Sosial şəbəkələrdəki rəzaləti aradan qaldırmaq üçün...
12 Oktyabr 2021 14:54 Sosial"Sosial şəbəkə platformaları üzərindən yayılan məlumatları təhlil edən beynəlxalq təşkilatlar ciddi problemlərin olduğunu bildirirlər".
Bu sözləri Olaylar.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.
"Məşhur "Pew Research" Mərkəzi Facebook, Youtube və digərləri üzərində apardığı müşahidələrin nəticəsi olaraq qeyd edir ki, burada yayılan xəbərlərin orta hesabla 60 faizi saxta (fake) məlumatdan ibarətdir. Qeyd olunur ki, günümüzdə saxta xəbərlərlə (fake news) yanaşı, sosial şəbəkələrdə nifrət çıxışları (hate speech), şəxsi həyata müdaxilə, təhqir və böhtan, bir sözlə, qanunla məhdudlaşdırılan digər növ informasiyaların yayılması pik həddə çatıb. Buradan çıxış edərək deyə bilərik ki, sosial şəbəkələrin Azərbycan seqmentində durum daha ağırdır, digər ölkələrlə müqayisədə problemlərin sayı iki-üç dəfə yüksəkdir. Xüsusilə Facebook və Youtube üzərindən yayılan, özünü KİV qurumu elan edən qondarma "KİV-lər"də vəziyyət acınacaqlıdır: təhqir, böhtan, nifrət çıxışı baş alıb gedir. Obrazlı desək, sosial şəbəkələrdə insanlara qarı "mənəvi terror" yaşanır. Azərbaycan seqmenti qlobal trendlərlə yanaşı, spesifik problemlərin də daşıyıcısıdır. Burada təhqir və böhtan (deformation cases) , ləyaqəti aşağılayan mətnlər, vulqar ifadələr pik həddə çatıb, çox qabarıq görünür. Paylaşdığı fikirləri, statusları arqumentləşdirilmiş formada, həm də əxlaq çərçivəsində quranların kəmiyyəti azalıb, ümumi fonda görünməz olub. Fiziki və hüquqi şəxslərin təhqir edilməsi, böhtana məruz qalması bir yana, sosial şəbəkələrdə ümummilli əxlaqi keyfiyyətlərimiz, mənəvi dəyərlərimiz "terrora məruz qalır", dil normalarımız sıradan çıxarılır, Azərbaycan ədəbi dil normaları tamamilə itirilir. Paylaşım və şərhlərində ayrı-ayrı fərqdləri, iş və sənət adamlarını, dövlət məmurlarını, hətta dövlət atributlarını, bir sözlə, qarşısına çıxan hər kəsi və hər şeyi aşağılayıcı ifadələrlə təhqir edən, böhtan atıb gözdən salan çərçivəsiz bir təbəqə, "yeni nəsil" formalaşır; münasibətlər sisteminə ziyanlı "normalar" gətirilir.
Problem təkcə sosial şəbəkə müstəvisində yekunlaşmır. "Yeni dəyərlər" sistemini asanlıqla əxz edən, tənqidi təhqir və böhtanla qarışıq salan onlayn KİV qurumları da kəmiyyətcə çoxalır, problem həlledilməz, qarşısıalınmaz mərhələyə daxil olur.
Bütün bunların səbəbləri barədə fikirlər müxtəlifdir. Ekspertlər fərqli səbəblər göstərirlər. Azərbaycanda isə əsas səbəblərdən biri hüquqi boşluqdadır, cəzasızlıq mühitindədir. Düzdür, 2013-cü ildən başlayaraq Azərbaycan Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə əlavə və dəyişiklik edilib, böhtan / təhqir hallarının internet resursları, o cümlədən, sosial şəbəkə platformaları üzərindən yayılması qanunla yasaqlanıb. Sonrakı illərdə təkmilləşdirilmələr davam etdirilib. Məsələn, 2017-ci ildə təklif edilib ki, Cinayət Məcəlləsinin 147-148-ci maddələri üzrə, yəni böhtan / təhqir halına görə şəxslərə tətbiq edilən cərimələr artırılaraq 1000-1500 manat civarında müəyyən edilsin. Əvvəlki halda bu göstərici 100 manatdan 500 manata qədər miqdarda cərimə, 240 saatdan 480 saatadək müddətə ictimai işlərə cəlb etmə, yaxud, 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası ilə müəyyənləşirdi. Amma nəticə budur ki, vəziyyət nəinki yaxşıya doğru dəyişməyib, əksinə pisləşib. Hiss olunur ki, qanuni tələblərin tətbiq edilməsində problemlər var. Bu problemlərdən biri də sosial şəbəkələrdə təhqir və böhtana məruz qalmış, hüququ pozulmuş şəxslərin öz hüquqlarını bərpa etmək üçün istifadə etdikləri mexanizmlərin uyğunsuzluğu, uzunluğudur. İnsanlar məhkəmələrə müraciət edib öz hüquqlarını bərpa etmək istəyəndə uzun-uzadı prosedurlar keçməli olurlar ki, bu da vaxt itkisi, ümidsizlik yaradır. Hesab edirəm ki, sosial şəbəkələrdəki rəzaləti aradan qaldırmaq üçün yeni mexanizmlər tətbiq edilməlidir. Bu mexanizmlər beynəlxalq praktikada mövcuddur".
Röyalə Xəyal