”Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda onlayn konfrans keçirilib
12 Oktyabr 2021 14:39 SosialAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) və Milli Televiziya və Radio Şurasının birgə təşkilatçılığı ilə "Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir" mövzusunda onlayn konfrans keçirilib. Hər iki qurumun rəhbərliyi və KİV rəhbərlərinin iştirak etdiyi konfransı giriş sözü ilə açan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov mövzunun aktuallığından danışaraq media etikasının həm cəmiyyət, həm də medianın problemi olduğunu vurğulayıb. Əhməd İsmayılov qeyd edib ki, Agentlik olaraq daim bu mövzuya diqqət yetirib, müzakirələr təşkil edib və bundan sonra da bu tipli toplantılar keçiriləcək. Azərbaycan mediasının hər zaman işinin peşəkarı olduğunu, eyni zamanda maarifləndirici funksiya yerinə yetirdiyini diqqətə çatdıran Əhməd İsmayılov, ancaq bu peşəkarlığın artırılmasının da zəruriliyini qeyd edib: "Eyni zamanda media xəbəri doğru, düzgün, tərəfsiz və obyektiv olaraq yaymalıdır. Biz Agentlik olaraq bunun tərəfdarıyıq".
Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov da çıxışında mövzunun aktuallığıma toxunub və təəsüüf hissi ilə qeyd edib ki, bir sıra hallarda televiziyalarda da media etikası qaydaları pozulur: "Bizə bəzən televiziya kanalları ilə bağlı iradlar gəlir. Onu da deyim ki, bəzi hallarda həmin iradlar haqlı olsa da, bir sıra hallarda isə haqlı deyil. Yaxşı olar ki, media qurumları bu problemi özləri həll etsin".
Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu isə konfransda təqdimatla çıxış edib. Vüqar Zifəroğlu deyib ki, jurnalist heç zaman öz hüquq və vəzifələrindən sui-istifadəyə üstünlük verməməlidir. O bildirib ki, jurnalistlər bir sıra vacib norma və prinsiplərə əməl etməlidirlər. Vüqar Zifəroğlu qeyd edib ki, informasiya mübarizəsində düşmən bizə qarşı müxtəlif üsullardan, vasitələrdən, əsas etibarilə fake xəbərlərdən istifadə edirlər.
Vüqar Zifəroğlu onu da deyib ki, jurnalistlər peşə etikası ilə yanaşı xidməti etika münasibətlərinə də diqqət etməlidir: "Bura jurnalistin həmkarı ilə münasibəti, jurnalist baş redaktor münasibətləri aiddir". Vüqar Zİfəroğlu onu da diqqətə çatdırıb ki, jurnalist bəzən hökm verən funksiyasını yerinə yetirməyə çalışır ki, bu da yolverilməzdir. Çünki jurnalist tərəfsiz olmalıdır. Çox təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsi dövründə bir sıra Avropa təsisatları, qurumlarında bu prinsip və peşə etikası normlarına əməl olunmalıdır. Həmin dövrdə bir sıra beynəlxalq media quruluşlarında bu qaydaların kobud şəkildə pozulduğunun şahidinə çevrildik".
MTRŞ-nın Aparat rəhbəri Fazil Novruzov media etikası mövzusunun daim gündəmdə olduğunu deyib. O qeyd edib ki, günümüzdə İKT sürətlə inkişaf edir və bu da yeni media növlərinin yaranmasına gəririb çıxarır, informasiyanın yayılmasının müxtəlif yolları yaranır: "Ənənəvi medianın bəzi prinsipləri artıq yeni mediada işləmir". Aparat rəhbəri onu da qeyd edib ki, artıq media özünü idarə etməli, tənzimləməli və yaşatmalıdır: "Bu iki əsas baza üzərində qurulmalıdır. Birincisi, qanunvericilik, ikincisi media etikası. Jurnalist öz vəzifəsini yerinə yetirərkən etik qaydalara əməl etməlidir. Jurnalist ilk növbədə peşə etikasına sadiq qalmalıdır".
Yevlax şəhərində işıq üzü görən "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı isə çıxışında bildirib ki, təsdiqlənməmiş, etikadan kənar xəbərlər, məlumatlara jurnalistlər, media qurumları üstünlük verməməlidir: "Bəzən əlahəzrat fakt jurnalist etikasının pozulmasından xəbər verir. Bunu mən qeyri-peşəkarlıqla əlaqələndirirəm. Peşə etikasından xəbərsiz olan bəziləri bir çox hallarda tənqidi təhqirdən ayıra bilmirlər. Müəllif tənqid etməlidir, ancaq tənqid də obyektiv, qərəzsiz olmalıdır. Unutmamalıyıq ki, söz milli sərvətimizdir, onu istədiyimiz kimi, təhrif edilmiş formada cəmiyyətə təqdim etmək doöru deyil". Baş redaktor onu da deyib ki, bəzən elektron mediada ailə-məişət məsələləri işıqlandırılır ki, bu da oxucu üçün heç bir mıəna kəsb etmir". Əminə Yusifqızı onu da deyib ki, biz Zəfər imza atmış xalqıq və ona görə də media sahəsində səhvlərə yol verilməsinə imkan verməyəcəyik".
MEDİA Agentliyinin şöbə müdiri Natiq Məmmədli isə qeyd edib ki, media etikası bu gün jurnalistlərin əsas diqqət etməli olan məqamlardan biridir: "O jurnalist layiqli jurnalistdir ki, etik prinsiplərə üstünlük verir. Media əxlaqından uzaq olan jurnalist jurnalist deyil. Etik davranış qaydalarına əməl etmək, onlara riayət etməkdə jurnalistlər prinsipial olmalıdır". Natiq Məmmədli onu da qeyd edib ki, media etikası çox ciddi bir məsələdir və beynəlxalq jurnalistikanın prinsiplərinə əməl etmək də özü bir cəsarət tələb edir: "44 günlük müharibə zamanı biz bunun bir daha şahidi olduq ki, həmin prinsiplərə beynəlxalq səviyyədə bir sıra hallarda əməl olunmalıdı". Şöbə müdiri onu da bildirib ki, əsgər əlində silah səngərdə Vətənin keşiyində dayandığı kimi, biz də əlimizdə qələm informasiyasi cəbhəsində mübarizə aparmalı, Azərbaycana qarşı yönələn şər, böhtan kampaniyasına cavab verməliyik".
"Mingəçevir işıqları" qəzetininb baş redaktoru Fərman Nəbiyev də mövzunun aktuallığından danışıb və bildirib ki, media hər zaman vətəndaşın yanında olmalıdır: "Peşəkar mediada, xüsusilə sosial mediadan materialı götürüb olduğu kimi qəzet səhifələrinə, yaxud saytların manşetinə verirlər. Halbuki həmin məlumat mütləq dəqiqləşdirilməlidir".
AzPost.az saytının baş redaktoru Xəqani Səfəroğlu da çıxışında mövzunun aktuallığından danışıb və təklif edib ki, MEDİA Agentliyinin tərkibində hansısa bir qurumun yaradılmasına ehtiyac var və həmin qurum ay ərzində bir və ya bir neçə dəfə toplantı keçirib mövcud problemləri müzakirə edə bilər.
Rupor.az saytının baş redaktoru Ceyhun Musaoğlu bildirib ki, xəbər hazırlayarkən mütləq hərtərəfli şəkildə araşdırılmalı və bütün tərəflərin mövqeyi öyrənməlidir. Baş redaktor onu da deyib ki, peşəkar jurnalsitlərin yetişməsində müəyyən problemlər var və bu məsələyə diqqət edilməlidir.
Süleyman İsmayılbəyli