Pandemiya dövründə yayı necə keçirdik?
8 Oktyabr 2021 14:54 SosialSentyabrın 22-də Azərbaycanda yay fəslinin bitməsi ilə əlaqədar, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 20-25 sentyabr tarixlərində sorğu keçirilib.
"OLAYLAR"-a Mərkəzdən bildirilib ki, sorğuda iştirak edən 687 respondentin 54%-ni qadınlar, 46%-ni kişilər təşkil edib.
İlk sualda respondentlərdən yayı necə keçirdikləri soruşulub. Onlardan 46%-i yayı yaxşı keçirdiyini, 37%-i ötən illə müqayisədə fərqli keçirmədiyini bildirib. Ötən il yayı daha yaxşı keçirdiyini deyənlər isə respondentlərin 17%-ni təşkil edib.
"Yay ərzində aşağıda sadalanlardan hansı ilə üzləşdiniz?" sualına respondentlərin cavabı aşağıdakı kimi olub:
Ailə həyatı qurdum - 6%;
Toy/ad günü və digər tədbirlərdə iştirak etdim - 44%;
Övladım/nəvəm dünyaya gəldi - 1%;
Koronavirusa yoluxdum - 9%;
Digər xəstəliklərlə mübarizə apardım - 10%;
Heç biri ilə üzləşmədim - 40%.
Sorğuda iştirak edənlərin 32%-i yayı bağda və ya regionlarda, 5%-i xarici ölkədə, 44%-i evdə keçirdiyini bildirsə də, 18%-i ümumiyyətlə istirahət etmədiyini qeyd edib.
Sorğu iştirakçılarının 21%-i yay planları ilə bağlı verilən sualı cavablandırarkən bütün planlarını həyata keçirdiyini, 13%-i xarici ölkəyə gedə bilmədiyini, 21%-i işlərinin çoxluğu səbəbilə istirahət etmədiyini, 11%-i təhsillə bağlı planlarını, 35%-i isə ümumiyyətlə heç bir planını həyata keçirə bilmədiyini vurğulayıb.