin şadlıq evimizdə dezinfeksiya işləri aparılır. Spirt və maskadan istifadə olunur".

Bu şadlıq saraylarından fərqli olaraq, " Simfoniya" da qiymətlər də dəyişiklik var. Belə ki, bir neçə il əvvəl qiymətlər adam başına 120 manat idisə, indi bu qiymət 140 manatdır. Saray inzibatçısı bildirib ki, bu məbləğə yalnız menyu daxildir. Qalan xidmətlər- musiqiçilər, dekor, gəlin maşını, çəkiliş sifarişçinin əlavə ödənişinə daxildir. O ki qaldı toy iştirakçılarının sayına, inzibatçı bildirib ki, pandemiyadan əvvəlki sıxlıq yoxdur. Görünür insanlar pandemiya şərtlərinin bir qədər də yumşalmasını və daha çox insanla toy keçirilməsini istəyir.

Xəyalə Paşayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31