Universitetlərimizdə keyfiyyətli təhsil sisteminin qurulmasına dəstək olan layihə FOTO
11 Oktyabr 2021 21:15 SosialBakı Biznes Universitetinin koordinatoru olduğu "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı Erasmus+ layihəsinin yekun konfransı keçirilib
11 oktyabr 2021-ci il tarixində Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən "Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi" adlı Erasmus+ layihəsinin yekun konfransı keçirilib.
Olaylar.az xəbər verir ki, Bakı Biznes Universitetində keçirilən konfransda Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan universitetinin rektorları və digər səlahiyyətli nümayəndələri, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko, Litva Respublikasının ölkəmizdəki səfiri Eqidius Navikas, Erasmus+ Milli Ofisinin rəhbəri Pərviz Bağırov, layihənin xarici tərəfdaşları olan İsveçin Kral Texnologiya Universitetinin, İngiltərinin Middlesex Universitetinin, Litvanın SMK Sosial Tətbiqi Elmlər Univeristetinin, Litvanın EKT Akkreditasiya Təşkilatının, İspaniyanın Alicante Universitetinin məsul şəxsləri və ölkəmizin digər ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Əməkdaşlıq formatı növbəti layihə çərçivəsində də davam etdiriləcək
Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof. İbad Abbasov geniş məzmunda hesabat xarakterli çıxış edib. Rektor 5 mərhələ üzrə həyata keçirilən layihə çərçivəsində 4 il müddətində əldə edilmiş faydalı nəticələrdən, beynəlxalq təcrübələrdən və uğurlardan bəhs edib. O layihənin uğurla icra edilməsinə verdikləri əvəzsiz töfhələrə görə Təhsil Nazirliyinə, Erasmus+ Milli Ofisinə, layihənin üzvü olan yerli və xarici tərəfdaşlara xüsusi minnətdarlığını bildirib. Rektor xüsusilə qeyd edib ki, əməkdaşlıq burada yekunlaşmır və növbəti layihə çərçivəsində də uğurla davam etdiriləcək.
Keyfiyyət təminatı ən vacib parametrlərdən biridir
Daha sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli çıxış edərək Bakı Biznes Universitetini və layihə konsorsiumunun digər üzvlərini layihənin uğurla yekunlaşması münasibətilə təbrik edib. O qeyd edib ki, layihə Təhsil Nazirliyi üçün maraqlı və mühüm olan layihələrdən biridir. Ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində görüləcək ən vacib işlərdən biri məhz keyfiyyət təminatı hesab edilir. Nicat Məmmdəli ali təhsil müəssisələrinin akkreditasiya meyarlarından bəhs edərək daxili keyfiyyət təminatının ən vacib parametrlərdən biri olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, layihədən əldə edilən təcrübələrin və müsbət nəticələrin ali təhsil müəssisələri ilə bölüşülməsinə Təhsil Nazirliyi konsorsium üzvü kimi dəstək olacaq.
Təhsil Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın önəmli sahəsidir
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko çıxış edərək Təhsil Nazirliyinə və layihə koordinatoru olaraq Bakı Biznes Univeristetinə öz təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, təhsil Azərbaycan üçün prioritet sahədir və təhsil sahəsində icra olunan dövlət proqramları bunun bariz sübutudur. Eyni zamanda təhsil sahəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın önəmli sahələrindən biridir. Petr Mixalko çıxışında təhsil sahəsindəki qarşılıqlı əməkdaşlığın sosial-iqtisadi inkişafa təsirlərindən və bu istiqamətdə olan mövcud imkanlardan bəhs edib.
Daha sonra Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas çıxış edərək qeyd edib ki, Azərbaycan və Litva arasında bir sıra sahələrdə əməkdaşlıq var və demək olar ki, təhsil ən vacib əməkdaşlıq sahələrindən biridir. O qeyd edib ki, litvalı tərəfdaşlar bu layihədə çox fəal işitrak edirlər. Səfir həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yaxşı münasibətlərin mövcud olduğunu və hazırda da bir layihənin davam etdiyini söyləyib.
9 ali təhsil müəssisəsində keyfiyyət təminatı mərkəzi yaradılıb
Daha sonra çıxış edən layihənin koordinatoru Gülşən Bayramova qarşıya qoyulan məqsədlərdən və yekunda əldə edilən nəticələrdən, layihənin icrası müddətində qarşıya çıxan imkanlardan və eyni zamanda çətinliklərdən bəhs edib. Koordinator bildirib ki, layihə çərçivəsində 9 ali təhsil müəssisəsində keyfiyyət təminatı mərkəzləri yaradılıb, iki ali təhsil müəssisəsində mərkəzin fəaliyyəti yenidən təşkil edilib, 3000-ə yaxın tələbə və 500-dən çox akademik heyət sorğularda iştirak edib, 500-ə yaxın akademik heyət müxtəlif təlimlərdə iştirak edib, 80 fənn proqramı yenilənib, 22 nəfər Keyfiyyətin İdarəedilməsi sahəsi üzrə sertifikatlaşdırılıb, ali təhsil müəssisələri üçün daxili keyfiyyət təminatı standartları və təlimatlarını özündə əks etdirən bələdçi hazırlanıb və digər bir sıra mühüm işlər görülüb.
Erasmus+ Milli Ofisinin rəhbəri Pərviz Bağırov qeyd edib ki, layihə yüksək peşəkarlıqla və böyük uğurla icra olunub: "Əminəm ki, əldə olunan təcrübələr, qurulan əməkdaşlıqlar növbəti Eramus layihələri üçün faydalı olacaq".
Daha sonra layihə konsorsiumunun Avropadan olan tərəfdaşları İngilitərədən George Dafoulas, İsveçdən Viktor Kordas, Litvadan İnga Petreikiene və Laura Seukeviciute, İspaniyadan Luis Gomes layihənin uğurlu olmasının səbəbləri, layihənin müqayisəli təhlili, keyfiyyət təminatı sisteminin qurulmasında layihənin vacibliyi kimi məsələlər barəsində təqdimatlar ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov layihənin başa çatması münasibətilə öz təbriklərini çatdırıb və beynəlxalq təcrübələrin öyrənilməsi, əməkdaşlığın daha sıx davam etdirilməsi və təhsildə keyfiyyət təminatının inkişaf etdirilməsi baxımından layihənin önəminə toxunublar.
Konfransın yekununda Bakı Biznes Universitetinin rektoru İbad Abbasov çıxış edərək Bakı Biznes Universitetinin koordinatoru olduğu "Azərbaycanda Rektorlar Konfransının yaradılması" adlı yeni Erasmus+ layihəsi haqqında məlumat və layihənin məqsədlərindən danışıb. Rektor bildirib ki, yeni layihə Azərbaycan universitetlərinin beynəlxalq aləmdə təmsil olunmasına və bir sıra beynəlxalq assosiyasiyalara üzv olmasına, qarşılıqlı əlaqələrin güclənməsinə imkanlar və şərait yaradacaq. Layihənin uğurlu icrası, həmçinin ölkəmizdə təhsil sisteminin Boloniya prosesinə sürətli inteqrasiyasını təmin etmək üçün universitetlərimizdə Avropa standartlarına uyğun keyfiyyətli təhsil sisteminin qurulmasına böyük dəstək olacaq.
(İkisahil qəzeti)

