Hesabları ataları tərəfindən ödənilib- Əfsanə Kamal yazır
7 Oktyabr 2021 12:06 SosialDünyanın hər cür haqq-hesabı var. "Sən indi həll et, sonra hesablaşarıq" dediyimiz adamlar da var. Sonsuzadək hesablaşa bilməyəcəyimiz İNSANlar da. Can hesabı deyirlər buna. Sənə, mənə, hamımıza görə itirilən bir canın hesabı...
Müharibə dövründə bir çox restoran, taksi şirkəti və.s təmənnasız fəaliyyət göstərmək təşəbbüsündə idi. Düşünürdüm ki, müharibə ilə birlikdə bunlar da sonra yetəcək. Taa ki, dünən məktəb ləvazımatları satılan yerin qarşısında "Hesab ataları tərəfindən ödənmişdir" ELANINI görənə qədər. Yemək, geyinmək, gəzmək kimi təməl ehtiyaclar yox, məktəb ləvazımatı. Hər birinin vəziyyəti dövlət tərəfindəm nəzarət altında olsa da, bəlkə ehtiyacları olar deyə düşünülən, qürurverici, incə davranış...

Elə savaşda da belə idik. Köhnə, cırılan ayaqqabı ilə gəlib pensiyasını orduya bağışlayan yaşlı babamız bir gün içərisində bütün Azərbaycanın babası olmuşdu. Yığdığı pul qabını ordu üçün açan uşaq, hər birimizin övladı idi. Bəli, biz buyuq! Hər kəs əlindən gələn qədər öz təşəbbüsünü göstərməli idi!
Onlar üçün atılan bu addımları "reklam" hesab edənlər də var. Dəfələrlə sosial media üzərindən bu təşəbbüslərə kəm baxanlar görmüşəm. Əlində anti-reklam bayrağı sallayan da. Niyə hər şeyə müsbət tərəfindən baxmağa çalışmırıq ? Reklam,ya da qeyri- reklam olsun, yenə də böyük ürəyə, Vətən sevgisinə sahib olmayan heç kim həmin addımı atacaq qədər ürəkli ola bilməz.
Şəhidlərdən geri qalan yadigarlarla aramızdaki mənəvi bağ çox güclüdür. Bizi insan edən hisslər də bunlardır, vətəndaş edən hisslər də...
Təəssüf, aramızda bunlara biganə yanaşanlar olur. Qələbə qazanmağın nə qədər böyük qurbanlara, göz yaşlarına səbəb olduğunu görmək istəməyənlər bilməlidir ki, onların etdiyi "mixalifətçilik" yanlarına qalmayacaqdır. Bu qədər böyük işlərin, sevincin, kədərin içərisində xainlik baş qaldırmamalı idi!
Onların bizdən olmasına əsla inanmaq istəmərik. Müharibə dönəmində hər kəsə əks gedib, öz - özlüyündə "politoloq" olan şəxslər, erməniyə cəsusluq edənlər bizlərdən deyil. Bu onlar üçün ən böyük təhqir olmalıdır. Ailədə ailəmizin sirrini-sözünü başqa insanlara demək etik sayılırmı? Ailəniz bu halda sizi qəbul edərmi? Valideyn belə övladını bu halda rədd edə bilirsə, dövlət bunu necə vətəndaş kimi qəbul edə bilər ? Bizlər Vətənə bu cür xainlik edən şəxsləri necə bağışlaya bilərik?
İnsanlar Vətən xainlərinin edam edilməsini istəyir. Baxıb, hər kəs ibrət alsın deyə. Mən inanıram, insanlıqdan nəsibini almayan bu şəxslər layiqincə cəzalandırılacaq.
İstər siyasi masada, istər savaş meydanında biləyimizi bükməyə çalışanlara vuracağımız bir şillə var-BİRLİK!
İndi və bundan sonra, bilinci hərəkət edib, bir amal uğrunda birləşməliyik - o da- Vətən!
Əgər Vətən üçün canından keçəcək qədər cəsarətli deyilsənsə- onun üçün Yaşa! Onun üçün Yarat!
Əfsanə Kamal