“Bəlkə cəmiyyətdəki problemlərin bir hissəsini təhsildə axtarmaq lazımdır”- Əkrəm Bəydəmirli
5 Oktyabr 2021 12:52 Sosial"Cəmiyyətin anlaqsız duruma düşməsi və yaxud inkişafı həm də yaxşı təhsillə, öz sənətini sevən müəllimlə bağlıdır". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, bəlkə cəmiyyətdəki, canlı, şüurlu varlıqlardakı problemlərin bir hissəsini təhsildə axtarmaq lazımdır. Ona görə ki, bütün sənət sahibləri parta arxasından çıxaraq müstəqil həyata, bu cəmiyyətə yol açırlar. İkinci ailə sayılan məktəb, oradakı müəllimlər azyaşlı uşağın gələcək taleyini müəyyən edir. Gələcək biznesmenin, polisin, həkimin, mühəndisin və s. əxlaqlı dünyagörüşü, vətəndaşlıq mövqeyi məhz orta məktəb partasından formalaşır. Zəncirvari proses olan bu məqamlarda baş verən hər hansı qüsurlar, buraxılan səhvlər gündəlik həyatımızda, cəmiyyətimizdə özünü bütün çılpaqlığı ilə büruzə verir: "Ümumiyyətlə, təhsil sahəsindəki çatışmazlıqlar, çap edilən dərsliklərin yarasızlığı, bu sistemdə qeyri şəffaflıq barəsində KİV-lərdə fikirlər səslənir. Narahatçılıq doğuran odur ki, bu qədər qaldırılan məsələlər, ictimailəşən problemlər həllini tapmır. Dövlətin böyük vəsaiti hesabına bu il nəşr olunan bəzi dərsliklərin gələn il istifadəsinə icazə verilmir. Müqayisə aparanda görürsən ki, bu yeni kitab şagird üçün əvvəlkindən daha çətindir, mahiyyətinə görə, isə qüsurludur. Əslində cəmiyyətin anlaqsız duruma düşməsi və yaxud inkişafı yaxşı təhsillə, öz sənətini sevən müəllimlə bağlıdır. Bəlkə yaxşı təhsil dalınca xarıci ölkələrə getmək imkanı olmayanlar üçün burada bu şəraiti yaratmaq mümkün oldu. Necə düşünürsünüz?
Təhsilin və cəmiyyətin inkişafında Yaponiyanın təcrübəsi diqqəti cəlb edir. İkinci dünya müharibəsində tamamilə məğlub edilmiş, təbii ehtiyatları yox səviyyəsində olan Yaponiya öz təhsili ilə dünya arenasına çıxdı. Ağılagəlməyən inkişafı ilə bu gün hamını heyrətləndirir. Həmin keyfiyyətli texnologiyanı yaratmaq və dünyada qəbul elətdirmək üçün yüksək təhsil lazım idi. Yaponlar bunu qura biliblər. Azərbaycanda da hay-küydən uzaq olub cəmiyyətin peyvəndini tapmaq gərəkdir. Deyəsən bu normal təhsildən, millətin, dövlətin inkişafına xidmət edən vicdanlı münasibətdən başlayır. Sonda müəllim adını uca tutan, millətin övladlarına ləyaqətlə işıq verən müəllimləri təbrik edirəm!"