Belə halların baş verməsi cəmiyyətdə qarşıdurmanı da artıran bir məqamdır - Mübariz Göyüşlü

Son zamanlarda sosial mediada, xüsusilə "Facebook" və "YouTube" vasitəsilə peşə etikasına zidd, söyüş, təhqir və böhtan xarakterli çıxışların tez-tez şahidi oluruq.

"Mən belə halların baş verməsini çox şiddətlə qınayıram. Çünki, söyüşün, təhqirin, hər cür aşağılayıcı tonda olan mətnlərin, fikirlərin, açıqlamaların cəmiyyətə sirayət etməsi, mediaya yansıması, sosial şəbəkələrdə, internetdəki açıq platformalarda rahatlıqla paylaşılması mən hesab edirəm ki, çox ciddi bir problem yaradır".

Bu sözləri Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü Olaylar.az-a açıqlamasında bildirib.

"Ümumiyyətlə belə halların baş verməsi cəmiyyətdə qarşıdurmanı da artıran bir məqamdır. Bilirsiniz ki, bu söyüş söyənlərin əksəriyyəti xaricdə yaşayırlar və mediaya, internetə, cəmiyyətimizə bu söyüşü onlar gətirdilər. Facebook-dan, YouTube-dan, açıq platformalardan dövlət başçısını, onun ailə üzvlərini təhqiramiz şəkildə hədəfə alanlar gətirdilər bunu bizim cəmiyyətimizə. Və mən iki məsələyə diqqəti cəlb eləmək istəyirəm ki, birincisi, real həyatda qarşılaşacağımız kimsə ilə həmin söyüşü ki internetdə söyürlər, onu real həyatda heç kim edə bilməz. Bir sıra ailə tərbiyəsi görməmiş, tərbiyəsiz şəxslər bu virtual platformadan istifadə edib, insanları hədəfə gətirirlər və onlara söyüş söyürlər. İkincisi, mən hesab edirəm ki, jurnalist peşəsinə, jurnalist etikasına sadiq olan heç bir peşəkar, qabiliyyətli, işinə vicdanla yanaşan jurnalist, media təmsilçisi bu cür üsullardan istifadə etməz. O öz yazısına, qələminə, adına hörmət edərək, tənqid varsa, tənqid edər, amma təhqir, söyüş üslubundan istifadə etməz. Mən hesab edirəm ki, bu üslublardan istifadə edənlərin nə jurnalistikaya, nə mediaya, nə azərbaycanlı adına aidiyyatı yoxdur, ola da bilməz".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31