Bu gündən bütün sürücülərdən COVID-19 pasportu tələb olunacaq - RƏSMİ AÇIQLAMA
1 Oktyabr 2021 13:01 SosialBu gündən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərdən ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb ediləcək.
OLAYLAR.AZ xəbər verir ki, bununla bağlı açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, sərnişin daşımada iştirak edən istənilən insan tələbləri düzgün yerinə yetirməlidir:
"Burada onların məsuliyyətə cəlb edilib-edilməməsindən asılı olmayaraq, vətəndaşların ən azı vəzifə borcudur ki, həm öz sağlamlığının qayğısına qalsın, həm də başqa hərəkət iştirakçılarının virusa yoluxmasının qarşısını almağı öz vəzifə borcu kimi bilsin. Təbii ki, qanunda göstərilən müzakirə edilmir".
Müsahibimiz həmçinin taksi sürücüləri ilə bağlı reydlərdən də söz açıb:
"Söhbət reyd keçirək, onları aşkarlayaq, cəzalandıraq deyil. Profilaktiki tədbirlərin keçirilməsinə üstünlük veririk. Elə sizin vasitənizlə əvvəlcədən xahiş edirik ki, tələbləri yerinə yetirməyə çalışsınlar. Söz yox ki, bu tələblər yerinə yetirilmirsə, inzibati tənbeh tədbirləri var və qanunvericiliyin bu tələbləri üzrə məsuliyyət tətbiq edilə bilər, ediləcək də. Yenə də vətəndaşlarımızı, eləcə də sərnişin daşıma ilə məşğul olan sürücülərimizi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının düzgün yerinə yetirilməsinə dəvət edirəm".