Ədliyyə naziri tərəfindən vətəndaşların videoqəbulu keçirilib
24 Sentyabr 2021 14:35 SosialÖlkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə, xüsusilə şəhid ailələrinin və hərbçilərin qayğılarına həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.Nazirlikdən "Olaylar"a bildirilib ki, bununla əlaqədar nazirlik tərəfindən pandemiya şəraiti nəzərə alınaraq vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir, mütəmadi videoqəbullar keçirilir. Sentyabrın 23-də ədliyyə naziri Fikrət Məmmədov paytaxtda və müxtəlif bölgələrdə yaşayan vətəndaşları videoformatda qəbul edib, onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib. Regional ədliyyə idarələri vasitəsilə videoqəbula qoşulan vətəndaşların müraciətlərində qaldırdıqları məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi üçün nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib. Qəbulun videoformatda təşkili vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb. Onlar qayğılarına həssaslıq və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.