“Əgər hələ də küçələrdə təhsildən yayınmış uşaqlarla rastlaşırıqsa, deməli bu sahədə müəyyən boşluqlar var “- ARAŞDIRMA

"Heç bir repetitor xidməti məktəbin yerini verə bilməz"

Təhsil öyrənmənin,  başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil inkişafın, eləcə də insanların gücləndirilməsi üçün lazım olan əsas faktorlardan biridir. Təhsil insanları bilik və məlumatlarla təmin edir, həmçinin özünə hörmət və özünə inam hissi yaratmağa və potensialı reallaşdırmağa kömək edir.

Təəssüf ki, bu gün ölkədə təhsilimizin vəziyyəti heç də ürəkaçan deyil. Digər sahələrə olduğu kimi, bu sahəyə də pandemiya təsirsiz ötüşməyib. Dərslərin distant formada keçirilməsi müəyyən problemlərin yaranmasına səbəb olsa da, pandemiya ilə əlaqədar tədrisin bu şəkildə təşkili hazırkı dövr üçün təhsilin davamlılığının təmini baxımından ən münasib hesab edilir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da artıq 2 ildən çoxdur ki, tədris distant formada təşkil olunur. Nəzərə alsaq ki, 2 il ərzində qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin sayı demək olar ki, yox dərəcəsindədir, belə nəticəyə gəlmək olar ki, distant təhsil heç də effektiv nəticə vermir.

Təhsil Nazirliyinin sentybarın 22-si və 29-dan dərslərin əyaniyə keçirilməsi ilə bağlı verdiyi qərar bir çoxlarının ürəyincə olsa da, əksər valideynlərdə övladlarının virusa yoluxması qorxusunu yaradıb. O zaman belə bir sual yaranır: Övladlarının məktəbdə virusa yoluxacağından qorxan valideynlər niyə onları 18-20 nəfərlik dərs keçən repititor yanına göndərirlər? Belə çıxır ki, koronavirus sadəcə məktəb partaları arxasındadır?

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov Olaylar.az-a açıqlamasında təhsillə bağlı bu kimi problemlərə aydınlıq gətirdi. Onun sözlərinə görə, pandemiyanın hökm sürdüyü bir dövrdə bütün sahələrdə olduğu kimi, təhsil sistemində də yaranmış problemləri nəzərə alsaq, təhsilimizi pandemiyadan xeyli zərər çəkmiş bir durumda xarakterizə etmək olar:

"Bilirsiniz ki, pandemiyanın ən çox təsir etdiyi, ziyan verdiyi sahələrdən biri təhsil sahəsi idi. Bu baxımdan da hesab edirəm ki, bizim təhsilimizin ümumiyyətlə keyfiyyətinə pandemiya təsirsiz ötüşmədi desək, yanılmış olarıq. Əlbəttə ki, pandemiyanın ilk günlərindən başlayaraq, artıq məktəblərin bağlanması qərarı verildikdən sonra, biz bütövlükdə Təhsil Nazirliyi yanında İctimai Şura olaraq, prosesi diqqətlə izlədik, bu prosesdən təhsil sistemimizin minimum itkilərlə çıxması üçün birbaşa Təhsil Nazirliyinin rəhbərliyi ilə, aidiyyəti üzrə şəxslərlə mütəmadi olaraq məsləhətləşmələr apardıq, ictimai şuralara təkliflərimizi verdik. Qeyd etmək istəyirəm, əlbəttə ki, bu təkliflər kifayət qədər peşəkar təkliflərdir. Çünki, ictimai şura təhsili bilən, təhsil sahəsində uzun illər fəaliyyəti ilə seçilmiş çox peşəkar insanlar tərəfindən formalaşmış bir qurumdur və eyni zamanda təhsil prosesinə, təhsil sisteminə nəzarəti həyata keçirən qurum olaraq bizim təkliflərimiz Təhsil Nazirliyi tərəfindən birmənalı olaraq qəbul olundu və təhsilimizin pandemiyadan az zərər çəkməsi üçün bütün alternativlər işə salındı. Bir haşiyə çıxım ki, mən Təhsil Nazirliyinin pandemiya dövründəki fəaliyyətini yüksək qiymətləndirirəm. Ən azından ona görə ki, Azərbaycanda pandemiya dövründə təhsillə bağlı həyata keçirilən qaydalar olduqca peşəkar qaydalardır. Bu zaman dünyadakı təhsil tutumlu ölkələrin gördüyü işlər, təcrübələr önərildi. Eyni zamanda Azərbaycanda alternativlər ortaya qoyuldu ki, hətta bəzi təhsil tutumlu ölkələr belə Azərbaycanın ortaya qoyduğu bu alternativləri bir neçə aydan sonra tətbiq etməyə başladılar. BMT-nin təhsillə bağlı qurumu olan UNESCO və eyni zamanda səhiyyə ilə bağlı beynəlxalq qurum olan Ümumdünya Səhiyyə Təşkilatı belə Azərbaycanda pandemiya dövründə həyata keçirilən işləri olduqca nümunəvi işlər sırasında qiymətləndirdi. Düşünürəm ki, atılan bütün addımlar ölkəmizin təhsilsizlik boşluğuna düşməməsinə gətirib çıxartdı. Teledərslər layihəsi, virtual məktəb platforması, məsafədən təhsillə bağlı görülən işlər, hansı ki, bu təkcə orta məktəblə bağlı deyil, ümumilikdə təhsil sistemini əhatə etdi və məhz bunun nəticəsi idi ki, buraxılış və qəbul imtahanlarının nəticələrində çox ciddi fərqləri görə bildik. Yəni, bizim təhsil ictimaiyyəti yaxşı mənada səfərbər ola bildi və Təhsil Nazirliyi mümkün olan hər şeyi etdi. Ona görə də, məhz bu günki durumu, pandemiyanın təhsil sahəsinə vurduğu ziyanı nəzərə alsaq, təhsilimizin bu günki vəziyyətini kifayət qədər normal qiymətləndirirəm və düşünürəm ki, atılan addımlar ölkədə təhsilsizlik mühitini formalaşdırmadı. Eyni zamanda, məsafədən təhsilə start verildi, bu da yeni bir yanaşma idi və bizə postpandemiya dövründə təhsilimizin inkişafı üçün yeni baxışlar formalaşdırmağa kömək edəcək.

Pandemiyadan əvvəlki və indiki vəziyyət arasındakı fərqə gəldikdə, bilirsiniz, ilyarıma yaxındır ki, məktəblərin böyük əksəriyyəti zaman baxımından onlayn rejimdə fəaliyyət göstərdi. Təbii ki, bunlar təsirsiz ötüşmədi. Amma hesab edirəm ki, müəllimlərimiz də xeyli fədakarlıq göstərdilər və şagirdlərimizə məsafədən təhsillə bağlı nə mümkündürsə etdilər. Bayaq qeyd etdiyim kimi, əlbəttə ki, təsirlər yoxdur demək yanlış olar, amma bu təsirləri minimuma endirməklə bağlı görülən işlər deməyə əsas verir ki, Azərbaycanda əslində təhsilin vəziyyəti ilə bağlı optimist danışa bilərik. Yəni, təhsilimiz nə qədər neqativ təsirlərə məruz qalsa da, əksər sahələrdən daha zərərsiz çıxa bildi. Həm müəllimlərimizdə, həm şagird, tələbələrimizdə yeni vərdişləri formalaşdıra bildik. Bütövlükdə müasir texnologiyalarla işləmək bacarığını onlara aşılaya bildik ki, bu da xeyli əlavə üstünlüklərdəndir. Mən pandemiyanın zərərlərindən danışdım, amma pandemiyanın təhsilə zərəri bizi postpandemiya dövrü ilə bağlı yeni yanaşmalar ortaya qoymağa gətirib çıxartdı.

Əlbəttə ki, distant təhsildən ənənəvi təhsilə keçməyə ehtiyac var. Mən mütəmadi olaraq bu dövrdə Avropa ölkələrinin məhz təhsillə bağlı verdiyi qərarları izləmişəm. Biz hər zaman qeyd etmişik ki, ənənəvi təhsili, xüsusilə, orta məktəb bazası üçün əvəz edəcək bir təhsil forması yoxdur. Yəni, ənənəvi təhsilin alternativi birmənalı olaraq yoxdur. Bu baxımdan da mən ənənəvi təhsilə keçidi dəstəkləyirəm. Nə qədər riskli addım olsa belə, hesab edirəm ki, biz bütövlükdə pandemiya ilə yaşamağa öyrəşməliyik, nə qədər ki, bu bəladan çıxış yolu tam olaraq müəyyənləşdirilməyib. Məsələ bundan ibarətdir ki, qərar artıq verilib, 22 sentyabrdan I-IV siniflər, 29 sentyabrdan sonra isə bütün təhsil müəssisələrində ənənəvi təhsil bərpa olunur və düşünürəm ki, cəmiyyət yenidən təhsil ocaqlarının qapanmaması üçün məsuliyyətini nümayiş etdirəcək və biz yenidən təhsil müəssisələrini bağlamaq məcburiyyətində qalmarıq".

Təhsil eksperti "Əgər repititorlar 18-20 nəfərlə dərs keçirsə, məktəblərin açılmasına nə ehtiyac var" sualına, "Heç bir repetitor xidməti məktəbin yerini verə bilməz" deyə cavab verdi:

"Məktəb təkcə təhsil vermir. Məktəb sosial bir mühitdir, şagirdləri sosiallaşdırır. Ümumilikdə təhsil müəssisələrinin qarşısında duran məqsəd təkcə təhsil verməklə məhdudlaşmır, eyni zamanda o yaxşı vətəndaş, dövlətimizi gələcəkdə yaxşı idarə edə biləcək vətəndaşlar hazırlamalıdır. Ona görə də,  düşünürəm ki, 18-20 nəfərlə repetitorluq xidməti göstərən heç bir müəssisə ilə məktəbdə verilən təhsil və tərbiyə müzakirə oluna bilməz".

Ekspert eyni zamanda, təhsil alması gərəkən yaşlarda parta arxasında deyil, müxtəlif sahələrdə çalışan uşaqlar haqqında da fikirlərini bildirdi:
"Hansısa kafedə ofisiant işləyən, küçələrdə maşın şüşələri silən, salfet sataraq pul qazanmağa çalışan uşaqların vəziyyətini təhsildən yayınma kimi qiymətləndirmək olar. Təhsildən yayınmaqla bağlı, ümumiyyətlə valideynlərin məktəb yaşına çatmayan şagirdləri məktəbdən yayındırmağı ilə bağlı bilirsiniz ki, konkret cinayət məsuliyyəti var. Hər bir valideyn, bütövlükdə dövlət uşaqların icbari təhsilə cəlb olunmasına cavabdehdir və bizim konstitusiyamızda əks olunduğu kimi, dövlət hər bir uşağın icbari təhsil almasına birbaşa cavabdehdir. Küçələrdə dərsdən yayınıb əlavə fəaliyyətlə məşğul olan uşaqlar təkcə Azərbaycanda deyil, bu cür uşaqları Amerikada, Avropada, inkişaf etmiş və ya etməmiş ölkələrdə də görə bilərsiniz. Əlbəttə ki, bütün bunlar yolverilməzdir, bizim cinayət məcəlləmizdə bununla bağlı konkret cəza müəyyənləşdirilmiş bir fəaliyyətdir. Təəsüf edirəm ki, biz də küçələrdə məktəb yaşlı uşaqların pul qazanmaq üçün çalışmaları ilə rastlaşırıq. Bir çox hallarda onlar ailələrinin maddi vəziyyətinin pis durumda olmasını əsas gətirərək bu fəaliyyətlə məşğul olmağa məcbur olduqlarını qeyd edirlər, bir çox hallarda burada sui-istifadə faktları da var. Amma aidiyyəti qurumlar, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, eyni zamanda, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsi var ki, onlar münasibətlərini elə qurmalıdırlar ki, bu kimi hallar baş verməsin və qarşısı alınsın. Ölkəmizdə statistika, müvafiq komissiyalar var ki, neçə məktəb yaşlı uşağın, məktəblərdə neçə şagirdin olmasını təyin etmək o qədər də çətin deyil. Bu baxımdan da hesab edirəm ki, bir qədər də məsuliyyət nümayiş etdirmək, maarifləndirmə işləri təşkil etmək lazımdır. Həmçinin, qanun öz sözünü deməlidir, bəzən maarifləndirmə o qədər də effekt vermir. Valideyn məsuliyyətsizliyinə qarşı mübarizə gücləndirilirməlidir. Hər bir uşaq bizim gələcəyimizdir. Məktəb rəhbərlərlikləri bu məsələ ilə bağlı ciddi işlər ortaya qoymalıdır, şagirdlərin məktəbdən yayınması ilə bağlı aidiyyəti qurumlara, mühafizə orqanlarına müraciət etməlidir. Ümumiyyətlə qanunla Azərbaycanda 16 yaşdan aşağı şəxslərin əmək fəaliyyəti ilə məşğul olmasına yol verilmir. Burada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var, Əmək Müfəttişliyi var. Yəni, nə mümkündürsə, bu qeyd olunan mənfi hallarla mübarizədə, dövlətin aidiyyəti strukturları var və o strukturlara dərhal məlumat verilməlidir, onların qarşısı alınmalıdır. Bizim birinci məqsədimiz ondan ibarət olmalıdır ki, heç bir şagird təhsilsiz qalmasın. Mən düşünürəm ki, bu məsələlərin həllində ictimai qınaq da böyük rol oynayır. Məsələn, maşın şüşəsi silən hər bir uşağa 20 qəpik verməklə, onlara dəstək olmuş oluruq. Ən azından həmin uşaqla söhbət edə bilərik, qınaya bilərik, onu məktəbə getməyə təhrik edə bilərik. Bu alınmadıqda isə, aidiyyəti qurumlara məlumat verməliyik. Təhsildən yayınmış bir uşaq düşünməlidir ki, o bizim ölkəmizin gələcəyidir. Əgər hələ də küçələrdə təhsildən yayınmış uşaqlarla rastlaşırıqsa, deməli bu sahədə müəyyən boşluqlar var və  məsələ ilə bağlı bütün qurumlar kompleksli şəkildə birlikdə çalışmalıdır".

Röyalə Xəyal

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31