“İrəli!” əmri bizi Zəfərə səslədi
26 Sentyabr 2021 10:26 Sosial...Ötən beş ildə Tərtər, Cəbrayıl və Goranboy rayonlarında gedən Aprel döyüşləri unudulmadı. Dörd günlük Aprel və 4 günlük Tovuz döyüşləri 44 günlük II Qarabağ savaşı ilə bitdi. Son döyüşdə ordu-xalq-iqtidar birliyi indiyə kimi dünyanın heç bir dövlətində nə görüldü, nə də eşidildi. Hər üç döyüş Azərbaycan xalqının qan yaddaşına hopdu. Bu möhtəşəm birlik tarixi Zəfərimizlə sonuclandı.
Beş il əvvəl torpaq uğrunda can verməyə hazır olan oğulların gücü bir gecədə Lələtəpə yüksəkliyini azad etdi. Üçrəngli Azərbaycan Bayrağı azad olunmuş torpaqlarda dalğalandı. Bu döyüş bütün dünyaya Azərbaycan Ordusunun hansı qüdrətə sahib olduğunu göstərdi. Ermənilərə ismarıc oldu ki, dialoqa gəlsin, məsələnin danışıq yolu ilə həlli variantına razılaşsın. Alınmadı... Nəticəsi isə bu gün göz qabağındadır: Azərbaycan əsgəri Zəfər dastanı yazdı.
Hələ Tovuz döyüşləri zamanı gənclərimiz çox həyəcanlı idilər, evə-eşiyə sığmayan düşüncələrlə günlərini başa vurur, döyüşə can atırdılar. Məhz o günlərdə oğullarımızın ürəyi ilə gözünün arasındakı məsafədə yuva quran Vətən sevgisi daha da böyüdü. Düşmənə nifrət hissi alovlandı. Gənclər müharibəyə getmək üçün hərbi komissarlıqların həyətində növbəyə durdular. Hamısı düşməni diz çökdürməyin həzzini yaşamaq istəyirdi. Onlar bu günü çoxdan gözləyirdilər. Bilirdilər ki, bir gün Ali Baş Komandanın əmri ilə bu xalq ayağa qalxıb, tərəddüd etmədən əlinə silah alıb döyüşə yollanacaq, torpaqlarını geri alacaq, qoyub gəldiyi yuvasına dönəcək...
Vətən müharibəsində hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu mühəndis - istehkam qurğularını, Ermənistan silahlı qüvvələrini darmadağın etdi! Fədakar ordumuz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Şuşa şəhərini, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Kəlbəcər rayonuna aid strateji məntəqələri, o cümlədən Murov yüksəkliyini və basqa yerləri işğaldan azad etdi. Ümumilikdə, 44 günlük şərəfli əks-hücum dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, fərqli coğrafiyalarda yerləşən, (dəniz səviyyəsindən) müxtəlif yüksəkliklərə aid çoxsaylı strateji zirvəni düşmən işğalından azad etdik. "Azad etdik" kəlmələrini səsləndirmək nə qədər asan olsa da, bunun əldə edilməsinin möhtəşəmliyi ağlasığmazdır.
Torpağımızın hər qarışı, hər dağımız-daşımız, meşəmiz, ağacımız, çayımız-gölümüz, boz çölümüz... bizim üçün əzizdir, doğmadır. Hamı rəmzi və strateji anlamda bütün Qarabağın kilid şəhəri kimi Şuşanı qəbul edir, Şuşalı günlərə inanırdı! Noyabrın 8- də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük önəm daşıyan Şuşa şəhərinin işğaldan azad edilməsi, "Şuşaya nəzarət edən kəs, Qarabağa da nəzarət edir" fikrini bir daha təsdiq etdi. Çünki Şuşa demək, Qarabağ deməkdir. Ona görə böyük iftixar hissi və məsuliyyətlə deyə bilirik: Qarabağ Azərbaycandır!
Şuşa zəfərində payı olan oğullardan ikisi - Alıyev Vasif Yusif oğlu və Nadirov Rasif Yusif oğlu (soyadlarındakı fərqə baxmayaraq, doğma qardaşdırlar) Vətən müharibəsi başlayan kimi könüllü döyüşə yollanıblar. Tovuzun Xatınlı kəndində doğulan Vasiflə Rasifin atası onlar hələ uşaq ikən rəhmətə gedib. Uşaqlıqdan mərd, Vətənə bağlı böyüyən Vasif orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə - Vətən borcunu verməyə gedir və həmin müddətdə hərbçi olmağı qərarlaşdırır. Arzusuna çatır. O, Azərbaycan Ordusunda xidmət edir, Müdafiə Nazirliyinin Təlim - Tədris Mərkəzində işləyir. Baş gizir Vasif Alıyev müharibənin ilk günündən cəbhəyə yollananda kiçik qardaşı Rasif "iki ayağını bir başmağa dirəyir" ki, qardaşım harada, mən də orada: cəbhəyə getməliyəm. Bir həftə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinə ayaq döyür. Oradakılar Rasifin inadını görüb razılıq verirlər və o, könüllülər sırasında cəbhəyə yollanır.
Döyüş yolları ayrı-ayrı rayonlardan başlasa da, son dayanacağın Şuşa olduğu məlumdur. Rasifin Cəbrayıl, Qubadlı, Füzuli, Laçından keçən döyüş yolu Şuşada tamamlandı. Onun müharibə dövründə işğal edilən torpaqlarımızda ayaq izi qalmayan yer yoxdur. Döyüş yolunu sadalamaq asan olsa da, onların hansı qan-qada içində irəlilədikləri, nələrə şahid olduqları çoxlarına məlumdur. Hər iki qardaş müharibə dövründə tankla irəliləyib, düşmənin zəhrini yarıb. Onu da xatırladaq ki, müharibənin ilk günlərində Rasif ermənilərin qaçarkən qoyub getdikləri tankları təmir edirmiş. Sonradan narazılığını bildirib, ön cəbhədə olmaq, düşmənə olan hiddətini onları məhv etməklə azaltmaq istəyini deyib. Komandirlər Rasifin bacarığını görüb onun bu arzusunu nəzərə alıblar və Rasif tanka oturub döyüşlərə qatılıb.
Füzuli, Cəbrayıl, Hadrut, Xocavənd rayonlarının düşməndən azad edilməsində bu igid qardaşların xüsusi payı var. Əslən qarabağlı olmayan, hətta o tərəflərdə heç bir qohum-əqrəbası yaşamayan Vasiflə Rasif üçün Ali Baş Komandanımızın "Qarabağ Azərbaycandır!" - deyimi Vətən şüarı idi. Bu sözlər onları döyüşdən-döyüşə apardı, qələbədən-qələbəyə ruhlandırdı. Bu gün böyükdən kiçiyə - hər kəsin dilində əzbər olan bu şüardakı Qarabağ və Azərbaycan sözlərindən qiymətli bir söz yoxdur. Qardaşlar da bu sözlərin cazibəsindən, Vətən sevgisi və düşmənə nifrət hissindən doğan bir gücün təsiri ilə qorxmaz, cəsarətli, döyüşkən ruhlu Azərbaycan oğlu olaraq, mənfur düşməni torpaqlarımızdan "iti qovan kimi" qovanlardan oldular.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətindən, cəsarətindən və mərdliyindən ilhamlanan, yastıqları daş, yorğanları buludlar, yataq yerləri səngər olan qardaşlar da adlarını Vətən müharibəsi tarixinə yazan Azərbaycan oğullarıdır. Qardaşlar deyirlər: "Bizim orada çəkdiyimiz əziyyət qədər doğmalarımız da arxada nigarançılıq çəkiblər. Bir qarış torpaq alınanda bizim sevincimizin həddi - hüdudu olmurdu. Müzəffər Ali Baş Komandanımızın "İrəli!" əmrini eşitmək bizim gücümüzə güc qatırdı. Bu, sadəcə, əmr deyildi, doğma torpaqlarımızdan düşməni qovduğumuzu bildirən, inləyən torpağın azadlığa qovuşmaq istəyi idi".
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə baş gizir Alıyev Vasif Yusif oğlu "Qubadlının alınmasına görə", gizir Nadirov Rasif Yusif oğlu isə "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunublar. Hazırda Vasif Cəbrayılda xidmətini davam etdirir. İndi igid qardaşların hər birinin evində gələcəyin iki əsgəri böyüyür. Bu oğullar atalarının şərəfli ömür və döyüş yolunu böyüdükcə daha dərindən anlayacaq, öyrənəcək, onlar kimi Vətən sevgisini hər şeydən üstün biləcəklər.
Zərifə BƏŞİRQIZI,
"Xalq qəzeti"