Neçə tələbə və müəllim vaksin olunmadığı üçün universitetə buraxılmır? - SORĞU
11 Oktyabr 2021 22:31 SosialAzərbaycanda bir doza vaksin vurduranlar universitetlərə buraxılmır, - bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə müdiri Nicat Məmmədli bildirib.
Azərbaycan qanunvericiliyinə görə, tələbələrin 1 sentybradək COVID-19-a qarşı birinci doza, 1 oktyabradək isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olmaları şərtdir. Vaksinasiyadan keçməyən tələbələr təhsil müəssisələrinə buraxılmamalıdır.
Anews.az ali təhsil müəssisələri arasında "Neçə tələbə və müəllim vaksin olunmadığı üçün universitetə buraxılmır?" sualı ilə sorğu keçirib.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovanın sözlərinə görə,universitet tələbələrinin 6%-i COVID-19 pasportuna malik olmadığı üçün ənənəvi dərslərə buraxılmır.
"Ali təhsil müəssisəmizdə 9 minə yaxın tələbə təhsil alır. Həmin tələbələrin 6 faizi müxətlif səbəblərdən vaksin olunmayıb. Onlar onlayn dərslərdə iştirak etsələr də, ənənəvi dərslərdə iştirak etməkdən məhrumdurla. Amma buna baxmayaraq onlara qaib yazılmır. Həmin tələbələrlə profilaktik söhbətlər aparırıq ki, vaksinasiya olunub, dərslərdə iştirak edə bilsinlər", - deyə mətbuat xidmətinin rəhbəri məlumat verdi.
Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyevanın sözlərinə görə, müəllim və texniki işçilərin əksəriyyəti vaksinasiyadan keçib:
"Vaksin olunmadığına görə universitetə buraxılmayan tələbə və müəllim yoxdur. Universitet heyətinin hər biri ya vaksin olunub, ya da sertifikat alıb",- deyə mətbuat katibi bildirdi.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətinin rəhbəri Günel Aslanova isə deyir ki, təhsil müəssisəsinin 6 minə yaxın tələbə və müəllim heyəti var ki, onlar arasında vaksinə görə dərsdə iştirak etməyən yoxdur.
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) mətbuat katibi Cavid Hüseynovun sözlərinə görə, universitetdə 1 müəllim istisna olmaqla hər kəsin vaksin pasportu və ya immunitet sertfikati var.
Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətindən bildirildi ki, müəssisə heyətinin hər biri əyani dərslərdə iştirak edir və bu günə kimi heç bir problem yaşanmayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərovun sözlərinə görə, tələbələrin 92 faizinin vaksin pasportu var.
"Yaşı 18-dən yuxarı olan tələbələr vaksin olunub və ya "əks göstəriş sertifikatı" , "immunitent göstəriş sertifikat"ı var. Müəllimlər də həmçinin vaksinasiya prosesində iştirak edib. Universitetimizdə dərslər hibrit formada təşkil olunduğu üçün özünü narahat hiss edən tələbələr də dərslərdə iştirak edə bilir, geri qalmır",- deyə mətbuat katibi məlumat verdi.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AZMİU) mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, müəllim və texniki işçilərin 90 faizdən çoxu peyvənd olub.
Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Əlövsət Əmirbəyli bildirdi ki, tələbələr və müəllimlər arasında universitetə gəlməyən yoxdur, hər biri ya vaksin pasportuna ya da sertifikata sahibdir.
Azərbaycan İlahiyyat İnstitunun (Aİİ) mətbuat xidmətindən bildirildi ki, təhsil alan 77 tələbə və müəllim heyətinin hər bir üzvü dərslərdə iştirak edir və vaksinasiya prosesində iştirak edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Elşad Hacıyev bildirdi ki, ənənəvi təhsilin bərpa olunduğu tarixdən bu günə kimi universitetlərdə COVID tələblərinin pozulması ilə bağlı hər hansı fakt aşkarlanmayıb.
Mətbuat xidmətindən verilən məlumata görə monitorinq qrupları həmin müəssisələrdə qəfləti monitorinqlər həyata keçirilir. Təhsil müəssisələrində əyani tədrisə cəlb olunan 18 yaşından yuxarı tələbələr universitetə yoxlamadan keçmədən daxil olarsa, onların inzibati məsuliyyətə cəlb olunması nəzərdə tutulmur. Bu hallarda təhsil müəssisəsi rəhbərliyi və yoxlayıcılar məsuliyyət daşıyacaq.
Mənbə: anews.az