Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir

Artıq iki ilə yaxındır ki. dünya koronavirus pandemiyası ilə ba-başadır. Ayrı-ayrı dövlətlər və qlobal səviyyədə virusa qarşı mübarizə aparılsa da, lakin onu tam aradan qaldırmaq mümkün olmur. Ancaq buna baxmayaraq müəyyən qabaqlayıcı tədbirlər koronavirusun yayılma tendensiyasını bir qədər aşağı salır, yaxud bu xəstəlikdən ölüm hallarını minimuma endirir. Belə təsirli vasitələrdən ən əhəmiyyətlisi vaksinləşmədir. Məlumdur ki, bir müddətdir Azərbaycan da daxil olmaqla dünya ölkələrində koronavirus əleyhinə valsinasiya prosesi həyata keçirilir. Bu müddət ərzində görünən odur ki, vaksinasiya prosesi xəstəliyin dalğasının azalmasına imkan yaradıb. İki doza vaksinin müsbət nətcəsi isə onu deməyə əsas verir ki. üçüncü doza da vurulsa problemi kifayət qədər minimuma endirmək olar. Elə Taleh Rəşidov da bu qənaətdədir. O deyib ki, koronavirus infeksiyasına qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra qanda bu virusa qarşı qoruyuculuq azalır. Yenidən bu virusa qarşı anticismləri yüksək tutmaq üçün isə mütləq 3-cü, yəni buster dozada vaksin vurdurmaq lazımdır: "Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğundur və əhəmiyyəti daha çoxdur. Həmçinin buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bununla yanaşı, bu anticismlər koronavirusun ştamlarına qarşı güclüdür".

Taleh Rəşidov qeyd edib ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər: "Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamlarına yoluxma riski var. Ona görə də buster dozanın alınması sürətləndirilməlidir. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Koronavirusun yeni ştamlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir".

Taleh Rəşidovun sözlərinə görə, aparılan elmi araşdırmalar və təhlillər göstərir ki, buster doza xəstəliyə yoluxmanın qarşısını almaqda effektiv rol oynayır: "Xüsusilə də "Pfizer" vaksini yüksək qoruyuculuğu təmin edir. Bir çox ölkələrdə, eləcə də Azərbaycanda qüvvətləndirici dozanın vurulması ilk növbədə yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Buster dozanın insan sağlamlığı üçün ciddi fəsadı qeydə alınmayıb. Hətta tədqiqatlara görə buster doza almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. İlk iki dozasından asılı olmayaraq vətəndaş 6 aydan sonra üçüncü və müəyyən aralıqdan sonra dördüncü dozanı istənilən vaksin növündən istifadə edə bilər. Dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb. ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən tədqiqatlar nəticəsində buster dozanın effektivliyi sübut olunub".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31