FHN-nin modul xəstəxanasının baş həkiminin məhkəməsi keçirilib
9 Oktyabr 2021 11:37 SosialBakı Ağır Cinayətlər Məhkəməsində FHN-nin Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Olaylar Trend-ə istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatət verərək təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq müdafiəçilərinin yanında əyləşməsinə şərait yaradılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
İttiham aktında yazılır ki, bu iş üzrə başlayan istintaq zamanı müəyyən edilib ki, İmran Ağayev Hospitalın baş həkimi olmaqla yanaşı "Medi Style" MMC-nin də təsisçisidir.
İttihama görə, İmran Ağayev Hospitala müxtəlif yerlərdən Təcili Tibbi Yardım avtomobilləri ilə gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib.
Amma özünün direktoru olduğu "Medi Style" MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri ilə xidmət haqqı ödənilməklə gətirilən xəstələrini qəbul tezləşdirib, onlar üçün yer problemi yaşanmayıb.
İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən özünə məxsus klinikanın təcili yardımları ilə Hospitala aparılması üçün 300-1500 manat olmaqla cəmi 51.599 manat pul alıb.
Həmçinin müəyyən edilib ki, həmin məbləğin cəmi 7.500 manatı MMC-nin rəsmi dövriyyəsinə salınıb. Qalan məbləğ isə İmran Ağayev tərəfindən şəxsi ehtiyaclara xərclənib