"Soruşdum ki, Rasim Quliyev kimdi? Dedi ki nə olub?"
4 Oktyabr 2021 21:03 SosialBakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən şahid, "FF" Mənzil Tikinti Kooperativin (MTK) təsisçisi Tamella İbrahimova bildirib ki, 2011-ci ildən şirkətin təsisçisidir: "11 ildir bütün sənədlərin arxasınca özüm gedirəm. Onkoloji xəstəyəm. Təqsirləndirilən şəxs Rasim Quliyevin ittiham olunduğu maddələrlə bağlı mən Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilməmişəm. Mənə bu barədə məlumat verilməyib, üzləşmə olmayıb. İdarənin müstəntiqi Eldar Səfərovdan mənim Rasim Quliyevlə üzləşməyimi istəmişəm, amma şərait yaratmayıb, kobud qanun pozuntusuna yol verib. Mən BŞİH-də Rasim Quliyevi görməmişəm və o adamı tanımıram. Dövlət Şəhərsalma və Tikinti Arxitektura Komitəsinin indiki rəisi Anar Əliyev o vaxt müavin idi, o da mənə Rasim Quliyev haqqında heç nə deməmişdi.
2012-ci ildə mənə Bakı şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva küçəsində pul əvəzinə yer verdilər. 2013-cü ildə həmin yerdə bina tikməyim üçün Bakı şəhər İcra Hakimiyyəti başçısı sərəncam verdi. 2014-cü ildə sərəncam ləğv edilib, amma bu barədə bizə heç bir məlumat verilməyib. Sonradan dedilər ki, guya orada metro stansiyası tikiləcək və park olacaq. Mən bu barədə Bakı şəhər İcra Hakimiyyətinə şifahi müraciət etdim. Dedilər ki sənə yer verəcəyik.
2015-ci ilin yay ayları idi, mənə zəng gəldi, çağırdılar icra hakimiyyətinə. Mənə dedilər ki, sizə icazə verəcəklər, ev tikəcəksiniz. Həmin vaxt Bakı Şəhər İcra Hakimiyyəti sərəncam verib köhnə sərəncamı ləğv etdi və mənə tikinti nişanı verdilər. Dilarə Əliyeva 145 ünvanında evləri aldıq, sakinlərin kompensasiyasını verdik və layihə hazırladıq. Layihəni Akif Abdullayevə təqdim edəndə o dedi ki, bu layihə böyükdür. Daha sonra o bizə bir memar təklif etdi, həmin memar bizimlə işləməyə başladı. Layihəni qaydasına saldıq və işlərə başladıq.
Bir müddət sonra Bakı şəhər İcra Hakimiyyətinin Zülfəli adlı şöbə müdiri mənə dedi ki, Hacıbala müəllim həmin ərazidə ağırtonnajlı yük maşınlarının hərəkətini qadağan edib. Dedi ki, siz həmin əraziyə gələn yük maşınlarına ağır yük vurursunuz və bu da ərazidə asfalt örtüyünü dağıdır. O dedi ki, tikinti aparılacaq və ərazidə tikintiyə mən nəzarət edəcəm. 2015-ci ildən söküntüyə başladıq.
Həmin ərazidə tikinti aparılması ilə bağlı 9 min vərəqəlik sənəd var, hamısında da möhür var. Biz evi alırdıq, Bakı Şəhər İcra Hakimiyyəti sökürdü, sakinlərdən biri Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verdi, uddu. Zülfəli isə məni arxayın etdi və dedi ki, o özü həll edəcək məsələni".
Şahid bildirib ki, Dilarə Əliyeva 145-də memarlıq üslubu yoxdu: "Əgər bu bina memarlıq binası idisə, iki il sənədləşmə gedən vaxtlarda mənə niyə bu barədə heç nə təqdim etmədilər? Mən Rasim Quliyevi birinci dəfədir ki, burada görürəm, bu adamı tanımıram. Rasim Quliyevin 2019-cu ildə bizim bina ilə bağlı verdiyi sərəncam nəyimə lazım idi axı? Mən 2015-ci ildə tikinti nişanı almışam, sərəncamım da verilib. Rasim Quliyevin sərəncamının nə əhəmiyyəti var idi? Ötən il mən əməliyyat olunanda Namiq Hümbətovla danışdım. Namiq Hümbətov bildirdi ki, məsələ həll olunacaq. Mənim layihəmdə Namiq yenidən dəyişikliklər etdi, ona da razılaşdım.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı, bir müddət işlər dayandı. Müharibə başa çatandan sonra da mənə dedilər ki, gözləyək. Bu il fevral ayında Şəhərsalma, Tikinti və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümbətov mənim yoldaşıma dedi ki, iş alınmır. Mən dedim ki, kimə lazımdır yenə pul verim, işim dayanmasın. Namiq çox yerlərə müraciət etdi, cavab gəlmədi. Sonra eşitdim ki Rasim Quliyevlə bağlı cinayət işi başlandı və o tutuldu. Mən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etdim ki, Rasim Quliyevi tanıyım. İmkan vermədilər. İdarədən dedilər ki, bu işdə 32 şirkət var, sənlik deyil. Sonra gördüm ki, ancaq mənim şirkətimin adını çəkirlər".
Tamella İbrahimova bildirib ki, məsələ ilə bağlı Baş nazirin sabiq müavini Hacıbala Abutalıbovla da görüşüb: "O vaxt Hacıbala Abutalıbovun qəbulunda oldum, ondan soruşdum ki, Dedim Rasim Quliyev kimdi? Dedi ki nə olub? Bildirdim ki Anar Quliyev deyir ki, sənin sənədlərinə Rasim Quliyev qol çəkdiyinə görə, işin alınmayıb.
Hacıbala Abutalıbov dedi ki, ola bilməz. O məni arxayın elədi ki problem tezliklə həll olunacaq. Hacıbala Abutalıbov mənim yanımdan götürdü Ramiz Mehdiyevə Kəmaləddin Heydərova, Əbülfəz Qarayevə zəng elədi.
Hacıbala Abutalıbov Ramiz Mehdiyevə dedi ki, arxitektura deyir ki, Rasim Quliyevin imzasını tanımırıq. Ramiz Mehdiyev dedi ki, ola bilməz, biz onun imzaladığı sənədləri qəbul edirik. Daha sonra Baş prokuror Zakir Qaralov bizə məktub göndərdi ki, bina qanunsuz tikilir. Biz də işi saxladıq".