Vaksinlər ən yaxşı halda 6-8 ay müddətində qoruyucudur- RƏY
14 Oktyabr 2021 09:13 Sosial"COVID-19-a qarşı hazırda dünyada istifadə olunan vaksinlərin hansı müddətə qoruyucu olduğu yeni istifadəsinə başlandığına görə, ilk dövrlər məlum deyildi".
Bu sözləri Olaylar.az-a açıqlamasında həkim, infeksionist Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, müxtəlif klinik araşdırmalar göstərir ki, vaksinlər ən yaxşı halda 6-8 ay müddətində qoruyucudur.
"Bəziləri təbii ki, fərdi orqanizmin reaksiyasından asılı olaraq, 3 ay müddətində belə qoruyuculuğu bitmiş olur və qoruyuculuq zəifləməyə başlayır. Bu səbəblər bizə əsas verir deyək ki, üçüncü dozanın vurulması və üçüncü doza ilə immunitetin bir az daha gücləndirilməsi, yenidən aktiv vəziyyətə gətirilməsi zərurətini ortaya çıxır. Xüsusilə də, xəstəlik üçün həssas təyin etdiyimiz risk qruplarında olan şəxslər, hansı ki, onlar yaşlı, müxtəlif xroniki xəstəlikləri olan şəxslərdir ki, onların üçüncü doza vaksin olunmasını şiddətlə tövsiyə edirik. Aparılmış çalışmalar onu göstərdi ki, ilk iki dozasından 3-6 ay keçmiş şəxslər üçüncü Buster gücləndirici dozanı tətbiq etdikdən sonra həqiqətən də onların immuniteti yüksəlib və xəstəliyə yoluxma, xəstəliyi ağır keçirmə riski təxminən 20 dəfəyə qədər azalmışdır".