"Medianın İnkişafı Agentliyi fəaliyyətə başladığı gündən əslində bərbad hala salınmış ölkə mətbuatının reanimasiyadan çıxması istiqamətində ardıcıl işlər görür"- Natiq Cəfərov

Mövzumuz da, problemimiz də hamımıza bəllidir. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə nəhayət hamımızı narahat edən bölgə mətbuatı məsələsini gündəmə gətirmək üçün bir araya gəlməmizə nail olduq. Və əsas məsələyə keçməmişdən öncə qeyd etmək istəyirmə ki, Medianın İnkişafı Agentliyi fəaliyyətə başladığı gündən əslində bərbad hala salınmış ölkə mətbuatının reanimasiyadan çıxması istiqamətində ardıcıl işlər görür. Bu sözləri 7 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində "Region mətbuatının mövcud vəziyyəti və perspektiv inkişaf hədəfləri" mövzusunda regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə onlayn görüşdə respublikanın əməkdar jurnalisti Əminə yusifqızı demişdir. Fikrinə "Yeni Azərbaycan" qəzetində bu günlərdə dərc olunan müsahibəsində verilən "Region mətbuatı can verir" adlı müsahibə ilə fikirlərinə ayaq verən Əminə Yusifqızı demişdir:
- Bəli bölgə mətbuatının davamlı nəşr olunmaq, satılmaq və abunə problemi var və neçə illərdir ki, həlli müşkülə çevrilib. Niyə dünyada qəzetçilik öləzimədi, internetin kölgəsində yox olmadı? Çünki onlarda qəzet əmtəədir, məhsuldur. Həm də keyfiyyətli məhsuldur. Hər bir insanın gündəlik təlabat məhsuluna ehtiyacı olduğu qədər qəzetə də ehtiyacı var. Hər sabah erkəndən qəzet alıb oxumaq səhər yeməyindən belə önəmlidir onlar üçün. Paytaxtımızda bir neçə dövrü nəşri çıxmaqla ölkəmizdə qəzetçilik ənənəsi yox olmaq üzrədir, bölgə mətbuatına gəlirsək, artıq yoxdur desəm yanılmaram.
"Kür" qəzetinin baş redaktoru onu da vurğulamışdır ki, vaxtilə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbə kontingenti əsasən rayonlu gənclərdən ibarət olurdu. Çünki məktəbli vaxtlarından evlərinə rayon qəzeti gəlirdi, onlar bu qəzetlərə yazırdılar. Şeirləri, təssüratları, oçerkləri, məqalələri dərc olunurdu. O ənənə artıq yoxdur. Bəs necə olsun, Jurnalistika fakültəsi bağlansınmı? Bölgə mətbuatı həm də bir mədəniyyətdir, tarixdir, arxivdir, rayon salnaməsidir. Bu sərvəti tarixəmi gömək?
Daha sonra Əmiyə Yusifqızı bölgə mətbuatını dirçəltmək üçün konkret təkliflərini bildirmişdir.  
Görüşdə digər çıxış edən region mətbuatının nümayəndələrindən Elmirə Mehtiyeva, Məhsəti Ağayeva, Xavər Əfəndiyeva, Fərman Nəbiyev,  Zahir Əmənov,  Tofiq Yusifov və digərləri bölgə qəzetlərinin maddi-texniki bazasının gücləndirilməsinin, yaradıcılıq imkanlarının genişləndirilməsinin, region mətbuatına dövlət dəstəyinin zəruriliyini vurğuladılar.
Əyalət mətbuatının problemlərini diqqətlə dinləyən Agentliyin rəsmiləri - Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru Rüstəm Əhmədov, Strateji planlaşdırma departamentinin direktoru Rasim Bağırov bölgə qəzetlərinin düşdüyü durumdan çıxması üçün Agentlikdə gedən işlər haqqında məlumat verdilər.
Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli öz çıxışında vurğuladı ki, indiyədək region mətbuatından Agentliyə daxil olan müraciətlərə baxılır, regionlarda nəşr olunan qəzetlərin baş redaktorları ilə intensiv ünsiyyət qurularaq problemlər əhatəli şəkildə müzakirə olunur. Natiq müəllim onu da qeyd etdi ki, bu konfransın məhz əsas məqsədi  mövcud çətinlikləri öyrənmək, təklifləri dinləmək, region mətbuatını ayağa qaldırmaq, yaşatmaq üçün ən optimal variantlar tapmaqdır. Və bu istiqamətdə işlər görülür.
Əminə Yusifqızı fikirlərini belə yekunlaşdırmışdır:- Onsuz da kifayət qədər iş bolluğunda olan ölkə mətbuatının inkişaf etdirilməsi yolunda çalışan Agentlik region mətbuatını da unutmur. Virtual görüşdən çox böyük ümidlə və minnətdarlıq duyğusu ilə ayrılıram. İnanıram ki, əyalət mətbuatı tarixə gömülməyəcək, düşdüyü ağır durumdan çıxacaq, bölgəsinin salnaməsini yazan jurnalistlər qərəmət libasını çıxarıb peşələrini ləyaqətlə davam etdirəcəklər. Sadəcə, bu işdə hər birimiz Agentliyə kömək etməli, nəzərdə tutduqları konsepsiyanı həyata keçirmək yollarında öz təklif və əməli fəaliyyətimizlə daim yanlarında olmalıyıq. Vaxt o vaxtdır, gəlin bölgə mətbuatının əlindən tutub yıxıldığı yerdən qaldıraq. Yəni tariximizi silməkdənsə, yaşadaq.
 

  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31